Azərbaycanın müstəqil dövlət kimi bölgədə və dünyada layiqli yerini tutması məhz görkəmli dövlət xadimi, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə əvəzedilməz işlər görmüş Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. XX əsr Azərbaycan tarixinin fenomen şəxsiyyəti olan ulu öndər xalqımızı can atdığı müstəqillik idealına qovuşdurmuş, mütərəqqi tarixi ənənə əsasında yeni dövlətçilik konsepsiyasını irəli sürmüşdür. Buna görə də O, Azərbaycan xalqının və dövlətinin milli mənafeyini hər şeydən uca tutan, onu ümumi məqsədlər naminə səfərbər etməyi bacaran bir rəhbər kimi hələ sağlığında xalqımızın qəlbində əbədi yaşamaq hüququ qazanmışdır.
Görkəmli dövlət xadimi Heydər Əliyevin təşəbbüsü ilə sovet dövründə xalqımızın milli mənlik şüurunun inkişafına güclü təkan verən tədbirlər həyata keçirilmişdir. Sovet ideologiyasının hakim kəsildiyi bir zamanda böyük dövlət xadimi Azərbaycanın milli inkişaf konsepsiyasını önə çəkmiş, 1969-cu ildə Azərbaycan KP MK-nın plenumunda ana dilində çıxış etməklə dilimizi, tarixi irsimizi yaşatmağın zəruriliyini böyük müdrikliklə göstərmişdi. 1978-ci ildə Azərbaycan SSR-in Konstitusiya layihəsi qəbul edilərkən ulu öndərin Azərbaycan dilinin bu ali sənəddə dövlət dili kimi təsbit olunması və qorunub saxlanılması sahəsində atdığı addım o dövrdə böyük cəsarət tələb edirdi. Sözün əsl mənasında, o illərdə Azərbaycan xalqı başqa mədəniyyətlərin təsirinə düşməkdən xilas olmuş, milli dəyərlərimiz özümüzə qaytarılmışdır.
Ulu öndər Heydər Əliyevin Azərbaycanın rəhbəri seçilməsindən sonra xalq təsərrüfatının bütün sahələrində sürətli inkişafa nail olunmuşdur. 1969-1982-ci illərdə Azərbaycanın sovet respublikaları içərisində öncül yerə keçməsi çox böyük bir hadisə idi. O dövrdə Azərbaycanda insanların dövlətçilik şüurunun möhkəmləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Azərbaycan qısa zamanda ittifaq miqyasında iqtisadi baxımdan özünü təmin etməyə qadir olan respublikalar sırasına daxil olmuşdur. 1969-cu ildən sonra ölkəmizdə böyük quruculuq işləri həyata keçirilmiş, müasir Azərbaycan memarlığının əsərləri sayılan və respublikanın siyasi və mədəni həyatında böyük əhəmiyyəti olan neçə-neçə binalar tikilib istifadəyə verilmişdir. Ümummilli liderimizin mədəniyyətimizə, tariximizə dərin ehtiramının nəticəsi olaraq Azərbaycan dövləti və xalqı qarşısında xidmətləri olan insanların əzəmətli heykəlləri ucaldılmış, tarixi şəxsiyyətlərin ev-muzeyləri yaradılmışdır.
Xalqımızın böyük oğlunun Azərbaycanın sabahını düşünərək uzaqgörənliklə atdığı addımlardan biri də azərbaycanlı gənclərin gələcəyin müstəqil ölkəsi üçün gərəkli ixtisaslara yiyələnməkdən ötrü keçmiş Sovet İttifaqının nüfuzlu ali məktəblərinə göndərmək təcrübəsi kimi dəyərli təhsil ənənəsinin əsasını qoyması idi. Bu yolla Azərbaycanımızın elmi və kadr potensialı yüksəldiyi kimi, xalqımızın milli-mənəvi dəyərlərinin təbliği də həyata keçirilirdi. Çox keçmədən ulu öndərin təşəbbüsü və şəxsi himayəsi altında Cəmşid Naxçıvanski adına hərbi təmayüllü məktəb fəaliyyətə başladı. Tezliklə bu məktəb böyük şöhrət qazandı. Gənclər həvəslə burada oxumağa gəlir, sonra təhsillərini keçmiş SSRİ-nin müxtəlif ali hərbi məktəblərində davam etdirirdilər.
Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrü ölkəmizdə ictimai-siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrində möhtəşəm quruculuq dövrü olmuşdur. Müasir müstəqil Azərbaycan dövləti məhz ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətinin birinci dövründə – 1969-1982-ci illərdə yaradılmış təməl üzərində qurulmuşdur. Ümummilli liderimiz 2001-ci il, yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciətində bu barədə deyirdi: “Azərbaycanın müasir tarixində 1969-cu ildə dönüş mərhələsinin təməli qoyuldu. Respublikanın dinamik inkişafı üçün kompleks proqramların işlənib hazırlanmasında yorulmaz fəaliyyət, misilsiz təşəbbüskarlıq və nəhəng enerji bütün 70-ci illərin bariz əlamətinə çevrildi. 1970-1985-ci illər Azərbaycanın quruculuq salnaməsinə ən parlaq səhifələr kimi daxil olmuşdur. Bu gün tam əminliklə söyləmək olar ki, Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, sistemli şəkildə artan xarici iqtisadi əlaqələri, dünya iqtisadiyyatına get-gedə daha dərindən inteqrasiya olunması hələ 1970-1985-ci illərdə təməli qoyulmuş xalq təsərrüfatı potensialına əsaslanır... SSRİ dövlətinin dağılması ərəfəsində bir çox mütəxəssislər hansı müttəfiq respublikaların iqtisadiyyatının müstəqillik şəraitində özünü təmin etməyə qadir olduğunu müəyyən etməyə cəhd göstərdilər. Aparılan təhlillər göstərirdi ki, keçmiş SSRİ-də cəmi 2 respublika tam müstəqil olaraq öz iqtisadiyyatını idarə edə bilər. Bu respublikalardan biri məhz Azərbaycan idi”.
1982-1987-ci illərdə, SSRİ kimi nəhəng bir dövlətin rəhbərlərindən biri olanda da ulu öndərimiz daim Azərbaycan haqqında düşünmüş, ölkəmizin gələcəyi üçün mühüm tədbirlər həyata keçirmişdir.
Sovetlər Birliyi dövründə ümummilli liderimizin Azərbaycan naminə həyata keçirdiyi müdrik siyasətə diqqət çəkən ölkə Prezidenti cənab İlham Əliyev demişdir: “SSRİ dönəmində Azərbaycanın iqtisadiyyatının, elm və mədəniyyətinin inkişafına, milli kadrların yetişdirilməsinə böyük səylər qoyan Heydər Əliyev nə vaxtsa ölkəmizin müstəqil olacağına inanırdı. Təbii ki, o zamanlar bütün bu işlər görülməsəydi, müstəqil dövlət quruculuğu vəzifəsinin həyata keçirilməsi çox ciddi çətinliklərlə qarşılaşardı”.
Azərbaycanın xilası ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizin ağır, çətin dövründə, 1990-cı il iyul ayının 20-də Moskvadan Bakıya qayıdan, lakin burada – vaxtilə qurub-yaratdığı şəhərdə qalmaq, ağır fəlakət anında xalqı ilə bir yerdə olmaq imkanı verilməyən ümummilli liderimiz iki gün sonra, iyulun 22-də doğma Naxçıvana qayıtmış və buradan bütün Azərbaycanın qurtuluş mübarizəsinə rəhbərlik etmişdir. 1990-1993-cü illərdə, ölkəmizin ağır dövründə Naxçıvan Muxtar Respublikasında ulu öndərimizin rəhbərliyi ilə tarixi qərarlar qəbul edilmiş, muxtar respublikanın erməni təcavüzündən xilas olunması, böhranlı vəziyyətdən çıxarılması üçün ardıcıl tədbirlər görülmüşdür. Üçrəngli bayrağımızın ilk dəfə olaraq 1990-cı il noyabrın 17-də ulu öndərin sədrliyi ilə keçirilən Naxçıvan parlamentinin iclasında qaldırılması, Naxçıvan Muxtar Respublikasının adından “Sovet Sosialist” sözlərinin çıxarılması, SSRİ-nin qorunub saxlanması ilə bağlı keçirilən referendumda Naxçıvan Muxtar Respublikasının iştirak etməməsi, aqrar islahatların keçirilməsi, Azərbaycanda ilk milli ordu quruculuğuna Naxçıvan Muxtar Respublikasından başlanılması müstəqil dövlətçilik yolunda atılan ilk addımlar idi.
1990-1993-cü illərdə Naxçıvanın siyasi, mədəni, mənəvi və iqtisadi mühitindən ümummilli liderimizin quruculuq fəaliyyəti qırmızı xətlə keçir. Bu dövrün Naxçıvanı yenidən 1969-cu ildən başlanan Heydər Əliyev quruculuq xəttinə, inkişafın, tərəqqinin Heydər Əliyev yoluna qayıdan ilk region idi. Ümummilli liderimizin siyasi fəaliyyətinin Naxçıvan dövrü dövlətçilik təcrübəsində xalq-lider birliyinin bariz təzahürü idi.
Müstəqilliyin ilk illərində hakimiyyətə yiyələnən qüvvələrin səriştəsizliyi ölkəmizi parçalanmaq, dövlətçiliyimizi itirilmək təhlükəsi qarşısında qoymuşdu. Hakimiyyət uğrunda çəkişmə Ermənistanla aparılan müharibəni də arxa plana keçirmişdi. Azərbaycan dövlətçiliyinə qənim kəsilən dairələrin fikrincə, xaotik proseslərin nəticəsi olaraq Azərbaycan parçalanmalı və nəticə etibarilə, iri dövlətlərdən asılı vəziyyətə düşməli idi. Amma onlar ən mühüm məqamı – Azərbaycan xalqının böyük inam bəslədiyi Heydər Əliyevin ətrafında birləşmək istəyini nəzərə almamışdılar. Xalq ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişini vəziyyətdən yeganə çıxış yolu kimi görürdü. Ümummilli liderimiz Heydər Əliyevə ünvanlanan müraciətlər maddi-mənəvi iztirablara məruz qalan bir xalqın, sadəcə, vəziyyətdən çıxış yolu deyildi. Bu həm də Azərbaycan dövlətçiliyinin yaşaması, hələ kövrək və yenə də itirilmək təhlükəsi qarşısında olan müstəqilliyimizin qorunması üçün qəbul edilən tarixi bir ümumxalq qərarı idi.
Ümummilli liderimizin 1993-cü ilin iyun ayında Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışı ilə xalqımızın itirilmiş inamı özünə qaytarılmış, ictimai-siyasi sabitliyin əsası qoyulmuşdur. Ulu öndər Heydər Əliyev həmin dövrdə deyirdi ki, “Bizim borcumuz bütün Azərbaycanın simasını dəyişdirməkdir. Azərbaycanı inkişaf etmiş, sivilizasiyalı, demokratik prinsiplərlə yaşayan bir dövlətə, cəmiyyətə çevirməkdir. Azərbaycan vətəndaşlarının gələcək həyatını azadlıq, demokratiya yolu ilə təmin etməkdir. Biz bu yolun yolçusuyuq. Bu yol xalq yoludur”.
Tarix də göstərdi ki, görkəmli dövlət xadiminin müəyyənləşdirdiyi yol düzgün yoldur. Belə ki, Azərbaycanın demokratik quruculuq və inkişaf yolu milli xüsusiyyətlər və xalqın mənəvi dəyərləri nəzərə alınmaqla həyata keçirilməyə başlandı, ölkədə siyasi və milli-ideoloji birliyin təməli qoyuldu, dövlətçilik ənənələri milli düşüncə tərzinə çevrildi. Bir sözlə, dövlət quruculuğu sahəsində nailiyyətlər, qanunların aliliyinə söykənən vətəndaş cəmiyyətinin qurulması və digər uğurlar ulu öndərin dövlətçilik konsepsiyasının mahiyyət etibarilə Azərbaycanın tarixi ənənələrini və müasir dünya dəyərlərini özündə birləşdirən yeni bir inkişaf modeli kimi özünü doğrultdu.
İnkişafın Azərbaycan modelinin müəllifi olan ümummilli lider özünün zəngin bilik və təcrübəsi əsasında Azərbaycanın yeni dövr üçün iqtisadi inkişaf prioritetlərini müəyyənləşdirmişdir. Demokratik inkişaf yolunu seçmiş bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da bazar iqtisadiyyatı prinsipləri – xüsusi mülkiyyətçilik, azad sahibkarlıq fəaliyyəti, özəlləşdirmə, qeyri-neft sektorunun inkişafı və sosial infrastrukturun yeniləşdirilməsi prioritet seçilmişdir. İqtisadi sahədə həyata keçirilən islahatların əsasında bazar iqtisadiyyatının formalaşdırılması yolu ilə ümumi daxili məhsul istehsalını artırmaq, qeyri-neft sektorunun sürətli inkişafını təmin etmək məqsədi dayanırdı. 1994-cü ildə dünyanın ən böyük və nüfuzlu neft şirkətləri ilə Azərbaycan Respublikası arasında Xəzərin karbohidrogen ehtiyatlarının hasilatına və nəqlinə dair bu gün görülən işlərin əsası kimi “Əsrin müqaviləsi” imzalanmışdır.
1993-cü ildən başlayaraq aqrar sektorun bazar iqtisadiyyatı prinsipləri əsasında yenidən qurulması, kolxoz və sovxozların ləğvi, həmin ictimai təsərrüfatlara məxsus torpaqların, mal-qaranın, texnikanın və başqa əmlakların əsl sahiblərinə qaytarılması kimi ciddi islahatların müəllifi də məhz ulu öndərimiz Heydər Əliyev olmuşdur. Aqrar sektorda səmərəli təsərrüfatçılığın, sahibkarlığın inkişafının təmin olunması məqsədilə kənd təsərrüfatı məhsulları istehsalçılarının əvvəlki vergi borcları silinmişdir. Bununla yanaşı, ulu öndərin təşəbbüsü ilə kənd təsərrüfatı məhsulları istehsalçıları cüzi torpaq vergisindən savayı qalan digər vergilərdən azad olunmuşlar. Bütün bunlar kənd adamının çoxəsrlik arzusunun reallaşması, onun torpağın əsl sahibinə çevrilməsi demək idi. Məhz həmin islahatların nəticəsidir ki, bu gün aqrar bölmədə özəl sektorun xüsusi çəkisi getdikcə artmaqdadır.
Ölkədə dövlət mülkiyyətinin özəlləşdirilməsinə başlanması da ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. İstər bu sahədə təkmil qanunvericilik bazasının yaradılması, istərsə də dövlət proqramlarının qəbulu ulu öndərin təşəbbüsü ilə reallaşmışdır. Təsərrüfat subyektləri üçün xüsusi mülkiyyət və sərbəst rəqabət prinsipləri əsasında özünü tənzimləyən bazar iqtisadiyyatı mühitinin yaradılması, iqtisadiyyatın strukturunun günün tələbləri səviyyəsində yenidən qurulması, iqtisadiyyata investisiyaların, o cümlədən xarici sərmayələrin cəlb edilməsi əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasında və sosial müdafiəsinin gücləndirilməsində mühüm rol oynamışdır.
Bu gün boylanıb dünənə baxanda düşünürük: xalqımız yaşadığımız o ağır günlərdə görkəmli dövlət xadiminin ətrafında sıx birləşməsəydi, bu gün Azərbaycan adlı bir ölkə də olmayacaqdı. Məhz ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf və yüksəliş yolu nəticəsində qısa müddətdə ölkə müstəqilliyin itirilməsi təhlükəsindən xilas olmuş, dövlət çevrilişi cəhdlərinin qarşısı alınmış, bütün sahələrdə dinamik inkişafa səbəb olan mühüm islahatlar, o cümlədən gələcəyə hesablanmış neft strategiyası həyata keçirilmişdir.
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və ciddi elmi əsaslara söykənən sosial-iqtisadi siyasət strategiyası sonrakı illərdə ulu öndərimizin layiqli davamçısı, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilmiş, respublikamız bütün sahələrdə uğurlu inkişaf yoluna çıxmış və bu yolla inamla daha xoş sabahlara doğru irəliləyir.
Ulu öndərimizin müəyyənləşdirdiyi sosial-iqtisadi strategiya, quruculuq xətti bu gün ölkəmizin ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızda da layiqincə davam etdirilir. Bu səbəbdəndir ki, qədim diyarımız on illərə bərabər inkişaf yolu keçərək müasirliyə qovuşmuşdur. Həyatın bütün sahələrində böyük uğurlar qazanılmışdır. Bu uğurların təməlində Heydər Əliyev yoluna böyük inam, Heydər Əliyev ideyalarına sədaqət dayanır.
Ulu öndərin əbədiyyətə qovuşmasından ötən 12 illik zaman kəsiyi bizə bu fenomen şəxsiyyətin milli dövlətçilik tariximizdəki yerini və rolunu daha dolğun dəyərləndirmək imkanı verir. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr bütövlükdə xalqın azadlıq, müstəqillik arzularının gerçəkləşməsinə real hüquqi, siyasi və iqtisadi əsasların yaradılması, bu möhkəm baza üzərində qazanılmış dövlət müstəqilliyinin möhkəmləndirilməsi, milli-mənəvi yüksəlişə nail olunması kimi iftixar doğuran şanlı epoxanı əhatə edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri hörmətli Vasif Talıbovun dediyi kimi: “Bu gün ölkəmizin və muxtar respublikamızın sosial-iqtisadi, elmi və mədəni həyatında gedən proseslərin kökündə fəal yaradıcı gücə malik olan Heydər Əliyev milli dövlətçilik konsepsiyası, inkişafın Heydər Əliyev modeli dayanır. Gecəli-gündüzlü fədakar əməyi ilə müstəqil Azərbaycan dövlətini yaradan, Azərbaycanı öz həyatının mənası bilən ulu öndərimizin xalqımız qarşısında xidmətləri unudulmazdır. Özündən sonra qüdrətli Azərbaycan adlı möhtəşəm abidə qoyub gedən ümummilli liderimizin adı, siyasi və dövlətçilik fəaliyyəti müstəqil Azərbaycanla birgə yaşayır və yaşayacaqdır!”
“Şərq qapısı”