Vətənpərvər, yurdsevər insanların sayəsində bu diyarın da
hər qarışı gülüstana çevrilib
Ulu babalarımız: “Arxası dağ olanın başı göylərə çatar”, –deyiblər. Hər dəfə yolumu Ordubada salanda, buludlara boylanan Bəlgə dağının daşının-qayasının tamaşasına duranda, bu dağın qoynuna söykənən, yaşı qədimdən-qədim şəhəri görəndə nədənsə, bu atalar sözü yadıma düşür. Fikirləşirəm ki, atalarımız bu sözləri insanlar barəsində yox, hər zaman heyranı olduğum bölgəmiz – Ordubad haqda desəydi, bu şəhəri görən heç kimdə bu fikrin doğru olduğuna şübhə yaranmazdı. Bu şəhərin bir ucu Xan Arazda, bir ucu dağların yamaclarındadır. Şüşə kimi hamar yolları, möhtəşəm tikililəri, tarixi abidələri, abad küçələri, qocaman çinar ağacları, bol sulu kəhrizləri, məktəbləri, uşaq bağçası, muzeyləri, qonaqpərvər insanları ilə şəhər sanki ona uzaqdan tamaşa edənlərə “Gəl, mehmanım ol!” deyir.
Əzizim el yoludu…
Yol gedir Ordubada… Rayonun bu günündən söz açmışkən dağlar arasında ilan kimi gah qıvrılıb, gah açılan yollar, körpülər haqda danışmamaq, ağappaq yol nişanları ilə bəzədilmiş yolların ətrafında sırayla salınan, balaca uşaq kimi hər gün qulluq və nəvaziş görən fidanları vəsf etməmək ən azından etinasızlıq olar.
Maraqlısı budur ki, bir ucu Ordubad şəhərindən başlayan yolların istənilənini gözünə kəsdirib getsən, sonuncu ünvana, kəndə qədər aparan yolda eyni keyfiyyətin, eyni səliqənin və diqqətin şahidi olarsan. Hamar yolda irəliləyən avtomobil bağ-bağçaların, bir-birindən yaraşıqlı kənd mərkəzlərinin, məktəblərin, həkim ambulatoriyalarının, muzeylərin və digər obyektlərin yanından keçdikcə rayonun müstəqillik dövründə keçdiyi uğurlu yol kino lenti, salnamə kimi gözlər önünə gəlir, bir daha əmin olursan ki, müstəqil Azərbaycanın çiçəklənən Ordubadında hər şey müsbətə doğru dəyişilib, hər şey yenilənib. İstər-istəməz bu dəyişikliklərin əldə olunması üçün gərgin əmək sərf edildiyi qənaətinə gəlirsən. Çünki rayonun aran kəndləri bir tərəfə dursun, ucqar dağ kəndlərində, sıldırım qayaların qənşərində elə tikililər ucaldılıb ki, burada daş üstünə daş qoyulması 70 illik sovet dövrünün inşaatçıları üçün müşkül məsələ olub. Ancaq müstəqillik illərində dövlətimizin qətiyyətli addımları inşaatçıları gördükləri işə daha da həvəsləndirib. Ucqar dağ kəndlərinə mal-materialın, avadanlığın, texnikanın aparılması nə qədər çətin olsa da, qarşıya çıxan çətinliklər inşaatçılarımızı qorxutmayıb, əksinə, onlar böyük diqqət, məsuliyyət və əzmkarlıqla öhdələrinə düşən vəzifələri yerinə yetiriblər. Ümumiyyətlə, son 20 ildə rayonda 80-dən çox obyekt inşa edilərək və ya yenidən qurularaq istifadəyə verilib, onlarla yaşayış məntəqəsi, eləcə də ucqar dağ yaşayış məntəqələri abad kəndlər sırasına qoşulub. Ötən müddətdə 27 ümumtəhsil məktəbi, 1 musiqi məktəbi, 1 uşaq bağçası, 24 səhiyyə, 1 idman, 29 mədəniyyət obyekti inşa edilərək istifadəyə verilib, 15 kənd mərkəzi həyata vəsiqə alıb. 2002-ci ildə rayonda əsas kapitala yönəldilmiş investisiyaların tikinti-quraşdırma işlərinə ayrılan həcmi 330 min manat idisə, təkcə 2015-ci ilin 10 ayında bu rəqəm 44 milyon 165 min manat təşkil edib. Bu fakt bir daha göstərir ki, rayonda tikinti-quruculuq işlərinin miqyası ilbəil genişləndirilir. Bütün bu görülən işlər rayonun dünənindən bu gününə seçilən düzgün yolun qazandırdığı nailiyyətlərdən, dövlətimizin rayon sakinlərinin rahat yaşamasına və işləməsinə diqqətindən, bir sözlə, muxtar respublikada insan amilinə verilən önəmdən xəbər verir.
