24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə görüş keçirilib. Görüşü giriş sözü ilə xidmətin əməkdaşı Rahib Kərimov açaraq keçirilən tədbirin mahiyyətindən danışıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Əkbər Novruzov “Azərbaycan xalqının adət-ənənələri və bayramları” mövzusunda çıxış edərək bildirib ki, hər bir milləti dünyada tanıdan və onu digər xalqlardan fərqləndirən ən önəmli xüsusiyyətlərindən biri onun adət və ənənələridir. Bu baxımdan qloballaşan dünyada milli adət və ənənələr, onun əsasında formalaşdırılan yüksək mənəvi dəyərlər sistemi hər bir millətin mənəvi, mədəni simasını göstərir.
Qeyd olunub ki, dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqı da özünün zəngin milli, əxlaqi dəyərləri ilə bəşər sivilizasiyasına əvəzsiz töhfələr verib. Min illər boyu formalaşan və Azərbaycan xalqının yüksək mənəvi dəyərlərə malik olduğunu göstərən təkraredilməz adət və ənənələr millətimizin keçmişi ilə bu günü və gələcəyi arasında sarsılmaz bir mənəvi körpü rolunu oynamaqdadır. Təsadüfi deyil ki, adət və ənənələrin hər bir millətin həyatında oynadığı əvəzsiz rolu yüksək qiymətləndirən Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev demişdir: “Milli adət və ənənələr hər bir xalqın milli mədəniyyətinin zənginliyindən, qədim tarixi kökə malik olmasından xəbər verir”.

Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, bütün dövrlərdə mütərəqqi adət və ənənələrin yaradıcısı, eyni zamanda onu qoruyub zənginləşdirən və gələcək nəsillərə çatdıran xalqdır. Bayram adət-ənənələri, toy, yas mərasimləri, İslam dininin bəşəri hisləri təbliğ edən dəyərləri xalqımızın milli-mənəvi simasının aynası hesab edilir.
Vurğulanıb ki, xalqımızın milli bayramları içərisində Novruz bayramı özünəməxsus yer tutur. Novruz süfrəsi adət və ənənələrimizin zənginliyini göstərir. Belə ki, istər çərşənbələrdə, istərsə də Novruz axşamında süfrədə milli xörəklərimiz, ən başlıcası isə plov olmalıdır. Şəkərbura, paxlava, şəkərçörəyi və digər şirniyyatlar, kişmiş, püstə, badam, boyanmış yumurtalar süfrələrimizi bəzəyir. Çərşənbələrdə olduğu kimi, Novruz axşamında da tonqal qalanır, evlərdə ailə üzvlərinin hər birinin adına şam yandırılır. Bu bayramda kimsəsizlərə, ehtiyacı olanlara, ahıl insanlara baş çəkmək, onlara bayram sovqatı vermək savab hesab edilir. Milli adət-ənənələrimizin, bayramlarımızın slaydlarla nümayiş etdirildiyi tədbirdə bildirilib ki, ölkəmizdə, eləcə də muxtar respublikamızda milli dəyərlərin, adət-ənənələrin qorunmasına və yaşadılmasına böyük diqqət göstərilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 7 fevral 2009-cu il tarixli Sərəncamına əsasən, muxtar respublikada milli-mənəvi dəyərlərimizin qorunması, təbliği və gələcək nəsillərə ötürülməsi istiqamətində həyata keçirilən tədbirlər mühüm əhəmiyyət daşıyır. Belə tədbirlər unudulmaqda olan milli-mənəvi dəyərlərin yenidən xalqımıza qaytarılmasında, onların geniş şəkildə tətbiq və təbliğ olunmasında əvəzsiz rol oynayır.
Sonra görüş iştirakçılarına “Naxçıvan 2003-2013: hədəflər, inkişaf, nəticələr” kitabı paylanıb.
Sonda tədbir iştirakçıları “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksini ziyarət ediblər.

 Səbuhi Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR