Noyabrın 27-də Yaxın Şərqdə çoxsaylı tamaşaçı kütləsinə malik olan Qətərin “Əl-Cəzirə Sənədli Film” televiziya kanalında “Mərkəzi Asiya” çoxseriyalı sənədli filmin yayımına başlanılmışdır. Filmin ilk seriyası Naxçıvan Muxtar Respublikasına həsr olunmuşdur.
Ərəb dilində hazırlanmış filmdə tamaşaçılara Naxçıvanın qədim tarixi və zəngin mədəniyyəti barədə ətraflı məlumat verilmişdir. Gəmiqaya təsvirlərinə, muxtar respublika ərazisində aparılan arxeoloji qazıntılar zamanı aşkarlanan zəngin maddi-mədəniyyət nümunələrinə və qədim yurd yerlərinə istinad edən müəllif Azərbaycanın bu diyarının bəşər sivilizasiyasının ilkin yaşayış məskənlərindən olduğunu tamaşaçıların diqqətinə çatdırmışdır.
Filmdə tarixi gerçəkliklər öz dolğun əksini tapmış, Azərbaycanın əzəli torpağı olan Zəngəzurun Ermənistana verilməsi nəticəsində Naxçıvanın ölkənin əsas hissəsindən quru əlaqəsinin kəsildiyi vurğulanmışdır. Həmçinin burada tarixən formalaşmış zəngin memarlıq ənənələrindən də bəhs olunmuş, Naxçıvanın simvolu olan tarixi abidələr - Möminə xatın, Yusif Küseyiroğlu, Gülüstan türbələri, Naxçıvanqala, Əlincəqala, Xarabagilan, “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi haqqında geniş məlumat verilmişdir. Naxçıvanın əyilməzlik simvolu olan Əlincəqalada qala müdafiəçilərinin Teymurləngin qoşununa qarşı apardığı qəhrəmanlıq mübarizəsindən söhbət açılmış, qalanın yaxınlığındakı Xanəgahda hürufilik fəlsəfəsinin banisi Fəzlullah Nəiminin məzarının yerləşdiyi bildirilmişdir.
Filmdə Naxçıvan xalçaçılıq məktəbinin qiymətli nümunələri və xalqımızın məişət tərzini özündə yaşadan bu qədim el sənətinin qorunub yaşadılması, eləcə də qədim musiqi alətləri barədə məlumat verilmişdir. Azərbaycanda, o cümlədən Orta Asiya ölkələrində ümumxalq bayramı kimi qeyd olunan Novruz bayramının Naxçıvanda da təntənəli şəkildə keçirildiyi diqqətə çatdırılmış, muxtar respublikada təşkil olunan Novruz şənliklərindən görüntülər təqdim olunmuşdur.