Hər il dekabrın 10-u dünyada “İnsan Hüquqları Günü” kimi qeyd olunur.
Ötən əsrin sonlarında müstəqilliyini yenidən qazanan Azərbaycan Respublikası demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunu seçmiş, Birləşmiş Millətlər Təşkilatının İnsan hüquqları haqqında Ümumi Bəyannaməsinə və digər beynəlxalq konvensiyalara qoşulmuşdur. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, hüquqi, demokratik və dünyəvi dövlət quruculuğunu öz inkişaf yolu kimi bəyan etmişdir. Konstitusiyamızda İnsan hüquqları haqqında Ümumi Bəyannamə və insan hüquqlarına dair digər beynəlxalq aktlarla müəyyən edilən əksər hüquq və azadlıqlar, yüz illər boyu bəşəriyyətin əldə etdiyi mütərəqqi dəyərlər, fundamental hüquq və azadlıqlar çox geniş şəkildə öz əksini tapmışdır. Ali Qanunumuzun üçdəbir hissəsini təşkil edən insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədi kimi bəyan edilmişdir.
Konstitusiyanın qəbulu ölkədə hüquqi islahatların keyfiyyətcə yeni mərhələsinin başlamasına təkan vermiş, mühüm normativ-hüquqi aktlar qəbul edilmişdir. Ümummilli lider Heydər Əliyev tərəfindən imzalanan “İnsan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” 1998-ci il 22 fevral tarixli Fərman və “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının təsdiq edilməsi haqqında” 1998-ci il 18 iyun tarixli Sərəncam ölkəmizdə bu sahədə həyata keçirilən tədbirlərin mahiyyətini və konsepsiyasını dəqiq müəyyənləşdirməklə insan hüquqlarının davamlı inkişafını təmin etmişdir. Azərbaycan Respublikası 1996-2000-ci illərdə insan hüquq və azadlıqlarının, demokratik təsisatların təminatı ilə bağlı mühüm beynəlxalq konvensiyalara, sazişlərə qoşulmuşdur. Ulu öndər tərəfindən 1993-cü ildən tətbiqinə moratorium qoyulan ölüm hökmü 1998-ci il fevralın 10-da tamamilə ləğv edilmiş, Azərbaycan, bütövlükdə, Şərqdə bu qətiyyətli və tarixi qərarı verən ilk ölkə olmuşdur. Yüksək humanizmin və insanpərvərliyin bariz ifadəsinə çevrilən bu addım Azərbaycanın beynəlxalq nüfuzunu daha da yüksəltmişdir.
Azərbaycan Respublikası 2001-ci ildə “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasını ratifikasiya etmişdir. Həmçinin ölkəmizdə insan hüquq və azadlıqlarının təminatı sahəsində həyata keçirilən hüquqi islahatların və milli qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması prosesinin davamı olaraq 2002-ci il dekabrın 24-də “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu qəbul edilmişdir. 2006-cı il mayın 9-da BMT Baş Assambleyasında keçirilən seçkilər nəticəsində Azərbaycanın BMT-nin İnsan Hüquqları Şurasına üzv seçilməsi də bu istiqamətdə ölkəmizdə əldə olunan ən mühüm nailiyyətlərdəndir.
Bu gün Azərbaycanda hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilmişdir. Ulu öndər Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ötən müddətdə ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması sahəsində kompleks tədbirlər həyata keçirilmişdir. İnsan hüquqlarının qorunmasını və bu sahədə görülən tədbirlərin genişləndirilməsini daim diqqət mərkəzində saxlayan ölkə başçısının “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq olunması haqqında” 2006-cı il 28 dekabr tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası ölkəmizdə insan hüquq və azadlıqlarının davamlı inkişafına zəmin yaratmışdır. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamına əsasən isə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” təsdiq edilmişdir.
Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da insan və vətəndaş hüquq və azadlıqları ilə bağlı mühüm islahatlar həyata keçirilir. Muxtar respublikada insan hüquqlarının müdafiəsinin daha səmərəli təmin edilməsi məqsədilə 2006-cı il fevralın 20-də “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Qanun qəbul edilmiş, insan hüquqlarının yeni və alternativ müdafiə mexanizmi olan Müvəkkil təsisatı yaradılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində hüquq institutlarının inkişaf etdirilməsi, ədalət mühakiməsinin səmərəliliyinin artırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilmiş, hüquq müdafiə və məhkəmə orqanlarının, həmçinin dövlət orqanlarının fəaliyyəti insan hüquqlarının tələblərinə uyğun olaraq daim təkmilləşdirilmişdir. Belə ki, əhalinin daha yüksəkkeyfiyyətli hüquqi yardımla təmin edilməsi məqsədilə 2008-ci il yanvarın 8-də “Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası haqqında” Qanun qəbul edilmiş, burada fəaliyyət göstərən vəkillərin sayının artırılması üçün Vəkillər Kollegiyasına əlavə qəbul imtahanlarının Naxçıvan Muxtar Respublikasında keçirilməsi təmin edilmiş, vəkillik institutunun hüquqi statusu müəyyən edilmişdir.
Hər bir ölkədə demokratik inkişafın, insan hüquq və azadlıqlarının mühüm göstəricilərindən biri də mətbuat və söz azadlığının təmin olunmasıdır. Muxtar respublikada kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyəti təmin edilmiş, teleradioların, qəzetlərin, nəşriyyatların maddi-texniki bazası gücləndirilmişdir. Söz, fikir, məlumat azadlığı, o cümlədən mətbuatın inkişafı ilə bağlı həyata keçirilən islahatlar, azad mətbuatın fəaliyyətinin getdikcə gücləndirilməsi insanların öz fikrini sərbəst şəkildə ifadə etmək hüququnu təmin etmişdir. Hər il ölkə və dünya mətbuatını təmsil edən yüzlərlə jurnalist muxtar respublikaya səfər edir, Naxçıvanla bağlı silsilə verilişlər, filmlər, məqalələr hazırlanaraq geniş tamaşaçı və oxucu kütləsinə təqdim olunur.
Naxçıvan Muxtar Respublikasında əhalinin müxtəlif sosial qruplarının hüquqlarının müdafiəsi istiqamətində də mühüm işlər görülür. Muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların hüquqlarının qorunması, onların sosial müdafiəsinin gücləndirilməsi, sosial, tibbi və peşə reabilitasiyasının təmin edilməsi istiqamətində görülən işlərin tərkib hissəsi olaraq Naxçıvan Uşaq Bərpa Mərkəzi və Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzi istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı” isə müvafiq kateqoriyadan olan uşaqların təhsil almaq hüququnu təmin etməklə onların cəmiyyətə inteqrasiyası istiqamətində yeni mərhələnin başlanğıcını qoymuş, məhdud fiziki imkanlı uşaqlar üçün distant tədris mərkəzi fəaliyyətə başlamışdır.
Muxtar respublikada qadınların hüquqlarının müdafiəsi də daim diqqət mərkəzində saxlanılır. Bu gün muxtar respublikada qadınlar cəmiyyətin ictimai-siyasi həyatında fəal iştirak edir, dövlət idarəetməsi, habelə seçkili orqanlarda təmsil olunurlar. Qadınların peşələrə yiyələnməsi, ixtisaslarının artırılması ilə əlaqədar müxtəlif peşə hazırlıq kurslarına cəlb edilməsi onların məşğulluğunun təmin edilməsinə geniş imkanlar yaratmışdır. Bununla yanaşı, işaxtaran vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi və işlə təminatı məqsədilə hər il muxtar respublikanın şəhər və rayonlarında əmək yarmarkaları keçirilir, Naxçıvan Regional Peşə Tədris Mərkəzində müxtəlif peşə hazırlıq kursları təşkil edilir.
Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin, şəhid ailələrinin, həmçinin 1941-1945-ci illər müharibəsi əlillərinin mənzil və minik avtomobilləri ilə təmin olunması və onların sosial müdafiəsinin daha da gücləndirilməsi də muxtar respublikada insan hüquq və azadlıqlarının mühüm ifadəsidir.
Ölkəmiz inkişaf etdikcə demokratik prinsiplər və dəyərlər, insan hüquq və azadlıqları cəmiyyət həyatında getdikcə daha dolğun, real məzmun kəsb edir. Ona görə də Azərbaycanda, o cümlədən muxtar respublikada insan hüquq və azadlıqlarının qorunması sahəsində həyata keçirilən tədbirlər ardıcıl xarakter almışdır.
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları
üzrə Müvəkkili (Ombudsman) Aparatının mətbuat xidməti