24 Dekabr 2024, Çərşənbə axşamı

“Sədərək” sözünün xalqımızın düşüncəsinə həkk olunmuş bir mənası var. Bu məna özündə qəhrəman, əyilməz, düşmənlə üz-üzə mərdanə dayanan bir Vətən torpağı simvolunu xarakterizə edir. Sədərək Azərbaycanın istər ərazi bütövlüyünün, istərsə də tarixi, siyasi, coğrafi mövqeyinin qorunmasında çox böyük rola malikdir. Ölkəmizin cənub-qərb sərhədlərində üç dövlətlə həmsərhəd olan, Azərbaycanı ümumi Türk dünyası ilə bağlayan Sədərək rayonu ötən əsrin sonlarında mənfur düşmənlə döyüşdə xeyli şəhid versə də, üzərinə bombalar yağdırılsa da, bu ölüm və ya qalım mübarizəsində ikinci yolu seçərək birincilərdən olmağı şərəflə bacarıb.
1990-1993-cü illərdə mənfur ermənilər Sədərəyə 14 dəfə genişmiqyaslı hücum planı həyata keçirməyə çalışıblar. Ancaq hər dəfə də güclü müqavimətlə qarşılaşıblar. Bu qeyri-bərabər döyüşlərdə 108 nəfər şəhid olub, 500-ə yaxın insan yaralanıb. Şəhid olanlardan 58 nəfəri rayonun öz yetirmələri olub. 20-25 il bundan əvvəl ərazisi döyüş poliqonuna çevrilən, inzibati və yaşayış binaları top mərmiləri nəticəsində dağıdılan Sədərək rayonu bütün çətinliklərə mərdliklə sinə gərərək ən yaxın tariximizə adını qızıl hərflərlə yazdırıb. Ötən 20 ildə isə böyük bir inkişaf yolu keçərək hərtərəfli tərəqqi yoluna qədəm qoyub. Sərhəd bölgəsi Sədərək bu gün yağı düşmənlə üz-üzə inkişafın, sabitliyin, mətinliyin əyani mənzərəsini özündə əks etdirməklə həm də müqəddəs sərhədlərimizin müdafiəsinə öz töhfəsini verməkdədir. Məhz buna görə də Vətən həm də Sədərəkdən başlayır...

Sədərək rayon kimi muxtar respublikanın inzibati ərazi bölgüsünə 1990-cı il avqustun 28-də daxil edilib. Rayon mərkəzi olan indiki Heydərabad qəsəbəsi ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə salınıb. Ulu öndər 2002-ci ildə sədərəklilərlə görüşündə bu haqda demişdir: “Sədərək rayonunun Naxçıvan Muxtar Respublikasında, o cümlədən Azərbaycanda xüsusi yeri var. Böyük bir kənd olmuş və rayon statusu almış Sədərək həmişə Azərbaycanın ən kənar yerində, sərhəddə yerləşərək Azərbaycan torpaqlarını qorumuş, saxlamış və mərdlik nümunələri göstərmişdir. Mən indi qəsəbəni belə görəndə həddindən artıq sevinirəm. Çünki sizin, yəqin ki, xatirinizdədir. Vaxtı ilə 1977-1978-ci illərdə mən Azərbaycanın başçısı olduğum zaman kənddən aralı bu qəsəbənin salınması haqqında qərar verdim. Nə üçün kənddən aralı? Ona görə ki, o vaxtlar ermənilər yavaş-yavaş bu torpaqlara iddia edir, “bu, bizimdir, o, bizimdir” deyirdilər. Ona görə mən burada o vaxtlar bu qəsəbəni salmaq barədə göstəriş verdim. Layihələr hazırlandı, qəsəbə tikildi və sədərəklilərin bəziləri də buraya köçüb yaşamağa başladılar”.
Ötən dövr ərzində bu rayonun inkişafı diqqət mərkəzində saxlanılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 15 mart 2000-ci il tarixdə imzaladığı “Sədərək rayonunun sosial-iqtisadi inkişafı haqqında” Sərəncam bölgənin hərtərəfli inkişafında mühüm əhəmiyyət kəsb etməklə yanaşı, bu qədim yurd yerinin insanlarında sabaha olan inamı da artırıb.
Rayon mərkəzi Heydərabad qəsəbəsinin özünəməxsus gözəlliyi var. Mənfur düşmənlə cəmi bir neçə yüz metr məsafədə üz-üzə yerləşən bu qəsəbədə bir-birindən yaraşıqlı inzibati və yaşayış binaları, istirahət parkı, rayonun idarə və müəssisələri üçün tikilmiş yeni quruculuq ünvanları göz oxşayır. Buradakı bütün yollar öz rahatlığı ilə seçilir. Qəsəbədaxili bütün yollara asfalt döşənib, işıqlandırma sistemi quraşdırılıb. Ətrafda yaradılmış yaşıllıq zolaqları və gülkarlıqlar bu gözəlliyi daha da artırır. Səliqə-sahman və sakitlik isə buranın daimi həyat tərzinə çevrilib. İstənilən binanın pəncərəsindən düşmən postlarının göründüyü bu qəsəbədə həyatın normal tərzdə davam etməsi bura yolu düşən hər kəsi təəccübləndirmək üçün yetərlidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2010-cu il oktyabrın 5-də muxtar respublikaya səfəri çərçivəsində Sədərək rayonunun Heydərabad qəsəbəsinə gəlib, burada istifadəyə verilən yeni obyektlərin açılış mərasimində iştirak edib. Ölkə başçısı qəsəbə sakinləri qarşısında çıxış edərək deyib: “Sizi qəsəbənin açılışı münasibətilə təbrik edirəm. Gözəl evlər, binalar tikilib. Qəsəbə yeni dövrə qədəm qoyur. Bütün işlər ən müasir səviyyədə görülübdür. Çox şadam ki, respublika rəhbərliyi bütün bu işləri qısa müddət ərzində çox böyük keyfiyyətlə gördü. Bu, doğrudan da böyük hadisədir.
Heydərabad qəsəbəsinin Azərbaycan tarixində çox mühüm yeri vardır. Siz düşmənlə üz-üzəsiniz, sərhəddəsiniz və vaxtilə buralar dağıdılmışdı. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və işğalçı siyasəti bu bölgələri də əhatə etmişdir. Məhz ulu öndər Heydər Əliyevin fəaliyyəti və qətiyyəti, müdrikliyi nəticəsində Naxçıvan özünü qoruya bilmişdir... Əgər o vaxt Heydər Əliyev Naxçıvana gəlməsəydi və burada bütün işləri lazımi səviyyədə görməsəydi, Naxçıvanın aqibəti çox acınacaqlı ola bilərdi. Biz qədim torpağımızı itirə bilərdik”.
Sədərək kəndi muxtar respublikanın ən böyük yaşayış məntəqələrindən biridir. 15 min 500-dən çox sakini olan rayonun 8 min 500 nəfərdən çoxu bu kənddə yaşayır. Sədərək kəndi iri yaşayış məntəqəsi kimi öz inkişafı ilə diqqət çəkir. Məsələn, kənddə hazırda böyük bazar kompleksi, iaşə obyektləri, 450 nəfərlik şadlıq evi, çörəkbişirmə, avtomobil təmiri, xalçatoxuma sexləri fəaliyyət göstərir. 2010-cu ildə burada 26 çarpayılıq rayon Mərkəzi Xəstəxanası, 2 nömrəli tam orta məktəbin binası, 2012-ci ildə Sədərək Kənd Mərkəzi, 2014-cü ildə 1 nömrəli tam orta məktəb üçün bina, Sədərək Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin inzibati binası istifadəyə verilib. Hazırda isə kənddə iki şəhid ailəsi üçün ev tikilir. Kənddaxili yolların abadlaşdırılması, eyni zamanda Heydərabad qəsəbəsi ilə kəndi birləşdirən yeni avtomobil yolunun istifadəyə verilməsi gediş-gəlişi xeyli asanlaşdırmaqla bərabər, vaxta da qənaət edilməsinə şərait yaradır.
Sədərək kəndi həm də kənd təsərrüfatının inkişaf etdirildiyi mühüm yaşayış məntəqələrindəndir. Kəndin 2721 hektar əkin sahəsində, əsasən, taxılçılıq və meyvəçilik inkişaf etdirilir. Burada 2 min başa yaxın iribuynuzlu, 11 min başdan çox xırdabuynuzlu heyvan saxlanılır.
Qaraağac kəndi də indi öz müasir görkəmi ilə göz oxşayır. 2004-cü ildə burada kənd tam orta məktəbinin binası yenidən qurularaq müəllim və şagirdlərin istifadəsinə verilib. 2009-cu ildə isə kənddə kompleks quruculuq işləri aparılıb, yeni kənd və xidmət mərkəzləri istifadəyə verilib, kəndin yollarına qara örtük salınıb.
Qeyd edək ki, ötən 20 il ərzində, ümumilikdə, Sədərək rayonunda çox böyük quruculuq və abadlıq tədbirləri həyata keçirilib. Belə ki, 1996-cı ildən 1 noyabr 2015-ci ilədək rayonda 1782 şagird yerlik 4 ümumtəhsil məktəbi, 1 uşaq musiqi məktəbi, 2 uşaq bağçası, 3 səhiyyə müəssisəsi, 4 mədəniyyət obyekti, 2 idman obyekti, 2 kənd mərkəzi tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib.
Rayon üzrə ötən illərin statistikasının müqayisəli təhlilinə baxsaq, bütün sahələrdə uğurlu nəticələrin əldə olunduğunu müşahidə etmiş olarıq. 2002-ci illə müqayisədə 2015-ci ilin yanvar-oktyabr aylarında əsas kapitala yönəldilmiş investisiyanın həcmi 127,9 dəfə artıb. 2002-ci ildə rayonda istehsal olunan sənaye məhsulunun həcmi 473,9 min manat idisə, cari ilin yanvar-oktyabr aylarında bu, 3 milyon 845 min manat olub ki, bu da sənaye məhsulunda 8,1 dəfə artım olduğunu göstərir.
Sədərək rayonu aqrar bölgə olduğundan burada kənd təsərrüfatının inkişafı daim diqqət mərkəzində olub. Kənd təsərrüfatı istehsalçılarına lazımi dövlət dəstəyinin göstərilməsi rayonda ilbəil həm əkin sahələrinin artırılmasına, həm də tədarük olunan məhsulun həcmində özünü göstərib. 15 il bundan əvvəl – 2000-ci ildə rayonun əkin sahələrinin ümumi həcmi 379 hektar idisə, bu il əkin sahələrinin həcmi 3574 hektara çatıb. Həmin dövrdə taxıl əkini 185 hektar olmuşdusa, cari ildə taxıl əkini sahələrinin həcmi 2132 hektar təşkil edib ki, bu da taxıl əkilən sahələrin həcminin 11,5 dəfə artdığını göstərir. Əldə olunmuş müsbət nəticələri heyvandarlıq təsərrüfatları haqqında da demək mümkündür. Rayonda soyuducu anbarın istifadəyə verilməsi, eləcə də muxtar respublikada mütəmadi olaraq kənd təsərrüfatı yarmarkalarının təşkili təsərrüfatçıların satış probleminin həll olunmasına öz töhfəsini verib.
Sədərək rayonunda ötən dövr ərzində həyata keçirilən sosial-iqtisadi islahatlar əhalinin sosial rifahını təmin edib. Belə ki, ildən-ilə əldə olunan müsbət nəticələr insanların doğma yurda bağlılığına hərtərəfli şərait yaradıb. Bunu əhalinin şəxsi vəsaiti hesabına tikilən evlərin statistikasında da görmək mümkündür. Əgər 2003-cü ildə rayon üzrə tikilən evlərin həcmi cəmi 200 kvadratmetr təşkil edirdisə, 2015-ci ilin yanvar-sentyabr aylarında bu rəqəm 21,5 dəfə artaraq 4300 kvadratmetrə çatıb.
Rayonda əhalinin sosial rifahı üçün görülən işlərdən çoxsaylı misallar gətirmək olar. Ancaq əhalinin şəxsi vəsaiti hesabına tikilən evlərin müqayisəli həcmini ona görə xatırlatdıq ki, fərdi ev tikintisi insanlarda uzaq illərə hesablanmış məqsədin təzahürü, olduğu bölgədə yaşayıb-işləmək arzusunun nəticəsidir. Bunu belə bir fikirlə də ifadə etmək mümkündür ki, düşmənin döyüş postlarının yaxınlığında yerləşən Sədərəkdə yaşamaq və işləməyin “sirri” əhalinin dövlətimizə və onun gücünə olan inamıdır.

Yuxarıda qeyd olunan rəqəmlərin hər biri sərhəd bölgəsi Sədərəyin ötən dövr ərzində hərtərəfli inkişaf yolunda olduğunu göstərir. Muxtar respublikada bütün sahələr üzrə həyata keçirilən kompleks tədbirləri bu rayonun timsalında bir daha görmək mümkündür. Təbii ki, Sədərəyin hərtərəfli inkişafı hər gün onu açıq gözlə görən düşmənlərimiz üçün gözdağıdır. Bir zaman uğrunda qanlar axıdılan torpağın düşmənə ən böyük cavabı da elə budur! Məgər aparılan mübarizələrin əsl məqsədi də inkişaf etmək deyilmi?

Səbuhi Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR