24 Dekabr 2024, Çərşənbə axşamı

Culfa rayonunun Qızılca kəndi bu gün müasir Naxçıvanın inkişaf modelini özündə əks etdirən yaşayış məntəqələrindən biridir. Burada olduğum bir-iki saat ərzində kənddən və onun insanları ilə söhbətlərdən aldığım təəssüratları nə dərəcədə oxucularımıza çatdıracağam, bunu  deyə bilmərəm. Bildiyim odur ki, yurda bağlılıq, insana qayğı olan yerdə belə təəssüratların istənilən qədər zəngin olması təbiidir və bu təəssüratları muxtar respublikanın bütün bölgələrində hər il dəfələrlə yaşamışam. Qızılcada gördüklərim isə yadıma ümummilli liderimizin sözlərini saldı: “İstəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım, arzularım yerinə yetirilsin”. Bu gün ulu öndərin planlarının, arzularının yerinə yetirildiyini bu qədim torpağın istənilən ünvanında görmək olar. 

Muxtar respublikada yaradılan şərait insanların məskunlaşmasını və məşğulluğunu tam təmin edib. Artıq kənddən şəhərə və ya muxtar respublikadan kənara getmək fikrində olanlar yoxdur. Hamı üçün öz doğma torpağında qurub-yaratmaq, məhsul bolluğuna nail olmaq üçün geniş imkanlar mövcuddur.

Hər il sahibkarlara, torpaq mülkiyyətçilərinə güzəştli şərtlərlə kreditlər verilir. Əgər dünən torpaqlarımızın bir hissəsi əkilməmiş qalırdısa, bu gün həyata keçirilən məqsədyönlü tədbirlər insanları bu qiymətli sərvətlərdən səmərəli istifadə etməyə ruhlandırıb. Bu isə muxtar respublikada yerli istehsal məhsullarının bolluğunu yaradıb. Daxili bazarda bolluq həm də süfrələrimizin bolluğu olmaqla, muxtar respublikaya kənardan gətirilən məhsullara tələbatı azaldıb.

* * *

Qızılca kəndi rayon mərkəzindən 22 kilometr məsafədə yerləşir. Bu yaşayış məntəqəsində noyabr ayının 10-da kənd avtomobil yolunun, məktəb binasının, kənd və xidmət mərkəzlərinin açılışları olub. Qızılca yaxınlıqda yerləşən Kırna kənd inzibati ərazi dairəsinin tərkibindədir. Ötən illərdə Kırnada da kompleks quruculuq tədbirləri həyata keçirilib. Bu tədbirlər hesabına kırnalı uşaqlar yeni məktəb binasında təhsil alır, sakinlər müasir həkim ambulatoriyasının xidmətindən istifadə edirlər. Xidmət mərkəzinin fəaliyyəti də razılıq doğurur. Sözümün canı ondadır ki, indiyədək qızılcalılar öz problemlərini həll etmək üçün Kırnaya üz tuturdular. Qızılcada quruculuq tədbirləri çərçivəsində kənd mərkəzi də istifadəyə verilib. Kənd sakini Məmməd Paşayev deyir ki, kiçik bir məsələdən ötrü yayın istisində, qışın soyuğunda vaxt itirərək Kırnaya getməli olurduq. Daha buna ehtiyac yoxdur.
Kırna kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Tofiq Bayramovla yeni obyektlərə baş çəkdik. Bu ünvanlarda yaradılmış müasir iş şəraitinin yüksək səviyyədə olduğunu gördük. Qeyd edək ki, iki mərtəbədən ibarət olan kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndə üçün iş otağı, kitabxana, mədəniyyət evi və feldşer-mama məntəqəsi yerləşir. Mərkəzin binasında 40 yerlik tədbirlər zalı istifadəyə verilib, birinci mərtəbədə feldşer-mama məntəqəsi üçün 3 otaq ayrılıb. Məntəqənin müdiri Münəvvər Abdullayeva bildirdi ki, muxtar respublikada insanların sağlamlığına göstərilən diqqət və qayğı getdikcə artmaqdadır. Bizə yaradılan belə şərait də həmin qayğının ifadəsidir və burada çalışan səhiyyə işçilərinin məsuliyyət hissini bir qədər də artırıb. Çalışacağıq ki, kənd sakinlərinin sağlamlığı üçün bütün qüvvəmizi sərf edək, bizə göstərilən etimadı doğruldaq.
Kompleks quruculuq tədbirləri nəticəsində istifadəyə verilən yeni məktəb binası kəndin simasına xüsusi yaraşıq gətirib. Müasir arxitektura üslubunda inşa olunmuş yeni bina 3 mərtəbədən ibarətdir. Binada müəllim və şagirdlərin ixtiyarına 12 sinif otağı, o cümlədən 3 elektron lövhəli sinif, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, şahmat sinfi, kompüter otağı, müəllimlər otağı, kitabxana, bufet və idman zalı verilib. Məktəbdə 11 kompüter dəsti quraşdırılıb və internetə qoşulub. Məktəbin direktoru Namiq Nəzərov deyir ki, müstəqilliyimizin ilk illərini xatırlayanlar ümummilli liderimiz Heydər Əliyevin 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işləyərkən nəinki Naxçıvan, ümumilikdə, ölkəmiz üçün taleyüklü tədbirlər həyata keçirdiyini görüblər. Düşmənlə üz-üzə dayanan bu qə-dim yurd yerinin müdafiəsi üçün ulu öndər cahanşümul xidmətlər göstərib. O vaxtlar kommunikasiya xətləri kəsilən, yolları bağlanan bu qədim diyarda ümummilli liderin çıraq işığında imzaladığı sənədlər bu günümüzə, sabahımıza hesablanmışdı. O illərdə dahi şəxsiyyət naxçıvanlıların inamlarını özünə qaytardı. Yurd qədri bilən insanlar da bu böyük siyasətçinin ətrafında sıx birləşdilər, onunla bir oldular...
Bu gün kənd yaşayış məntəqələrində həyata keçirilən quruculuq tədbirləri məhz ulu öndərin müəyyənləşdirdiyi siyasətin bəhrələridir. Bu bəhrələrdən Qızılca kəndinə də pay düşüb.
Məktəbin müəllimi Cəbrayıl Hüseynov söhbətə qoşulur: muxtar respublikada istifadəyə verilən yeni məktəb binaları müasir tələblər səviyyəsindədir. Məktəblərin informasiya texnologiyaları ilə təminatı, təhsilin informasiyalaşdırılması, yaşayış məntəqələrində sürətli internetə çıxış imkanlarının yaradılması distant tədrisin tətbiqinə, təhsilin internet üzərindən təşkilinə şərait yaradır. Artıq məktəblərdə quraşdırılan elektron lövhələr ümumtəhsil məktəbləri arasında, eləcə də məktəblərlə muzeylər arasında interaktiv əlaqələrin qurulmasına imkan verir. Bizim məktəbdə də bu məsələ öz həllini tapıb. Açılış günü elektron lövhəli sinifdə muxtar respublikanın 200 ümumtəhsil məktəbi ilə Cəlil Məmmədquluzadənin ev-muzeyi arasında distant dərs keçilməsi bir daha sübut etdi ki, təhsil ocaqlarında müasir texnologiyaların tətbiqi artıq öz bəhrəsini verir.
Məktəbin açılış mərasimində Ali Məclis Sədrinin verdiyi tövsiyələr pedaqoji kollektivin fəaliyyət istiqamətinə çevrilib: “Məktəbin qarşısında duran əsas vəzifə yaxşı bilik vermək, gənclərin marağını nəzərə alaraq müəyyən bir peşəyə istiqamətləndirmək və gələcəyin əsl vətəndaşını yetişdirməkdən ibarətdir. Hər bir məktəbin fəaliyyəti onun yetişdirdiyi təhsilli və vətənpərvər gənclərlə ölçülür. Əgər məktəbdə təhsil alan gənc vətənpərvərdirsə, bir peşəyə meyillidirsə və öz gələcəyini, ölkəsinin gələcəyini düşünürsə, deməli o məktəbin fəaliyyəti hədər getməmiş, məktəbdə təlim-tədris və tərbiyə işi düzgün qurulmuşdur. Qızılca kənd tam orta məktəbinin nailiyyətləri onu deməyə əsas verir ki, məktəbdə tələbkarlıq və nizam-intizam vardır. Bu prinsip davam etdirilməli, nailiyyətlər daha da artırılmalıdır”.
Qeyd edək ki, kompleks qurucu­luq tədbirləri çərçivəsində kənddə xidmət mərkəzi inşa olunub, 2,4 kilometrlik yol genişləndirilərək asfalt örtük salınıb, yolda su keçidləri və beton kanal tikilib, kənddaxili yollar abadlaşdırılıb, fiber-optik kabel, rabitə və yeni elektrik xətləri çəkilib. Kəndin qaz və su təchizatı da yaxşılaşdırılıb.

* * *

Müasirliyə qovuşan Qızılcada söhbət etdiyim insanların görülən işlərə münasibətini belə ümumiləşdirmək olar: muxtar respublikanın hansı bölgəsinə üz tutsaq, son illər ərzində xeyli uğurlara imza atıldığını görərik. Burada bir məqam xüsusi vurğulanmalıdır. Həyata keçirilən tədbirlər insan amilinə xidmət edir, heç bir sahəyə fərq qoyulmur: istər şəhər olsun, istər kənd; istər sənayenin, istər kənd təsərrüfatının inkişafı; istər sahibkarlığa, istərsə də dövlət qurumlarının normal fəaliyyətinə qayğı.
Dünən saatlarla işığa həsrət qalan Naxçıvan bu gün elektrik enerjisi ixrac edir. Ən ucqar dağ kəndlərində belə, mavi yanacaq şölələnir. Bu gün doğma Naxçıvana gələn qonaqlar da bu qədim diyarın qovuşduğu xoş günləri görür, burada yaradılmış sabitliyi onlar da təqdir edirlər. Sabitlik olan yerdə hər bir uğura nail olmaq mümkündür. Naxçıvan iyirmi ildir ki, bu həyatı yaşayır. Belə yaşam tərzinin bünövrəsinin möhkəm özüllərlə qoyulması sabah bu diyarın daha yaxşı günlərdə yaşayacağının təminatıdır.

 Muxtar Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR