Dekabrın 5-də Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının VI növbədənkənar konfransı keçirilib.
Konfransı giriş sözü ilə Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Anar İbrahimov açaraq bildirib ki, Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının rəhbər orqanlarının fəaliyyətini təmin etmək məqsədilə Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri müvafiq qərar imzalayıb. Qərara uyğun olaraq, Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının VI növbədənkənar konfransı keçirilir.
Sonra Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının İdarə Heyətinin üzvü, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Ehtimad Məmmədov hesabat məruzəsi ilə çıxış edib. Qeyd olunub ki, 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində təsis edilən Yeni Azərbaycan Partiyası ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında elə bir tarixi yol keçib ki, bu yol həm də müstəqil Azərbaycanın müqəddəratını təyin edən mühüm bir tarixi mərhələ olub. Partiyamızın yarandığı tarixi ərəfə Vətənimiz və xalqımız üçün ağır sınaqlar, fəlakətlər dövrü idi.
Bu zaman Naxçıvanda gedən mütərəqqi proseslərin bilavasitə müəllifi olan ümummilli liderimizin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı bir tərəfdən bütövlükdə xalqımızın yekdil arzusuna çevrilmişdisə, digər tərəfdən tarixin diktə etdiyi qaçılmaz, qarşısıalınmaz obyektiv tarixi zərurət idi. Məhz bu zərurətin ifadəsi kimi təsis edilən Yeni Azərbaycan Partiyası qısa müddətdə Azərbaycan dövlətçiliyinin əbədi varlığının qarantı və istiqlaliyyətin başlıca təminatçısı olan siyasi güc kimi 1993-cü ildə obyektiv tarixi şəraitin diktəsi ilə hakimiyyətə gəldi. Ümummilli liderimizin müstəqil Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illər müstəqilliyimizin möhkəmləndirilməsi və əbədi varlığı üçün bütün zəruri siyasi addımların atıldığı, müstəqil Azərbaycanın dövlətçilik konsepsiyasının nəzəri əsaslarının formalaşdırıldığı və real həyatda bu əsasda möhkəm bünövrənin qoyulduğu taleyüklü bir mərhələ oldu. Ulu öndər Heydər Əliyev özünün dərin siyasi zəkasının, zəngin və mükəmməl dövlətçilik təcrübəsinin məhsulu və şah əsəri olan müstəqil Azərbaycan Respublikasını gələcək nəsillərə miras qoydu.
Bildirilib ki, Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatı 17 iyul 2004-cü ildə təsis edilib. O zaman partiyanın 11 kənddə 20 ərazi ilk partiya təşkilatı fəaliyyət göstərirdi. Bu təşkilatlarda 1215 nəfər partiya üzvü birləşirdi. Üzvlərin 170 nəfəri qadınlar, 343 nəfəri isə gənclər idi. Təşkilat yarandıqdan bu günə kimi partiya sıralarına 1649 nəfər qəbul edilib. Bunlardan 738 nəfərini qadınlar, 903 nəfərini isə gənclər təşkil edir. Hesabat dövründə partiya sıralarına 200 nəfər qəbul edilib ki, onlardan 57 nəfəri ali təhsilli, 24 nəfəri orta ixtisas, 119 nəfəri orta təhsilli, 122 nəfəri qadınlar, 145 nəfəri isə gənclər olub. Bu gün Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatı 46 ərazi ilk partiya təşkilatında 2662 nəfər üzvü birləşdirir. Partiya üzvlərinin 948 nəfəri qadınlar, 715 nəfəri gənclərdir.
Məruzə ətrafında Yeni Kərki kənd tam orta məktəbinin müəllimi, Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatı Gənclər Birliyinin üzvü Kənan Məmmədov, 2 nömrəli Qarabağlar kənd tam orta məktəbin müəllimi, Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatı Qadınlar Şurasının üzvü Tutu Əhmədova çıxış ediblər. Çıxış edənlər bildiriblər ki, tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyası bu gün Heydər Əliyev dövlətçilik və idarəçilik məktəbinin layiqli yetirməsi, ölkə Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf edir, dövlətin daxili və xarici siyasətinin uğurla həyata keçirilməsində böyük rol oynayır.
Daha sonra konfransda təşkilati məsələlərə baxılıb. Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının 19 nəfərdən ibarət şurasının, 9 nəfərdən ibarət İdarə Heyətinin, Qadınlar Şurasının, Gənclər Birliyinin İdarə Heyətinin və Nəzarət-təftiş qrupunun üzvləri seçilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Sevda Quluyeva Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının sədri seçilib.
Sevda Quluyeva çıxış edərək ona göstərilən etimada görə konfrans iştirakçılarına minnətdarlığını ifadə edib, bu şərəfli və məsuliyyətli işin öhdəsindən gəlmək üçün səylə çalışacağını bildirib.
Xəbərlər şöbəsi