Tənəzzüldən tərəqqiyə doğru
Ordubad rayon Sabirkənd sakini, sovetlər dövründə uzun illər ictimai təsərrüfatlarda rəhbər vəzifələrdə çalışmış, müxtəlif mükafatlara layiq görülmüş İmran İbrahimov deyir ki, rayonda son illərdə əkinçiliyə, eləcə də kənd təsərrüfatının digər sahələrinə marağın artması bir çox amillərlə bağlıdır. Yəni torpağa münasibətin dəyişməsi səbəbsiz deyil. Müstəqilliyin ilk illərində minbir əziyyətlə yetişdirilən məhsul suvarma suyu çatışmazlığı ucbatından əkinçinin gözü qarşısında tələf olurdu. Bir çox hallarda isə alıcı məsələsi həllini tapmadığından yetişdirilən məhsul tarlada dəyər-dəyməzinə satılırdı. Bundan başqa, istehsalçı, əkinçi bilmirdi ki, yaxşı məhsuldarlığa nail olmaq üçün keyfiyyətli toxumları, mineral gübrələri haradan və kimdən alsın. Üstəlik, əkinçinin sağ əli hesab olunan texnika sarıdan təminat aşağı səviyyədə idi. Ən yaxşı halda sovet dövründən qalma köhnə və yararsız maşın-mexanizmlər kara gəlirdi. İstismar müddətini başa vurmuş bu texnika ilə aqrotexniki tədbirlərin müəyyən olunmuş müddətdə həyata keçirilməsini, məhsulun vaxtında və itkisiz yığılmasını təşkil etmək mümkün deyildi. Təbii ki, bu çətinliklərin müqabilində əkinçinin qazancı az olurdu. Gəlir çəkilən xərcləri ödəmirdi. Nəticədə, istehsalçı torpaqdan aralı düşürdü. Amma nə yaxşı ki bu çətinliklərin ömrü uzun olmadı. Ölkənin maddi imkanları yaxşılaşdıqca dövlətin aqrar sahəyə qayğı və diqqəti artdı. Sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi, kənd təsərrüfatı məhsulları istehsalçılarına güzəştli şərtlərlə kreditlərin verilməsi, onların yüksəkkeyfiyyətli toxumla, gübrə və texnika ilə təmin olunması, eləcə də emal müəssisələrinin yaradılması, suvarma sistemlərinin təkmilləşdirilməsi və yenidən qurulması kəndlini torpağa qaytardı. İndi istəsə kəndli məhsulu həmin gün satar, istəsə soyuducu anbarlara tədarük edər, qış aylarında sərfəli qiymətə bazara çıxarar. Bir ağsaqqal kimi torpaq mülkiyyətçilərinə üzümü tutub demək istəyirəm ki, yaradılan şəraitin qədir-qiymətini bilsinlər, bu imkanlardan səmərəli istifadə etsinlər, şəraitin yaratdığı üstünlükləri dəyərləndirməyi bacarsınlar. Onda xeyir-bərəkət də olacaq, bolluq da.
Müstəqillik illərində Ordubadda aparılan torpaq islahatı ilə əlaqədar olaraq əhalinin ixtiyarına 2755 hektar pay torpağı verilib. Hazırda 4705 hektar torpaq sahəsi istifadədədir. Həyata keçirilən tədbirlər nəticəsində əkin sahələrinin genişləndirilməsində, məhsuldarlığın artırılmasında böyük nailiyyətlər əldə edilib. Əgər 2000-ci ildə rayonda əkin sahələri 2295 hektar təşkil edirdisə, 2015-ci ildə bu rəqəm 3933 hektara çatdırılıb. 2000-ci ilin və 2015-ci ilin on ayının nəticələrini müqayisə etsək görərik ki, bəhs edilən zaman kəsiyində rayonda dənli və dənli-paxlalılar istehsalı 4, taxıl istehsalı 4,1, kartof istehsalı 5,3, tərəvəz istehsalı 2, ərzaq üçün bostan bitkiləri istehsalı 1, meyvə istehsalı 2,6 dəfə artıb. Bu da torpaq mülkiyyətçilərinin göstərilən dövlət qayğısına layiqli cavabından, kəndlinin gördüyü işə inamından, torpağa bağlılığından xəbər verir.
Bağ salmaq, ağac əkmək, bağçaları gül-çiçəyə qərq etmək ata-babalarımızdan bizə miras qalıb. Ordubadda iməciliklər yolu ilə yerli iqlim və relyefə uyğun tezyetişən meyvə sortlarından ibarət meyvə bağları salınıb, 140 mindən artıq ting əkilib. Dövlətin maliyyə dəstəyindən yararlanan rayon sakinləri qurutma, paketləmə sahələri, istixanalar yaradıblar. 2004-cü ildən 2015-ci ilədək rayonda 137,9 hektar sahədə meyvə bağları salınıb. Yeni salınan meyvə bağlarının 13,4 hektarı ötən ilin payına düşüb. Təkcə ötən il meyvə bağlarından 1583 ton məhsul tədarük olunub. Bu il rayonun bağlarında 35 növdə ərik, 17 növdə şaftalı, 22 növdə gavalı, 9 növdə alça, 35 növdə cəviz, 14 növdə heyva, 16 növdə armud, 6 növdə əncir, müxtəlif növlərdə gilas, gilənar, zoğal, badam yetişdirilib, dadı-tamı ilə bütün ölkədə məşhur olan limon istehsalı artırılıb. Əhalinin alıcılıq imkanlarının yaxşılaşması bazarlara Ordubad rayonundan daha çox süfrə üzümü və ondan hazırlanan müxtəlif məhsulların çıxarılması ilə müşayiət olunur. Süfrələrimizin bəzəyi, insan sağlamlığı üçün zəngin biokimyəvi tərkibə malik olan kişmiş və mövüc istehsalı da ilbəil artırılır. Hazırda daxili və xarici bazara keyfiyyətli məhsul çıxarılması, yeni texnologiyanın tətbiqi, üzümçülük üzrə böyük fermer təsərrüfatlarının yaradılması istiqamətində məqsədyönlü iş aparılır, üzümçülüyün sənaye miqyasında genişləndirilməsi imkanları araşdırılır.
Ordubadda heyvandarlıq və arıçılıq kənd adamlarının ənənəvi məşğuliyyətlərindəndir. Heyvandarlıq, əsasən, dağ kəndlərində yaxşı nəticələr verib. Müqayisəli təhlil aparsaq görərik ki, 2000-ci ildə rayonda 4895 baş iribuynuzlu mal-qara var idisə, 2015-ci ildə bu göstərici bəhs olunan dövrlə müqayisədə 2 dəfə artaraq 9948-ə çatdırılıb. Xırdabuynuzlu heyvanların sayında da haqqında söhbət açdığımız zaman kəsiyində, təxminən, ikiqat artım müşahidə edilib. 2000-ci ildə rayonda 420 ton ət, 3850 ton süd, 5 milyon 800 min ədəd yumurta, 52 ton yun istehsal edilmişdi. 2015-ci ilin 1 noyabr tarixinə olan məlumat isə onu göstərir ki, müqayisə olunan dövrdə ət istehsalı 2 dəfə, qalan məhsullar 2 dəfəyə yaxın artıb. Bu da yerlərdə əlverişli şəraitin olması ilə bərabər, baytarlıq xidmətinin ən yüksək səviyyədə təşkili ilə bağlıdır.
Müstəqillik illərində arıçılığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər, dövlət maliyyə dəstəyinin gücləndirilməsi daha uğurlu göstəricilər əldə edilməsinə şərait yaradıb. Bütün bunların nəticəsidir ki, rayonda arı ailələrinin sayı ilbəil artır, istehsal olunan məhsulun nəinki rayondan, hətta muxtar respublika hüdudlarından kənarda da satışı təşkil edilir. Qeyd edək ki, 2014-cü ildə rayonun arıçılıqla məşğul olan təsərrüfat sahibləri 71 ton bal istehsal ediblər.
Qazanılan uğurlar sosial rifaha təminat verir
Ordubad rayonunun yaşayış məntəqələrini gəzərkən, tarixiliyin və müasirliyin vəhdətindən doğan gözəllikləri seyr edərkən bir daha müstəqilliyimizin saysız bəhrələrinin insanların həyatına, məişətinə, yaşayış tərzinə müsbət təsir etdiyinin şahidinə çevrilirsən. Əmin olursan ki, dahi rəhbərimiz Heydər Əliyevin bizim üçün əbədiliyini təmin etdiyi müstəqil Azərbaycanda qarşıdan gələn hər il yeni uğurlar, nailiyyətlər gətirir, ölkəmizin incisi olan bu bölgəmiz daha da inkişaf edərək dünyanın ən gözəl yaşayış məskənlərindən biri kimi tanınır.
Yazımın əvvəlində Ordubad şəhərinin arxasını dağa söykəyib zirvədə qərar tutduğunu qeyd etmişdim. Yuxarıda sadalananlardan sonra eyni fikirləri Ordubad rayonunun qədirbilən insanları haqda da deyə bilərəm. Onu da deyim ki, bu insanların söykəndiyi dağ dövlətimizdir. Vətənsevər, yurdsevər insanların sayəsində qədim diyarın hər qarışı gülüstana çevrilib, insanları xoş gün-güzərana, sakit həyata, firavanlığa qovuşub. Keçmiş və gələcək prizmasından baxanda bir daha aydın olur ki, ötən 20 ildə görülən bütün işlər son məqamda insan amilinə, insanların yaxşı yaşamasına hədəflənib.
Səbuhi Hüseynov