24 Dekabr 2024, Çərşənbə axşamı

 Muxtar respublikada ötən ayın yekunlarını məhz belə ifadə etmək olar 

Ötən ay muxtar respublikamızın ictimai-siyasi həyatında mühüm bir hadisə – beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilərlə yadda qaldı. Sürətli inkişaf, quruculuq və müasirləşmə siyasətinin həyata keçirildiyi, əhalinin rifahının yüksəldiyi, dayanıqlı sabitliyin mövcud olduğu muxtar respublikamızda siyasi ab-hava bu seçkilərdə də seçicilərin böyük fəallıq nümayiş etdirəcəyinə əminlik yaradırdı. Belə də oldu. 

Seçici siyahılarına daxil edilmiş 268 min 463 nəfərdən 205 min 166 nəfəri, yəni 76,4 faizi seçkidə iştirak etmiş, muxtar respublika əhalisi bir daha ulu öndərimizin siyasi xəttini uğurla davam etdirən Yeni Azərbaycan Partiyasının namizədlərinə səs vermişdir. Seçkilər qədim Naxçıvanın əhalisinin Heydər Əliyev yoluna sədaqətinin daha bir ifadəsi olmuşdur.
Noyabrın 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan şəhərindəki 4-15 saylı seçki məntəqəsində Azərbaycan Respublikasının Milli Məclisinə, həmin binada yerləşən 29-1 saylı seçki məntəqəsində isə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə keçirilən seçkilərdə səs vermişdir.

Noyabrın 17-də – Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günündə daha bir əlamətdar və taleyüklü hadisənin şahidi olduq. Həmin gün beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası keçirildi. Sessiyada qəbul olunan qərarlar muxtar respublika seçicilərinin birgə mövqeyi, köklü ictimai sifarişlə həmahəng olan zamanın diktəsi idi.
Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasında çıxış edən muxtar respublika Ali Məclisinin Sədri demişdir: “Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında əldə olunmuş bütün nailiyyətlərin əsasında ümummilli liderimiz Heydər Əliyevin inkişaf konsepsiyası dayanır. Müstəqil ölkəmizin hər bir guşəsində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da bu konsepsiyanın bəhrələri göz qabağındadır. Ötən illərin təcrübəsi bir daha göstərdi ki, heç bir qüvvə, kənar təsir Azərbaycanı Heydər Əliyev yolundan döndərə bilməz. Ümummilli liderimizin adı və əməlləri müstəqil Azərbaycanda bu gün olduğu kimi, gələcəkdə də yaşayacaqdır.
Noyabr ayının 1-də Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə keçirilən seçkilər xalqımızın Heydər Əliyev yoluna sədaqətinin daha bir ifadəsi oldu”.
Bu gün muxtar respublikanın hər bir sakini əmindir ki, qədim diyarımızda milli-mənəvi, ideoloji dəyərlərimizin yaşadılması, mədəni, elmi, etnokulturoloji, eləcə də yaradıcılıq sahələrində irəliləyişlərin əldə olunması bundan sonra da təmin olunacaq, iqtisadi-sosial tərəqqi yeni mərhələdə davam etdiriləcəkdir.
Sürətlə qloballaşan müasir dünyada ölkənin inkişafını təmin etmək, sərhədləri düşmən təcavüzündən qorumaq nə qədər vacibdirsə, milli-mənəvi dəyərlərimizin, necə deyərlər, sərhədlərini də yad və zərərli təsirlərdən, ideologiyalardan qorumaq bir o qədər zəruridir. Yəni güclü ordu, siyasi iradə və dayanıqlı iqtisadi inkişafla yanaşı, Azərbaycan dövlətçiliyinin, onun milli təhlükəsizliyinin dayaqlarından biri də sağlam milli mənəviyyat amilidir. Milli-mənəvi dəyərlərin qorunması isə özlüyündə milli ideologiyanın, milli mənəviyyatın formalaşmasında, yaşamasında əsaslı rol oynayır. Milli mənəviyyata malik olan şəxs ölkəsinin fəal vətəndaşı olur, milli dövlətçilik məsuliyyətini daşıyır, dini inancından, ictimai-siyasi mövqeyindən, həyata baxış və maraqlarından asılı olmayaraq, dövlətinə, xalqına, ölkəmizin müstəqillik və inkişaf siyasətinə, milli əxlaqımıza hər zaman sadiqlik nümayiş etdirir, dilimizə, adət-ənənələrimizə, ailə və məişət dəyərlərimizə bağlı olur.
“Gələcək uğurlara təminat xalqın milli dəyərlərini gənc nəslə aşılamaqdan başlayır”, – deyən ümummilli liderimiz Heydər Əliyevin bu istiqamətdə həyata keçirdiyi siyasətə daim sadiq qalan Naxçıvan Muxtar Respublikasında milli-mənəvi dəyərlərin yaşadılmasına göstərilən nümunəvi diqqətin əsasında da məhz qeyd etdiyimiz məsələlər dayanır. 2012-ci ilin muxtar respublikada “Milli dəyərlər ili” elan edilməsi bu mənada təsadüfi deyil. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il fevralın 7-də imzaladığı Sərəncama əsasən, muxtar respublikada xalq yaradıcılığı günlərinin keçirilməsi isə milli-mənəvi dəyərlərimizin yaşadılması baxımından xüsusi əhəmiyyətə malikdir. Bu il oktyabrın 5-də qadınların əl işlərindən ibarət növbəti sərginin, noyabrın 4-də isə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində xalq yaradıcılığı sərgisinin keçirilməsi milli dəyərlərimizi, adət-ənənələrimizi, Naxçıvanın qədim tarixini yaşatmaq baxımından mühüm əhəmiyyət kəsb edir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri xalq yaradıcılığı sərgisinin açılış tədbirindəki çıxışında demişdir: “Azərbaycanda ikinci dəfə ali hakimiyyətə qayıdan ulu öndərimiz ötən əsrin 70-ci illərindən başlayaraq xalq yaradıcı­lığının himayə olunması siyasətini daha geniş miqyasda davam etdirmişdir. Dahi şəxsiyyət bu sahədə görülən işləri ümummilli ideologiyada – Azərbaycançılıqda birləşdirmiş, Azərbaycançılığı və milli dövlətçiliyi ən yüksək milli dəyər kimi qiymətləndirərək demişdir: “Azərbaycançılıq – öz milli mənsubiyyətini qoruyub saxlamaq, milli dəyərlərini və dövlətçiliyini qoruyub saxlamaq deməkdir”.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də milli ruhu qorumağın, inkişaf etdirməyin və gələcək nəsillərə çatdırmağın əsas şərtini milli dövlətçilikdə görərək qeyd etmişdir ki: “Güclü iqtisadiyyat yaratmaq olar, bölgədə güclü mövqelərə malik olmaq olar, ancaq milli dəyərlər olmadan heç bir ölkə, heç bir xalq inkişaf edə bilməz. Bizim üstünlüyümüz ondan ibarətdir ki, gənc və güclü dövlətimiz möhkəm təməl üzərində qurulub. Çoxəsrlik tarix, mədəniyyət üzərində qurulub”.
Muxtar respublikada milli dəyərlərimizin öyrənilməsi, yaşadılması və təbliğində əməyi olanlar həmişə dövlətimizin diqqət və qayğısı ilə əhatə olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il noyabrın 3-də imzaladığı Sərəncama əsasən, xalq yaradıcılığının inkişafındakı səmərəli fəaliyyətlərinə görə 8 nəfər “Rəşadətli əməyə görə” nişanı ilə təltif edilmişdir.
Naxçıvanın bugünkü inkişafında pay sahibi olanlar da diqqətdən kənarda qalmır. Noyabrın 12-də – Konstitusiya Günündə Naxçıvan Muxtar Respublikası Ali Məclisində Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün, “Dövlət qulluğunda fərqlənməyə görə” və “Tərəqqi” medallarının, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarının döş nişanlarının təqdimat mərasimi keçirilmişdir. Ali Məclisin Sədri təltif olunanları təbrik etmiş, fəxri adların döş nişanlarını və vəsiqələrini təqdim etmişdir.
Bu gün muxtar respublikamızda ordu quruculuğu, onun döyüş və peşəkarlıq səviyyəsinin artırılması istiqamətində ümummilli liderimiz Heydər Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü siyasət uğurla davam etdirilir. Naxçıvanın etibarlı müdafiəsi üçün bütün zəruri tədbirlər görülür. Sərhədlərimizin toxunulmazlığını, torpaqlarımızın müdafiəsini təşkil edən qoşun birləşmələri müasir silah və texnikalarla təchiz edilmişdir. Bu gün artıq Əlahiddə Ümumqoşun Ordu həm peşəkarlıq, həm də maddi-texniki bazasının üstünlüyü baxımından düşmənə gözdağıdır. Təmas xətti boyu mövqelərini gücləndirən Əlahiddə Ümumqoşun Ordunun ucqar və çətin dağlıq şəraitində yerləşən hissə və bölmələrində möhkəm müdafiə potensialı yaradılmışdır. Uca dağ silsilələrinin əhatəsində yerləşən Soyuq bölgəsi də Naxçıvanın əsas müdafiə istehkamına və alınmaz qalasına çevrilmişdir.
Muxtar respublikamızda ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər istər hakim yüksəkliklərdə, istərsə də daimi yaşayış məntəqələrinə yaxın ərazilərdə eyni səviyyədə aparılır. Müasir yaşayış və xidmət şəraiti hər bir əsgər və zabitin döyüş ruhunu daha da artırır. Digər hərbi obyektlər kimi, bu gün dəniz səviyyəsindən 3 min metr yüksəklikdə yerləşən Soyuq bölgəsində də əsgər və zabitlərin məişət şəraiti xeyli yaxşılaşdırılmışdır. Noyabrın 5-də Soyuq bölgəsində yerləşən hərbi hissə üçün yeni əsgəri yaşayış kompleksi istifadəyə verilmişdir. Çətin dağlıq şəraitində müasir əsgəri yaşayış kompleksinin istifadəyə verilməsi xalq-ordu birliyinin, əsgər və zabitlərə göstərilən qayğının daha bir ifadəsidir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Soyuq bölgəsinə gəlmiş, əsgəri yaşayış kompleksinin açılışında iştirak etmişdir.
Hərbi hissənin əhatə etdiyi postlarda əsgər və zabitlərlə görüşən, xidmətin təşkili ilə maraqlanan Ali Məclisin Sədri müşahidə məntəqəsində mövqelərimizin vəziyyəti ilə də tanış olmuşdur. Ali Məclisin Sədri Soyuq döyüş bölgəsində müdafiənin təşkili sahəsində həyata keçirilən tədbirlərin davam etdirilməsinin vacibliyini bildirmiş, ərazidə müdafiə mövqeyinin möhkəmləndirilməsi və şəxsi heyətin xidməti döyüş fəaliyyətinin yüksəldilməsi barədə tapşırıqlar vermişdir.
Naxçıvanın sosial-iqtisadi inkişafı və həyata keçirilən uğurlu quruculuq siyasəti sayəsində diyarımızın şəhər və kəndləri abadlaşmış, buradakı bir sıra problemlər öz həllini tapmışdır. Yaşayış məntəqələrində müasir təhsil, səhiyyə, mədəniyyət müəssisələri, inzibati binalar tikilib istifadəyə verilir, yollar yenidən qurulur, yeni iş yerləri açılır. İnkişaf və yüksəliş muxtar respublikanın hər bir bölgəsində aydın hiss olunur. Əhalinin rifahının yaxşılaşdırılmasına xidmət edən bu tədbirlər Culfa və Ordubad rayonlarında da uğurla davam etdirilir. Bu il həmin rayonların Qızılca və Gilançay kənd­lərində geniş tikinti-quruculuq işləri aparılmışdır.
Muxtar respublikada yol infra­strukturunun müasirləşdirilməsi tədbirləri adıçəkilən kəndləri də əhatə etmişdir. Bu gün yolu abad olan həmin kəndlərdə yeni sosial obyektlər tikilmişdir. Noyabrın 10-da Qızılcada, noyabrın 23-də isə Gilançayda kənd avtomobil yolunun, tam orta məktəb binalarının, kənd və xidmət mərkəzlərinin açılışı olmuşdur. Aparılan quruculuq işləri, tikilən yeni binalar, çəkilən müasir yol bu kənd­lərin sakinlərinə dövlətimizin ən böyük diqqətinin və qayğısının ifadəsidir. Artıq insanlar bu kəndlərdə rahat yaşayacaq, heç bir kommunal problemlərlə qarşılaşmayacaqlar. Kənd­lərdə, sözün həqiqi mənasında, şəhər rahatlığı yaradılmışdır. Bu işlər isə muxtar respublikamızda ümummilli lider Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsi hesabına mümkün olmuşdur.
Naxçıvanda yol-nəqliyyat infra­strukturunun yenidən qurulması, müasir xidmət imkanlarına malik avtovağzalların, iritutumlu və rahat avtobusların istifadəyə verilməsi daxili və beynəlxalq sərnişindaşıma xidmətinin səviyyəsini yüksəltmişdir. Son illər 51 ədəd müasir avtobusun alınaraq həm daxili, həm də beynəlxalq marşrutlarda istifadəyə verilməsi sərnişinlərin rahatlığını təmin etmiş, onlara göstərilən xidmətin səviyyəsi artmışdır. Bu tədbirlərin davamı olaraq, noyabrın 14-də Naxçıvan Şəhər Nəqliyyat İdarəsinə beynəlxalq sərnişindaşımaların həyata keçirilməsi üçün 2 ədəd “MAN Neoplan” markalı iritutumlu avtobus təqdim olunmuşdur.
Mübarizlik və yenilməzlik ruhu sayəsində tarixin bütün dönəmlərində qədim Naxçıvanın timsalında Azərbaycan dövlətçiliyi öz kökləri ilə keçmişinə bağlı olmuş, tarixi ilə birgə yaşamağı, keçmişi ilə bu gününün vəhdətini yaratmağı bacarmışdır. Ulu öndərimiz Heydər Əliyev böyük uzaqgörənliklə milli dövlətçilik ənənələrimizin öyrənilməsində Azərbaycan tarixinin, o cümlədən Naxçıvan xanlığının tarixinin yenidən tədqiq edilib dəyərləndirilməsini mühüm vəzifə kimi qarşıya qoymuşdur. Son illərdə Azərbaycan xanlıqları içərisində nisbətən daha çox tədqiq olunan Naxçıvan xanlığına dair yeni kitabların, orijinal tədqiqat materiallarının meydana çıxması milli dövlətçiliyin öyrənilməsi, təbliğ edilməsi baxımından mühüm rola malikdir. Bütün bu əhəmiyyətli işlərlə yanaşı, Naxçıvan xanlığının bayraqlarının 187 il sonra Naxçıvana qaytarılması və təqdimat mərasiminin keçirilməsi tarixi hadisədir.
Həmin bayraqların aşkar olunması ilə birlikdə çox əhəmiyyətli bir tarixi həqiqət də məlum olmuşdur. Noyabrın 16-da Naxçıvan şəhərindəki Dövlət Bayrağı Muzeyində Naxçıvan xanlığının dövlət və döyüş bayraqlarının təqdimat mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri demişdir: “Təsadüfi deyil ki, ilk dəfə dövlət bayrağı üzərində təsvir olunan bu inanclar və dövlətçilik simvolları üstündən yüz il keçəndən sonra ikinci dəfə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağında bir daha öz əksini tapmışdır. Ötən əsrin əvvəllərində Azərbaycanda Sovet hakimiyyəti bərqərar olunduqdan sonra endirilən üçrəngli, ay-ulduzlu bayrağımızı həmin əsrin sonunda Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisində qaldırmış, ona dövlət müstəqilliyinin simvolu kimi çox yüksək status vermişdir!”
Naxçıvan Muxtar Respublikasında dövlət atributlarına hörmət və ehtiram keçmişdə də, bu gün də yüksək səviyyədədir. Bu gün şanlı Azərbaycan bayrağı muxtar respublikanın paytaxtı Naxçıvan şəhərinin ən yüksək zirvəsində əzəmətlə dalğalanır. Muxtar respublikanın rayon mərkəzlərində də Dövlət Bayrağımız ən görkəmli yerlərdə qərar tutmuşdur.
Noyabrın 18-də Şahbuz şəhərində Bayraq Meydanı istifadəyə verilmişdir.
Naxçıvanda mədəniyyətimiz, incəsənətimiz tarixinin çiçəklənmə dövrünü yaşayır. Göstərilən diqqət və qayğı nəticəsində bu sahədə əhəmiyyətli nailiyyətlər əldə olunmuşdur. Bu çərçivədə ümummilli liderimizin himayəsi ilə 1975-ci ildən fəaliyyətə başlayan Naxçıvan Musiqi Kolleci də ötən 40 ildə böyük yol keçmişdir. Kolleci bitirən 3 minə yaxın məzun bu gün mədəniyyət müəssisələrində, uşaq musiqi məktəblərində çalışaraq Azərbaycan musiqi mədəniyyətinin inkişafına öz töhfələrini verirlər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2015-ci il martın 29-da “Naxçıvan Musiqi Kollecinin 40 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalamış və yubileylə bağlı Tədbirlər Planını təsdiq etmişdir. Tədbirlər Planına əsasən, Naxçıvan Musiqi Kollecinin binasında yenidənqurma işləri aparılmışdır. Noyabrın 27-də Naxçıvan Musiqi Kollecinin binası istifadəyə verilmişdir.
Həmin gün Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Musiqi Kollecinin 40 illiyi ilə əlaqədar tədbir keçirilmişdir.
Ötən ay muxtar respublikamızın ictimai-siyasi, sosial həyatında o qədər əlamətdar hadisələrlə yadda qalmışdır ki, bunu bir məqalə ilə oxucularımızın diqqətinə çatdırmaq mümkün deyil. Bütün bunlar sosial-iqtisadi, həmçinin demokratik inkişafın, mədəniyyətin yüksəlişinin yeni mərhələdə davam etdirilməsinin, bu sahələrdə qazanılan çoxsaylı uğurların nəticəsidir. Bir ölkənin, diyarın gələcəyi isə onun köklərinə bağlılığı, dahilərinə, tarixi şəxsiyyətlərinə hörmət və ehtiramı, gələcəyə inamı və birliyi ilə birbaşa bağlıdır. Bu mənada Naxçıvan keçmişə hörmətlə, bu günümüzə diqqətlə, gələcəyə inamla daha böyük uğurlara doğru irəliləyir.

Rauf Əliyev

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR