Yüksək texnologiyalar dövrü adlandırılan XXI əsrdə postsənaye ölkələrinin iqtisadiyyat və infrastrukturunun səviyyəsinin universal ölçüsünün informasiya-kommunikasiya texnologiyalarının (İKT) təşkil etməsi birmənalı amillərdən hesab edilir. Çünki dünya sivilizasiyasının sürətli inkişafında informasiya texnologiyaları böyük əhəmiyyətə malikdir. Bu səbəbdən hər bir xalqın inkişafında, zamanla ayaqlaşmasında İKT-nin rolu barədə geniş danışmaq olar. Müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi hər bir ölkənin intellektual və elmi potensialının vacib göstəricilərindən biridir və bu prosesin zəruriliyi indiki qloballaşma dövründə daha çox hiss olunur. Bu texnologiyaların sürətli inkişafı və yayılması bəşəriyyətin inkişafı üçün geniş imkanlar yaradır.
Son dövrlərdə sosial media getdikcə daha da genişlənir. Və bu yolla İKT-nin həyatımızdakı rolu artır. Demək olar ki, hər birimiz gündəlik həyatımızda xəbər saytlarından istifadə edirik. Bunlar elə saytlardır ki, istifadəçilər həm oxuya, həm də münasibət bildirə bilirlər. İnformasiyanı bölüşmək və müzakirəyə çıxarmaq üçün də internet alətləri mövcuddur. Bu cür xəbər oxumaq isə hər yerdə mümkündür. Evdə, avtobusda, səyahətdə və sair.
Beləliklə, İKT asan və sürətli informasiya əldə etməyimizdə mühüm vasitədir. Bundan başqa, telefonu əvəzləyən və ünsiyyətin müasir versiyaları sayıla biləcək facebook, twitter, google+ və sair kimi sosial şəbəkələr bizim fiziki dünyamızın virtual forması kimi insanları bir yerə toplayır. Uzaq məsafələrlə görüntülü əlaqə saxlaya biləcəyimiz və çox ucuz başa gələn, ani ünsiyyət vasitələri olan whatsapp, skype, google talk, viber, tango və sair proqramlar vasitəsi ilə bütün dünya ilə canlı telefon bağlantısı yaradılır, internet üzərindən videokonfranslar keçirilir, sayt və proqramlar, bloqlar sayəsində insanların bir-biri ilə ünsiyyətinə və informasiya mübadiləsinə şərait yaranır. Bu isə İKT-yə marağı daha da artırır.
Ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da rabitə və informasiya texnologiyaları yeni inkişaf mərhələsindədir. Muxtar respublikamızda informasiyalaşdırma sahəsində ciddi, uğurlu addımlar atılmışdır. Diyarımızda bu inkişafın davamlılığını təmin etmək məqsədilə reallaşdırılmış məqsədyönlü tədbirlər hazırkı sosial-iqtisadi inkişafda bu sahənin rolunu artırmaqdadır.
Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzinin direktoru Vüqar Rəsulovla muxtar respublikada bu istiqamətdə həyata keçirilən tədbirlər barədə həmsöhbət olduq:
– Vüqar müəllim, Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzinin fəaliyyət istiqamətləri barədə nə deyə bilərsiniz?
– Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 9 iyul 2014-cü il tarixli Sərəncamına əsasən, Naxçıvan Muxtar Respublikası İnternet Mərkəzinin və Naxçıvan Muxtar Respublikası Kompüter Təlim-Tədris və İnternet Mərkəzinin bazasında yaradılmışdır.
Mərkəzin fəaliyyətinin əsas istiqaməti Naxçıvan Muxtar Respublikası ərazisində inzibati və təsərrüfat obyektlərini, hüquqi və fiziki şəxsləri, ümumiyyətlə, muxtar respublika əhalisini internetlə təmin etmək, internetlə əlaqədar müxtəlif xidmətlər göstərmək, yeni texnologiyaları tədris etməkdir.
Mərkəz yüksəkkeyfiyyətli internet xidmətləri göstərir, web səhifələrinin tərtibatı və hazırlanması, domen adların qeydiyyatı, elektron poçt ünvanlarının ayrılması, server sahələrinin icarəyə verilməsi, şəbəkələrin layihələndirilməsi və qurulması işlərini həyata keçirir, informasiya təhlükəsizliyinin təmin edilməsi, qlobal kiberhücumların qarşısının alınması, elektron informasiya ehtiyatlarının mühafizəsi sahəsində siyasətin hazırlanmasında və həyata keçirilməsində, “Elektron hökumət”in formalaşmasında və idarə edilməsində iştirak edir.
– İnternet mərkəzindəki son yeniliklər barədə məlumat verməyinizi xahiş edirik.
– Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 20 iyun tarixli “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamının icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyində mərkəzi idarəetmə serveri qurulmuş və lazımi proqram təminatı yaradılmışdır. Naxçıvan şəhərində yerləşən 12 muzeyə fiber-optik kabel xətləri çəkilmiş, müvafiq texniki avadanlıqlarla təchiz edilmişdir. Bununla da, muxtar respublika ərazisindəki 200-dən artıq tam orta və orta ixtisas məktəbinin muzeylərdən tədris edilən interaktiv tədris texnologiyasından istifadə etməsi üçün texniki imkanlar yaradılmışdır.
Bundan əlavə, sağlamlıq imkanları məhdud uşaqlar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində distant təhsil sistemi yaradılmışdır. Distant təhsil dünyanın inkişaf etmiş ölkələrində tətbiq olunur. Bu sistemin muxtar respublikada da tətbiqi regionun hərtərəfli inkişafının göstəricisidir.
Yeni xidmətlərə enerji, qaz və su haqlarının elektron formada ödənilməsi də daxildir. Mütəxəssislərimiz tərəfindən hər üç müəssisənin elektron bazası formalaşdırılaraq avtomatlaşdırılmışdır. Muxtar respublika əhalisi artıq qeyd olunan xidmətlərə görə borclarını poçt məntəqələrində və real vaxt rejimində plastik kartlar vasitəsilə internet üzərindən ödəyə bilirlər. Bu sistem abunəçilərin onlayn rejimdə çevik ödəmə prosesini həyata keçirməyə imkan verir.
Bunun üçün abunəçilər www.e-hokumet.nmr.az saytına daxil olaraq onlayın ödənişlər bölməsindən həmin xidməti seçib, əgər varsa, ev telefonunun nömrəsini, yoxdursa, onlara verilmiş 9 rəqəmli kodu yazaraq ödəniş edə bilərlər. Elektron hökumət portalından qeydiyyatdan keçmək üçün öyrədici videolar da mövcuddur.
– Genişzolaqlı internet şəbəkəsi muxtar respublikanın hansı ərazilərini əhatə edir?
– Fiber-optik kabel xətlərinin, demək olar ki, bütün ərazilərimizi əhatə etməsi muxtar respublikada ən müasir texnologiyaların tətbiqinə geniş imkanlar açmışdır. Belə ki, muxtar respublikanın həm daxili, həm də xarici əlaqələrinin tam kəsintisiz həyata keçirilməsi, “Elektron hökumət”, 4-cü nəsil xidmətlər, bank-maliyyə sisteminin tamamilə avtomatlaşdırılması, qeyd olunan distant təhsil sisteminin qurulması, onlayn ödənişlərin həyata keçirilməsində və digər ən mütərəqqi texnologiyaların Naxçıvanda tətbiq edilməsində fiber-optik şəbəkələr əvəzsiz rola malikdir. Bu gün muxtar respublikamızın yaşayış məntəqələrinin 98 faizində genişzolaqlı xidmətlər göstərilir.
– Ən çox istifadə olunan elektron xidmət növü hansıdır?
– Elektron hökumət portalında 34 təşkilatın 278 xidməti mövcuddur. Bunların əksərindən istifadə olunur. Bundan əlavə, xidmətlərə görə internet üzərindən ödənişlər getdikcə daha da populyarlaşır. Bu sahədə insanların məlumatlandırılması üçün işlər davam etdirilir.
– Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzində kadr hazırlığı ilə bağlı hansı işlər görülməkdədir?
– Mərkəzdə ixtisaslı mütəxəssislər fəaliyyət göstərirlər. Bu gün mərkəzdə işçi kompüter proqramlarından əlavə xüsusi (3D Max, Autocad kimi) proqramlar da tədris olunur. Tələbat nəzərə alınaraq ingilis və rus dillərinin də tədrisinə başlamışıq. Bu yaxınlarda mühasibatlıq işləri üçün kursun təşkilinə başlanacaqdır. Şərur və Culfa şəhərlərində də filiallarımız fəaliyyət göstərir.
Müasir informasiya texnologiyaları həlli mümkün olmayan çoxlu sayda problemlərin aradan qaldırılmasına imkan verir, informasiyanın həm istehsalçıları, həm də istehlakçıları üçün əlverişli şərait yaradır. Dünya təcrübəsi göstərir ki, informasiya-kommunikasiya texnologiyalarına əsaslanan, yaradıcı düşüncəni inkişaf etdirən və təhsil alanın fərdi xüsusiyyətlərini nəzərə alan müasir, fəal-interaktiv təlim metodları daha yüksək nəticələr verir.
Yazını tanınmış Amerika ixtiraçısı və biznesmeni, Apple şirkətinin yaradıcılarından biri Steve Jobsun fikirləri ilə bitirmək istəyirəm: “Şəxsi kompüter zəkamızın bir parçası olaraq bizə kömək olan vasitədir”. İnternet də həmçinin. Biz çalışmalıyıq ki, İKT-nin nailiyyətlərindən səmərəli istifadə edək. Bunun üçün isə İKT-ni dərindən mənimsəyib, texnologiyanın bu əvəzsiz parçasından inkişafımızı sürətləndirmək üçün istifadə etməyi bacaraq.
Nərgiz İsmayılova