Dekabrın 9-da Naxçıvan Qızlar Liseyində Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının təşkilatçılığı ilə “Ümummilli lider Heydər Əliyev və “Kitabi-Dədə Qorqud” dastanları” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
Konfransı giriş sözü ilə Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, tarix üzrə fəlsəfə doktoru, dosent Elman Cəfərli açaraq “Kitabi-Dədə Qorqud” dastanlarının geniş təbliğinin, təşviqinin, Dədə Qorqud irsinin daha dərindən öyrənilməsinin ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulamışdır.
Elman Cəfərli qeyd etmişdir ki, sovet ideologiyasının hökm sürdüyü bir dövrdə – 1969-cu ildə ulu öndərin Azərbaycan rəhbərliyinə gəlişindən sonra “Kitabi-Dədə Qorqud” dastanlarının sistemli şəkildə tədqiqi və təbliği istiqamətində mühüm işlər görülmüşdür. 1975-ci ildə ulu öndərin tapşırığına əsasən, “Dədə Qorqud” bədii filmi çəkilmişdir. Ümummilli liderimiz xalqın təkidli tələbi ilə Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gəldikdən sonra da bu məsələyə xüsusi diqqət göstərmiş, 1997-ci il aprelin 20-də “Kitabi-Dədə Qorqud” dastanının 1300 illiyi haqqında Fərman, 1999-cu il fevralın 21-də isə “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi üzrə Dövlət Komissiyasının tədbirlər planı haqqında” Sərəncam imzalamışdır. 1998-ci ildə YUNESKO-da beynəlxalq simpoziumun təşkili eposun dünya miqyasında təbliği işinə ciddi töhfə idi. Ümummilli liderin 2000-ci ildə imzaladığı növbəti Fərman isə “Bakıda Dədə Qorqud heykəlinin ucaldılması və “Dədə Qorqud dünyası” tarixi-etnoqrafik kompleksinin yaradılması” ilə bağlı olmuşdur.
Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri Azərbaycan Respublikası Prezidentinin “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında” 2015-ci il fevralın 20-də imzaladığı Sərəncamın, eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin Naxçıvan Muxtar Respublikasında qeyd edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” 2015-ci il iyulun 25-də imzaladığı Sərəncamın bu sahədə aparılan işlərin uğurla davam etdirilməsinə geniş imkanlar açdığını vurğulamışdır.
Naxçıvan Qızlar Liseyinin direktoru Aidə Allahverdiyeva qeyd etmişdir ki, “Kitabi-Dədə Qorqud” dastanı xalqımızın tarixi keçmişini əks etdirən möhtəşəm sənət abidəsidir. Əsərdə vətənpərvərlik, qəhrəmanlıq, müdriklik, oğuz türklərinin dünyagörüşü, mənəvi dəyərləri, adət-ənənələri, qədim Naxçıvanın toponimləri əks olunmuşdur. Dastan dilimizin incəliklərini, tarixi hadisələri və şəxsiyyətləri, xalqımızın mədəniyyətini öyrənməkdə əvəzsiz mənbədir. “Kitabi-Dədə Qorqud” həm də dünyada dastan mədəniyyətinin zirvəsidir. Bu dastan milli təfəkkürümüzün dünyaya bəxş etdiyi unikal ədəbi abidədir.
Ulu öndər Heydər Əliyevin “Kitabi-Dədə Qorqud” dastanının təbliği və təşviqi istiqamətində gördüyü misilsiz işlərdən danışan Aidə Allahverdiyeva bildirmişdir ki, hazırda Prezident cənab İlham Əliyev bu ənənəni əzmlə davam etdirir. 2013-cü ildə Bakıda Dədə Qorqud parkı salınmış və “Kitabi-Dədə Qorqud” abidəsi ucaldılmışdır. Abidənin açılış mərasimində Prezident İlham Əliyev dastanı Azərbaycan xalqının milli sərvəti adlandıraraq qeyd etmişdir ki, hər bir azərbaycanlı üçün əziz olan bu əsərdə xalqımızın həyat tərzi, məişəti, psixologiyası əks olunmuşdur.
“Kitabi-Dədə Qorqud” irsinin araşdırılması, Naxçıvanla bağlılığı və yaşadılması istiqamətində muxtar respublikada da mühüm işlər görülmüşdür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan şəhərində “Dədə Qorqud meydanı”nın salınması haqqında” 9 mart 1999-cu il tarixli Sərəncamı ilə Naxçıvan şəhərində Dədə Qorqudun abidəsi ucaldılmış və Dədə Qorqud meydanı yaradılmışdır.
Naxçıvan Dövlət Universitetinin professoru, Əməkdar elm xadimi Hüseyn Həşimli demişdir ki, ulu öndərimiz Heydər Əliyevin çoxşaxəli möhtəşəm fəaliyyətində və mükəmməl nəzəri-ideoloji təlimində ədəbiyyat məsələləri də mühüm yer tutur. Bu baxımdan ümummilli liderimizin “Kitabi-Dədə Qorqud” dastanlarına münasibəti, bu qiymətli eposa göstərdiyi hərtərəfli diqqət böyük əhəmiyyət daşıyır. Bu da təsadüfi deyil. Çünki bəşər sivilizasiyasına misilsiz töhfələr bəxş etmiş Azərbaycanımızın ən möhtəşəm ədəbi abidələri sırasında “Kitabi-Dədə Qorqud”un xüsusi yeri vardır. Xalqımızın qədim adət-ənənələri, dünyagörüşü, yaşam tərzi, məişəti, zəngin mənəvi keyfiyyətləri, qəhrəmanlıq ruhu, mərdliyi, doğma torpağa bağlılığı, yurd sevgisi eposda mükəmməl şəkildə ifadə olunmuşdur.
Qeyd olunmuşdur ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da “Kitabi-Dədə Qorqud”la əlaqədar çoxsaylı işlər görülmüş və görülməkdədir. Naxçıvanda keçirilən elmi konfranslar, təşkil olunan açıq dərslər, dəyirmi masalar, kütləvi informasiya vasitələrində verilən müvafiq materiallar bu baxımdan təqdirəlayiqdir. “Naxçıvanda Dədə Qorqud” mövzusunda beynəlxalq elmi simpoziumun keçirilməsi də ən mühüm tədbirlər sırasındadır. Bütün bunlar möhtəşəm mənəviyyat abidəmiz olan “Kitabi-Dədə Qorqud”a ulu öndər Heydər Əliyevin göstərdiyi böyük diqqətin uğurlu davamıdır.
Sonra Naxçıvan Qızlar Liseyinin müəllimləri Rəfiqə Abdullayeva “Kitabi-Dədə Qorqud” dastanları milli varlığımızdır”, Səkinə Kazımova isə “Kitabi-Dədə Qorqud” dastanlarında qadın obrazı” mövzularında çıxış etmişlər.
Konfransda mövzu ətrafında çıxışlarda elmi faktlara söykənən fikirlər səsləndirilmiş, “Kitabi-Dədə Qorqud” dastanlarının qədim Naxçıvanla bağlılığı xüsusi vurğulanmışdır.
Sonra Naxçıvan Qızlar Liseyinin şagirdləri ümummilli liderimiz Heydər Əliyevə həsr olunmuş şeirləri, Dədə Qorqudun kəlamlarını səsləndirmiş, “Kitabi-Dədə Qorqud” dastanlarından seçilmiş səhnəciklər göstərmişlər.
Xəbərlər şöbəsi