Muxtar respublikamızda diqqət mərkəzində saxlanılan məsələlərdən biri də ekoloji problemlərin həlli, ətraf mühitin qorunması, təbiətin zənginləşdirilməsidir. Bu məqsədlə həyata keçirilən iməciliklər artıq bir ənənə şəklini alıb.
Noyabrın 28-də keçirilən növbəti iməciliklərdə yaşıllıq zolaqlarına aqrotexniki qulluq göstərilib, belə sahələr ağac və gül kollarının əkini ilə genişləndirilib. Belə ki, Naxçıvan şəhər sakinləri Sement Zavodunun yaxınlığında 2,5 hektarlıq ərazidə 1800 ədəd meyvə, Şıxmahmud kəndi yaxınlığında 100 ədəd meşə və 300 ədəd həmişəyaşıl, Böyükdüz kəndi yolunda 400 ədəd meyvə ağacı əkiblər.
Şərur rayonunun Yuxarı Daşarx, Gümüşlü və Dizə kəndlərində, ümumilikdə, 1300 ədəd meşə ağacı əkilib.
Babəklilər rayonun Nehrəm kəndi yolunun kənarlarında 650 ədəd, Babək qəsəbəsində 350 ədəd həmişəyaşıl ağac, Nehrəm kəndində 250 ədəd meşə ağacı əkiblər.
Ordubad rayonunda keçirilən iməciliklərdə Naxçıvan-Ordubad magistral yolunun Dəstə kəndi ərazisində 300, Əylis düzündə 350, rayonun girəcəyində 320 ədəd meyvə ağacı əkilib.
Culfa rayonunun sakinləri tərəfindən isə Əlincəqalanın ətəklərində 700 ədəd meşə və 400 ədəd həmişəyaşıl ağac, Əlincəqalaya gedən yolun kənarlarında 300 ədəd meşə, rayonun kəndlərində isə, ümumilikdə, 800 ədəd meyvə ağacı əkilib.
Kəngərli rayonunda keçirilən iməciliklərdə Xıncab kəndində 4 min, Yurdçu kəndində 400, Püsyan kənd yolunun kənarlarında 1060 ədəd meyvə, Naxçıvan-Sədərək magistral yolunun Xok, Qabıllı kəndləri hissəsində 390 ədəd meşə ağacı əkilib.
Şahbuzlular yeni istifadəyə verilmiş Bayraq Meydanının ətrafında 1,2 hektarlıq ərazidə 1130 ədəd meyvə ağacı əkiblər.
Sədərək rayonunun Qaraağac kəndində 3 hektarlıq ərazidə və kənd yolunun kənarında 400 ədəd meyvə ağacı əkilib.
Həmin gün Naxçıvan və Ordubad şəhərlərində, Şərur rayonunun Dizə, Babək rayonunun Zeynəddin, Culfa rayonunun Camaldın, Kəngərli rayonunun Şahtaxtı, Şahbuz rayonunun Mahmudoba kəndlərində, Sədərək rayonunun Heydərabad qəsəbəsində yaşayan ahıl vətəndaşların həyətlərində abadlıq və təmizlik işləri aparılıb.
Xəbərlər şöbəsi