Xəbər verdiyimiz kimi, dekabrın 3-də AMEA Naxçıvan Bölməsində “Naxçıvan müstəqillik illərində: Hədəflər, inkişaf, nəticələr” mövzusunda elmi konfrans öz işinə başlamışdır. İkigünlük konfrans “İqtisadiyyat”, “Tarix”, “Mədəniyyət”, “Təbiət, təbiəti mühafizə və ekologiya” mövzularında keçirilən bölmə iclasları ilə öz işini davam etdirmişdir.
“İqtisadiyyat” bölməsində iqtisadiyyatın inkişafı, muxtar respublikanın enerji təhlükəsizliyi və onun sosial-iqtisadi inkişafa təsir imkanları, müasir mərhələdə aqrar sahədə həyata keçirilən tədbirlər, aparılan iqtisadi islahatlar, xarici iqtisadi əlaqələrin inkişafı və digər məsələlər barədə elmi məruzələr dinlənilmiş, müzakirələr aparılmışdır.
Elmi konfransın “Tarix” bölməsində müstəqillik illərində muxtar respublikamızda tarix elmi sahəsində qazanılan uğurlar, qarşıda duran vəzifələr, Naxçıvandakı arxeoloji tədqiqatlar, görkəmli şəxsiyyətlərin xatirələrinin əbədiləşdirilməsi, Azərbaycan-Türkiyə münasibətlərində Naxçıvanın yeri, tarixi abidələrin bərpası, mühafizəsi sahəsində həyata keçirilən tədbirlər və digər mövzular barədə elmi məruzələr dinlənilmişdir.
Müstəqillik dövründə Naxçıvan dialekt və şivələrinin öyrənilməsi məsələləri, muxtar respublikada yer adlarının tədqiqi, folklorun inkişafı, mədəniyyət siyasəti, milli-mənəvi dəyərlərin qorunması və bərpası “Mədəniyyət” bölməsinin əsas müzakirə olunan mövzuları sırasında idi.
“Təbiət, təbiəti mühafizə və ekologiya” bölməsində bu sahəyə göstərilən dövlət qayğısı, dərman bitkilərinin, o cümlədən torpaqların öyrənilməsi istiqamətində görülən işlər, aqrar sektordakı inkişaf meyilləri, aparılmış zooloji tədqiqatlar və digər məsələlərlə bağlı məruzələrdə konkret elmi faktlar ortaya qoyulmuş, mühüm elmi nəticələr əldə edilmişdir.
Bununla da, “Naxçıvan müstəqillik illərində: Hədəflər, inkişaf, nəticələr” mövzusunda elmi konfrans dekabrın 4-də öz işini başa çatdırmışdır.
Xəbərlər şöbəsi