24 Dekabr 2024, Çərşənbə axşamı

Ulu öndərimiz Heydər Əliyevin çoxşaxəli möhtəşəm fəaliyyətində və mükəmməl nəzəri-ideoloji təlimində ədəbiyyat məsələləri də mühüm yer tutur. Bu baxımdan ümummilli liderimizin “Kitabi-Dədə Qorqud” dastanına münasibəti, bu qiymətli eposa göstərdiyi hərtərəfli diqqət böyük əhəmiyyət daşıyır. Bu da təsadüfi deyil. Çünki bəşər sivilizasiyasına misilsiz töhfələr bəxş etmiş Azərbaycanımızın ən möhtəşəm ədəbi abidələri sırasında “Kitabi-Dədə Qorqud”un xüsusi yeri vardır. Xalqımızın qədim adət-ənənələri, dünyagörüşü, yaşam tərzi, məişəti, zəngin mənəvi keyfiyyətləri, qəhrəmanlıq ruhu, mərdliyi, doğma torpağa bağlılığı, yurd sevgisi eposda mükəmməl şəkildə ifadə olunmuşdur. 

Ümummilli lider Heydər Əliyev hələ Azərbaycana birinci rəhbərliyi dövründə dastanın hərtərəfli şəkildə təbliği, tədqiqi məsələlərinə diqqət yetirmiş, bu sahədə əsaslı tədbirlərin həyata keçirilməsinin təşəbbüskarı və himayəçisi olmuşdur. 1975-ci ildə ikihissəli “Dədə Qorqud” bədii filminin çəkilməsi nəticəsində dastan xalq arasında çox böyük populyarlıq qazanmışdır. O illərdə bu möhtəşəm eposun araşdırılması sahəsində bir sıra mühüm əsərlər ortaya çıxmış, dastanın motivləri əsasında müxtəlif bədii nümunələr də yazılmışdır.
Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycana rəhbərliyi dövründə də “Kitabi-Dədə Qorqud”a böyük dəyər vermiş və ardıcıl diqqət göstərmişdir. Görkəmli dövlət xadiminin 20 aprel 1997-ci il tarixli Fərmanı əsasında “Kitabi-Dədə Qorqud”un 1300 illiyinin geniş şəkildə qeyd edilməsi üçün hərtərəfli tədbirlər həyata keçirilmiş, respublikamızda və bir sıra xarici ölkələrdə elmi konfranslar təşkil olunmuşdur. 1998-ci ildə YUNESKO-da beynəlxalq simpoziumun təşkili eposun dünya miqyasında təbliği işinə ciddi töhfə idi. 2000-ci ildə ikicildlik “Kitabi-Dədə Qorqud” ensiklopediyası”nın nəşri də bu baxımdan böyük önəm daşıyır. Elə həmin il dastanın 1300 illiyi ilə əlaqədar Bakıda möhtəşəm zirvə tədbiri keçirilmişdir. Folklorumuzun möhtəşəm abidəsinin müxtəlif aspektlərdə və yeni təfəkkür işığında öyrənilməsi sahəsində də ciddi araşdırmalar ortaya çıxmışdır. Ümumiyyətlə, “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileyinin qeyd olunması barədə fərman eposun təbliği və tədqiqi baxımından son dərəcə böyük əhəmiyyətə malikdir. Ulu öndər Heydər Əliyev bu barədə demişdir: “Fərmanın ən böyük əhəmiyyəti ondan ibarətdir ki, o, “Kitabi-Dədə Qorqud” dastanının ən azı 1300 il yaşı olduğunu dünyaya nümayiş etdirdi. Bu fərmanla biz bildirdik ki, “Kitabi-Dədə Qorqud” dastanı bütün Türk dünyasına məxsusdur, onun vətəni Azərbaycandır, sahibi Azərbaycan xalqıdır, müstəqil Azərbaycan dövlətidir”.

Xalqımızın böyük oğlu Heydər Əliyev həmin fərmanadək görülmüş işləri, H.Aras­lı, M. Təhmasib, Ə.Dəmirçizadə, F.Zeynalov, S.Əlizadə və digər qorqudşünas alimlərin araşdırmalarını, müxtəlif ədiblərin dastanın motivləri əsasında qələmə aldıqları ədəbi əsərləri, çəkilmiş bədii filmi yüksək qiymətləndirmiş, bütün bunları eposun təbliği və tədqiqi sahəsində birinci mərhələnin uğurları saymış, yubiley barədə fərman verilməsi ilə həyata keçirilən çoxşaxəli tədbirləri ikinci mərhələnin başlanması kimi dəyərləndirmişdir.
“Kitabi-Dədə Qorqud”u “Azərbaycan tarixinin, mədəniyyətinin, elminin, ədəbiyyatının ən görkəm­li, ən parlaq abidəsi” sayan dahi rəhbərin diqqət yönəltdiyi başqa bir məqam da vətənimiz və xalqımız üçün bu eposun möhtəşəm dəyərini dəqiqliklə önə çəkir. Ulu öndər deyirdi: “Kitabi-Dədə Qorqud” dastanının fövqəladə əhəmiyyəti ondan ibarətdir ki, o, bizim tariximizin 1300 illik dövrünü həm əks etdirir, həm də bir daha təsdiq edir. O, tarixi köklərimizi dünyaya göstərir, oğuz, türk mənşəyimizi və zəngin tariximizi sübut edir. Bunlar bizim hamımız üçün, xalqımızın bu günü, gələcəyi üçün əhəmiyyətlidir”.
Dünya elmində “Kitabi-Dədə Qorqud”un bir qədim epos olaraq istər etnik, mənşə, istər tarixi-coğrafi, ərazi, istərsə də dil və məfkurə baxımından Azərbaycan xalqına mənsubluğu barədə qəti qənaətlərin varlığını xüsusi vurğulayan ümümmilli liderimiz bunu dastanın tariximiz üçün ən böyük, ən əsas və ən birinci xidməti kimi dəyərləndirmişdir. “Kitabi-Dədə Qorqud”u qəhrəmanlıq eposu kimi yüksək dəyərləndirən dahi rəhbər diqqəti həm də ona yönəltmişdir ki, bu dastan “bir cəngavər, bir igid haqqında yox, bütöv bir xalqın qəhrəmanlığını özündə cəmləşdirən bir eposdur. Onun ən böyük ideyası baş sərkərdədən tutmuş böyükdən-kiçiyə kimi bütün qəhrəmanlarının doğma torpaqlarını qorumaq uğrunda canlarından keçməyə daim hazır olduqlarını göstərməkdir”.
Dastanın belə məziyyətlərinin çağdaş nəsillərin vətənpərvərlik və qəhrəmanlıq ruhunda tərbiyəsində böyük önəm daşıması barədə də dahi rəhbərin mühüm fikirləri vardır.
“Kitabi-Dədə Qorqud”a bütün incəliklərinə qədər bələd olan ulu öndər folklorumuzun bu möhtəşəm abidəsində böyüyə hörmət, ata-anaya məhəbbət, iman və etiqad, namus və qeyrət, ailəyə, torpağa, vətənə sədaqət kimi insani keyfiyyətlərin ifadəsini də yüksək qiymətləndirmiş, belə mənəvi məziyyətlərin yüz illər boyu yaşadıldığını, nəsildən-nəslə ötürüldüyünü, Qorqud övladlarının qanına ana südü ilə, ata nəfəsi ilə birlikdə daxil olduğunu, son mənzilə qədər də onlarla birlikdə getdiyini nəzərə çatdırmış, dəqiqliklə bu nəticəyə gəlmişdir ki: “Kitabi-Dədə Qorqud” həm də bizim etika kitabımız, əxlaq kodeksimizdir”.
Dastanın bütün ideya-bədii strukturunda mühüm yer tutan əxlaqi-etik qayə və prinsiplərin çağdaş mərhələdəki rolu da dahi rəhbər tərəfindən layiqincə qiymətləndirilmişdir: “Müasir dövrdə azərbaycanlıların mentalitetində milli və ümumbəşəri dəyərlərin yerinin müəyyənləşdirilməsi də Dədə Qorqudun etik prinsiplərindən çıxış etməklə gerçəkləşir”. “Kitabi-Dədə Qorqud”un mənəvi və estetik dəyərlərin vəhdətini özündə əks etdirməsi məsələsinə də diqqət yetirən ulu öndər dastanı həm də “bizim milli estetikamızın mötəbər qaynağı” kimi nəzərdən keçirmiş və yüksək dəyərləndirmişdir.
Dastandakı Dədə Qorqud obrazı barədə də görkəmli dövlət xadimi Heydər Əliyevin mühüm fikirləri vardır. Ümummilli liderimiz həmin obrazın əsas mahiyyətini, onun hikmətli kəlamlarının müasirlik ruhunu, heç zaman əhəmiyyətini itirmədiyini belə səciyyələndirmişdir: “Əsərin bütün boylarında Dədə Qorqud nurani el ağsaqqalı və müdrik filosof keyfiyyətlərini daşıyan ozan olaraq çıxış edir. Dədə Qorqud fəlsəfəsi arxaik olduğu qədər də müasirdir”.
Bütün digər sahələrlə yanaşı, ədəbiyyat və mədəniyyətə, o cümlədən “Kitabi-Dədə Qorqud”a da yaxından bələd olan dahi mütəfəkkirin aşağıdakı qiymətli fikirləri isə bu eposu dilimizin, düşüncə sistemimizin möhtəşəmliyini ifadə edən ulu qaynaq kimi dəyərləndirir: “Azərbaycan xalqının tarixinin, etnik yaddaşının, arxaik təfəkkürünün güzgüsü olan “Kitabi-Dədə Qorqud” nitqimizin, dilimizin, mənəviyyatımızın, ruhumuzun nəğməsi kimi də böyük mədəni-estetik əhəmiyyət kəsb edir”.
Dastanın hazırkı mərhələdə xalqımızın hər bir nümayəndəsinin, o cümlədən yeniyetmə və gənc­lərin vətənpərvərlik və qəhrəmanlıq tərbiyəsində, onlarda milli ruha, soykökə bağlılıq qayəsinin formalaşdırılmasında mühüm roluna da ulu öndər Heydər Əliyev böyük önəm vermişdir. Ümummilli liderimiz Heydər Əliyev dastanı bu cəhətdən də yüksək qiymətləndirərək demişdir: “Bizim zəngin tariximiz, qədim mədəniyyətimiz və milli-mənəvi dəyərlərimiz “Kitabi-Dədə Qorqud” eposunda öz əksini tapmışdır. Bu epos bizim ümumi sərvətimizdir və hər bir azərbaycanlı onunla haqlı olaraq fəxr edə bilər. Dastanın məzmununu, mənasını, onun hər bir kəlməsini hər bir azərbaycanlı məktəbdən başlayaraq bilməlidir. Bu, bizim ana kitabımızdır və gənclik bu kitabı nə qədər dərindən bilsə, millətini, xalqını, vətənini, müstəqil Azərbaycanı bir o qədər çox sevəcəkdir”.
Bütün bunlara görə ulu öndər dastanın xalq içərisində geniş şəkildə təbliğ olunmasını, hər bir azərbaycanlının onu dərindən mənimsəməsini tövsiyə etmiş, bu məqsədlə ədəbi-bədii, mədəni-kütləvi xarakterli tədbirlərin həyata keçirilməsini məxsusi vurğulamışdır. Ümummilli lider demişdir: “Kitabi-Dədə Qorqud”un elmi nöqteyi-nəzərdən tədqiq edilməsi bizim üçün çox lazımdır. Eyni zamanda “Kitabi-Dədə Qorqud” Azərbaycan ictimaiyyəti, kütlə, xalq üçün tanınmalıdır”.
O da ayrıca qeyd olunmalıdır ki, ulu öndər “Kitabi-Dədə Qorqud”la bağlı tədbirlərin ardıcıl və müntəzəm xarakter daşımasını, yalnız yubileylə məhdudlaşmamasını vacib saymış və demişdir ki, “1997-ci ildə verilmiş fərman gələcək çox illər, on illər üçün böyük perspektiv açıbdır. Biz böyük bir perspektiv plan hazırlamalı və onu ardıcıl surətdə həyata keçirməliyik”. Bununla əlaqədar olaraq dahi rəhbər eposun tədqiqi və təbliği sahəsində sistemli tədbirlərin davam etdirilməsi, dastan əsasında çoxseriyalı bədii filmin, yaxud böyük bir serialın çəkilməsi, Dədə Qorquda həsr olunan abidə-kompleksin yaradılması barədə də fikirlər irəli sürmüşdür.
“Kitabi-Dədə Qorqud” dastanı kimi böyük elm, mədəniyyət, ədəbiyyat abidəsi olan xalq öz tarixi ilə fəxr edə bilər!” – deyən ulu öndər Heydər Əliyevin siyasi kursunu yüksək səviyyədə və hərtərəfli şəkildə davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev bu möhtəşəm dastana münasibətdə də dahi rəhbərin ideyalarını layiqincə həyata keçirir. 13 dekabr 2013-cü il tarixdə respublikamızın paytaxtı Bakı şəhərində Dədə Qorqud abidəsinin və Dədə Qorqud parkının açılışı, epos əsasında çoxseriyalı bədii tele­viziya filminin çəkilməsi haqqında ölkə Prezidentinin 28 dekabr 2013-cü il tarixli Sərəncamı bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Ölkəmizin rəhbəri dastana yüksək qiymət verərək demişdir: “Kitabi-Dədə Qorqud” Azərbaycan xalqının milli sərvətidir. Bu əsərdə Azərbaycan xalqının keçmiş həyat tərzi, məişəti, psixologiyası əks olunmuşdur... Bu dastan hər bir azərbaycanlı üçün əzizdir”.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında” 20 fevral 2015-ci il tarixli Sərəncamında milli-mədəni irsin qorunub yaşadılması və yeni nəsillərin Azərbaycançılıq ruhunda tərbiyə olunmasında “Kitabi-Dədə Qorqud”un böyük əhəmiyyəti məxsusi vurğulanmışdır. Sərəncama uyğun olaraq, bu əlamətdar yubileylə əlaqədar ölkəmizdə sistemli tədbirlər həyata keçirilir.
Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da “Kitabi-Dədə Qorqud”la əlaqədar çoxsaylı işlər görülmüş və görülməkdədir. Hələ 1999-cu ildə Naxçıvan şəhərində Dədə Qorqud meydanının yaradılması, həmin meydanda Dədə Qorqudun abidəsinin ucaldılması təkcə xalqımızın müdriklik rəmzi olan bu böyük ozana deyil, bütövlükdə, milli-mənəvi dəyərlərə, ədəbi-mədəni irsə ehtiramın ifadəsi kimi mühüm dəyərə malikdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında” 20 fevral 2015-ci il tarixli Sərəncamına uyğun olaraq, muxtar respublikamızda da sistemli işlər görülür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təsdiq etdiyi Tədbirlər Planına əsasən bu yubiley geniş şəkildə qeyd olunur. Keçirilən elmi konfranslar, təşkil olunan açıq dərslər, dəyirmi masalar, kütləvi informasiya vasitələrində verilən müvafiq materiallar və sair bu baxımdan təqdirəlayiqdir. “Naxçıvanda Dədə Qorqud” mövzusunda beynəlxalq elmi simpoziumun keçirilməsi də ən mühüm tədbirlər sırasındadır. Bütün bunlar möhtəşəm mənəviyyat abidəmiz olan “Kitabi-Dədə Qorqud”a ulu öndər Heydər Əliyevin göstərdiyi böyük diqqətin uğurlu davamıdır.
Dünya azərbaycanlılarının 2001-ci ildə keçirilmiş birinci qurultayındakı nitqində öz arzularını, xeyir-duasını Dədə Qorqud deyimləri ilə yekunlaşdıran ümummilli liderin müdrik tövsiyələri xalqımız üçün öz müqəddəs dəyərini daima saxlayacaqdır: “Harada yaşamasından asılı olmayaraq, hər bir ailəyə, hər bir azərbaycanlıya xoşbəxt həyat və xoşbəxt gələcək arzulayıram! Qoy çaylarımız qurumasın! Qoy ağaclarımız kəsilməsin! Qoy çırağımız sönməsin!
Azərbaycan xalqına eşq olsun!
Yaşasın müstəqil Azərbaycan, Azərbaycan, Azərbaycan!”

Hüseyn HƏŞİMLİ
filologiya üzrə elmlər doktoru, Əməkdar elm xadimi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR