Muxtar respublikamızda gənclərlə iş, gənclərin Vətənə sevgi ruhunda böyüdülməsi, gənclər üçün vətənpərvərlik ruhlu teatr tamaşalarının təqdim olunması daim diqqət mərkəzində saxlanılır. Vətənə, millətə və dövlətə sevgi, ehtiram, bu dəyərlərə hörmətlə yanaşma, eləcə də bunların yeni nəslə çatdırılması və aşılanması mühüm əhəmiyyət daşıyır.
Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun təşkilatçılığı ilə Heydər Əliyev adına Hərbi Liseyin kursantları Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında İftixar Piriyevin “Qurtuluş dastanı” epik tarixi dramı əsasında hazırlanmış eyniadlı tamaşaya baxıblar. Əsər ulu öndər Heydər Əliyevin ömür yoluna və çoxşaxəli fəaliyyətinə həsr olunub.
Ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu qurtuluş siyasəti bu gün Azərbaycanı sürətli inkişaf yoluna çıxarıb. Ölkəmizin bütün bölgələrində, eləcə də onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasında əldə olunan inkişaf, qazanılan nailiyyətlər Milli Qurtuluşdan başlanan yolun davamı, eləcə də ulu öndər Heydər Əliyev siyasətinə sədaqətin bəhrəsidir. Bu gün muxtar respublikada bütün sahələr inkişaf etdirilir. Bu tərəqqini qələmə almaq, onun bədii ifadəsini yaratmaq isə böyük məsuliyyət tələb edir.
İkihissəli epik tarixi dramda ümummilli liderimizin bədii obrazının səhnə təcəssümü öz ifadəsini uğurla tapıb.
Tamaşanı 300-dən çox kursant izləyib. Kursantlar üçün vətənpərvərlik ruhlu tamaşaların təqdim olunması bundan sonra da davam etdiriləcəkdir.
Xəbərlər şöbəsi