24 Dekabr 2024, Çərşənbə axşamı

Dekabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsində “Naxçıvan müstəqillik illərində: Hədəflər, inkişaf, nəticələr” mövzusunda ikigünlük elmi konfrans öz işinə başlamışdır.
Konfransı giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bildirmişdir ki, müstəqillik illərində muxtar respublikada böyük quruculuq pro­qramı gerçəkləşdirilmiş, bütün sahələrdə mühüm nailiyyətlər əldə olunmuşdur. Bu dövrdə muxtar respublikada aparılan genişmiqyaslı quruculuq tədbirləri, regionun hərtərəfli inkişafı beşminillik şəhər mədəniyyəti tarixinə malik Naxçıvanda heyrətamiz bir inkişaf dövrü kimi yaddaşlarda yaşayacaqdır.
“Naxçıvan Muxtar Respublikası yeni inkişaf mərhələsində” mövzusunda məruzə ilə çıxış edən iqtisadiyyat və sənaye naziri Famil Seyid­ov qeyd etmişdir ki, müstəqillik illərində həyata keçirilmiş iqtisadi islahatlar qısa dövr ərzində muxtar respublikada makroiqtisadi sabitliyin bərqərar olmasını təmin etmiş, iqtisadiyyatın dinamik inkişafına təkan vermişdir. Ümumi daxili məhsulun həcmi 54,7 dəfə artaraq 2 milyard 391 milyon manat təşkil etmişdir. Hər bir nəfərə düşən ÜDM-in həc­mi 41,4 dəfə artaraq 5465 manat olmuşdur.

Bildirilmişdir ki, mövcud resurslardan səmərəli istifadə etməklə hədəflərə yönələn məqsədli dövlət proqramlarının uğurlu icrası nəticəsində yüksək texnologiyalar əsasında mebel, maşınqayırma, metallurgiya, kimya, mədənçıxarma, yüngül və yeyinti sənayesi, kənd təsərrüfatı təyinatlı 852 istehsal və xidmət sahəsi yaradılmışdır. Ötən dövrdə sənaye müəssisələrinin sayı 7,8 dəfə artmış, sənaye məhsulunun həcmi 97,6 dəfə artaraq 891 milyon manatdan çox olmuşdur. Muxtar respublikada fəaliyyəti bərpa edilmiş və ya yeni qurulmuş müəssisələrdə istehsal olunan məhsulların növü 361-ə çatmış, 343 növdə məhsula olan tələbatın tamamilə yerli istehsal hesabına ödənilməsi təmin edilmişdir.
Vurğulanmışdır ki, blokada şəraitinin yaratdığı çətinliklərə görə energetika sahəsində ciddi problemlərlə üz-üzə qalan muxtar respublikaya uzunmüddətli fasilədən sonra təbii qaz nəqli bərpa olunmuşdur. 20 il bundan əvvəl muxtar respublikada cəmi bir elektrik enerjisi istehsal edən müəssisə fəaliyyət göstərirdisə, keçən müddət ərzində bu sahədə aparılan məqsədyönlü tədbirlər nəticəsində enerji istehsalı müəssisələrinin sayı 8-ə, ümumi gücü 237,4 meqavata çatdırılmışdır. Hazırda Ordubad rayonunda 36 meqavat gücündə su elektrik stansiyasının inşası davam etdirilir. Muxtar respublikamızda ilk dəfə olaraq 20 meqavat gücündə Günəş Elektrik Stansiyası istifadəyə verilmişdir. Bu gün muxtar respublikamız elektrik enerjisi idxal olunan regiondan elektrik enerjisi ixrac edən regiona çevrilmişdir.
Nəzərə çatdırılmışdır ki, muxtar respublikada aqrar sektorun inkişafına da xüsusi diqqət göstərilir. “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” və “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın uğurlu icrası nəticəsində aqrar sektorun çoxsahəli sabit inkişafına nail olunmuşdur. Belə ki, son 20 ildə kənd təsərrüfatı bitkilərinin əkin sahəsi 25,5 min hektardan 61,4 min hektara çatdırılmışdır. Aqrar sektorun inkişafı və əhalinin ərzaq məhsullarına olan tələbatının ödənilməsində xüsusi önəm daşıyan sahələr üzrə dövlət maliyyə dəstəyi ilə 230 heyvandarlıq, 64 ətlik və yumurtalıq istiqamətində quşçuluq, 95 arıçılıq, 72 bağçılıq və 13 balıqçılıq təsərrüfatı yaradılmışdır.
“Muxtar respublika iqtisadiyyatına yönəldilmiş investisiyaların həcmi 303,3 dəfə artaraq 925 milyon manat təşkil etmişdir. Ümumilikdə, muxtar respublika iqtisadiyyatına 6 milyard 276 milyon manat investisiya yönəldilmişdir”, – deyən Famil Seyidov qeyd etmişdir ki, bu gün naxçıvanlı sahibkarların istehsal etdiyi məhsulların sorağı artıq onun hüdudlarını aşmışdır. Muxtar respublikada fəaliyyət göstərən ixrac potensiallı 40 müəssisədə istehsal olunan ixracyönümlü məhsullar Türkiyə, Ukrayna, Qazaxıstan, Gürcüstan, Belarus, Litva, Türkmənistan, Rusiya və İran kimi ölkələrə göndərilir.
“Naxçıvan Muxtar Respublikasında təhsilin inkişafı” mövzusunda məruzə ilə çıxış edən təhsil naziri Piri Nağıyev bildirmişdir ki, blokada şəraitinin çətinliklərinə baxmayaraq, muxtar respublikada təhsilin inkişafında mühüm irəliləyişlər əldə edilmişdir. Müstəqillik illərində Naxçıvan Muxtar Respublikasının şəhər, kənd və qəsəbələrində 200-dən çox təhsil müəssisəsi tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilmişdir. Ümumtəhsil məktəblərinə 3700 dəst müasir kompüter verilmiş, onların 84 faizi internetə qoşulmuşdur. Bununla yanaşı, təhsilin informasiya mühitinin yaradılması məqsədilə ümumtəhsil məktəblərində 600-dən çox elektron lövhə quraşdırılmışdır.
Vurğulanmışdır ki, təhsilin dövlət səviyyəsində himayə olunması sayəsində muxtar respublikada yüksək təhsil mühiti formalaşmış, həm kəmiyyət, həm də keyfiyyət baxımından irəliləyişlər əldə olunmuşdur. Ümumtəhsil məktəblərinin ali təhsil müəssisələrinə tələbə qəbulunun nəticələri bunun əyani sübutudur. 1995-1996-cı tədris ilində ümumtəhsil məktəblərini bitirmiş 3512 məzundan 1301 nəfəri ali təhsil müəssisələrinə qəbul üçün sənəd vermiş və onlardan 401 nəfəri respublikamızın müxtəlif ali təhsil ocaqlarına qəbul olunmuşdur. 2014-2015-ci tədris ilində isə ümumtəhsil məktəblərini 3331 məzun bitirmiş, onlardan 2638 nəfəri, məktəbi bitirənlərin 79,2 faizi ali məktəblərə qəbul üçün sənəd vermişdir. Qəbul imtahanlarında iştirak edən abituriyentlərdən 1582 nəfəri ali məktəblərə qəbul olunmuşdur ki, bu da sənəd verənlərin 60 faizini təşkil edir. Ali məktəblərə qəbul olunanlardan 313 nəfəri 500-700 intervalında bal toplamışdır.
“Naxçıvan Muxtar Respublikasında mədəniyyətin inkişafı” mövzusunda məruzə ilə çıxış edən mədəniyyət və turizm naziri Natəvan Qədimova demişdir ki, muxtar respublikada mədəniyyət və incəsənətimizin bütün sahələrinə göstərilən diqqət və qayğı qədim diyarımızda mədəni yüksəlişin hərtərəfli inkişafını təmin etmişdir. Müstəqillik illərində mədəni irsimizin qorunması, yeni muzeylərin yaradılması, xalq yaradıcılığının inkişaf etdirilməsi, tarixi abidələrin mühafizəsi və bərpası, görkəmli şəxsiyyətlərimizin xatirəsinin əbədiləşdirilməsi və yubileylərinin qeyd olunması ilə bağlı Ali Məclisin Sədri tərəfindən 100-dən çox fərman və sərəncam imzalanmışdır.
Diqqətə çatdırılmışdır ki, bu gün Naxçıvan Muxtar Respublikasında 1200-dən çox tarix və mədəniyyət abidəsi qeydə alınmışdır. Son illər muxtar respublikada 70-ə yaxın tarix və mədəniyyət abidəsi əsaslı şəkildə bərpa və təmir olunmuşdur. Hazırda Əlincəqalada və Gülüstan türbəsində bərpa işləri başa çatmaq üzrədir. Əgər 1997-ci ilədək Naxçıvan Muxtar Respublikasında 13 muzey vardısa, hazırda qədim diyarımızda 28 muzey və muzeytipli müəssisə fəaliyyət göstərir.
Bildirilmişdir ki, muxtar respublikada gedən mədəni yüksəliş kitabxanalara da öz təsirini göstərmişdir. Muxtar respublikanın bölgələrində inşa olunan 100-dən çox kənd mərkəzində kitabxanalar üçün nümunəvi şərait yaradılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının 90 illik yubileyinin keçirilməsi haqqında” 19 aprel 2012-ci il tarixli Sərəncamına uyğun olaraq burada elektron kitabxana yaradılmışdır.
AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev “Naxçıvan Muxtar Respublikasında elmin inkişaf səviyyəsi” mövzusundakı məruzəsində bildirmişdir ki, AMEA-nın Naxçıvan Bölməsinin yaradılması strateji məqsədlərə hesablanmış və muxtar respublikada elmin daha da inkişaf etməsinə geniş imkanlar açmışdır. Naxçıvan Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu və “Naxçıvan” Universitetinin professor-müəllim heyəti də Naxçıvanda elmin inkişafında, elmi kadrların hazırlanmasında yaxından iştirak edir. Hazırda muxtar respublikada 35 nəfər elmlər doktoru, 195 nəfər fəlsəfə doktoru fəaliyyət göstərir. Azərbaycan Milli Elmlər Akademiyasına 2003, 2007 və 2014-cü illərdə keçirilən seçkilərdə Naxçıvandan olan elm adamlarından 3 nəfəri akademik, 13 nəfəri müxbir üzv seçilmişdir.
Qeyd olunmuşdur ki, AMEA Naxçıvan Bölməsinin 6 elmi-tədqiqat müəssisəsinin 100-ə yaxın elmi işçisi, ali təhsil müəssisələrinin 420 nəfər professor-müəllim heyəti elmi-tədqiqat işləri ilə bu və ya digər səviyyədə məşğuldurlar. Onların apardıqları elmi-tədqiqat işlərinin nəticələri dünyanın müxtəlif ölkələrinin ən nüfuzlu jurnallarında, ölkəmizin və muxtar respublikamızın elmi jurnallarında dərc edilir. Son illər muxtar respublika tədqiqatçılarının 208 monoqrafiyası, 750-yə yaxın kitabı, 320-dən çox dərslik, dərs və tədris vəsaiti, 18 min 342 məqalə və tezisi nəşr edilmişdir.
Konfrans bölmə iclasları ilə öz işini davam etdirir.

 Rauf Əliyev

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR