24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan Dövlət Universitetində görkəmli hərbi xadim, general Səməd bəy Mehmandarovun anadan olmasının 160 illik yubileyinə həsr edilmiş elmi konfrans keçirilmişdir.
Konfransı universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2015-ci il tarixli Sərəncamı ilə Səməd bəy Mehmandarovun anadan olmasının 160 illiyinin dövlət səviyyəsində qeyd olunması şanlı hərb tariximizin öyrənilməsi, gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Universitetin Çağırışaqədərki hazırlıq və mülki müdafiə kafedrasının müəllimi Nazim Həsənov “Dünya şöhrətli general Səməd bəy Mehmandarov” adlı məruzəsində qeyd etmişdir ki, 1855-ci il oktyabrın 16-da anadan olan Səməd bəy Mehmandarov 16 yaşında Peterburqda yerləşən II Konstantinovka artilleriya məktəbinə daxil olmuşdur. O, 1875-ci ilin dekabrında podporuçik rütbəsi almış və üçüncü dərəcəli “Müqəddəs Stanislav” ordeni ilə təltif edilmişdir. 1890-cı ildə kapitan, 1898-ci ildə podpolkovnik, 1901-ci ildə polkovnik, 1904-cü ildə general-mayor rütbəsi alan, rus-yapon müharibəsində böyük rəşadət göstərən Səməd bəy Mehmandarova 1908-ci ildə tam artilleriya generalı rütbəsi verilmişdir. 1915-ci ildə general Səməd bəy Mehmandarov korpus komandiri təyin edilmişdir. Sovet hakimiyyəti qurulduqdan sonra görkəmli siyasi xadim Nəriman Nəriman­ov tərəfindən siyasi repressiyalardan müdafiə olunan Səməd bəy Mehmandarov 1921-1928-ci illərdə hərbi komandirlər məktəbində topçuluq ixtisasından dərs demişdir. Dünya şöhrətli general 12 fevral 1931-ci ildə Bakıda vəfat etmişdir.
Azərbaycan tarixi kafedrasının dosenti Elçin Zamanov “Səməd bəy Mehmandarov və Azərbaycan Xalq Cümhuriyyəti dövrü” adlı məruzəsində bildirmişdir ki, 1918-ci il dekabr ayının 26-da Azərbaycan Xalq Cümhuriyyətinin hərbi nazirı təyin olunan Səməd bəy Mehmandarov qısa müddətdə 30 minlik ordu yaratmağa nail olmuş, ərazi bütövlüyümüzün qorunmasında, hərbi təhlükəsizliyin təşkilində mühüm xidmətlər göstərmişdir. O, hərbi səfərbərlik, hərbi xidmətə çağırış, orduda danışıq və dəftərxana dilinin ana dili olması, ordunun milli hərbi kadrlarla, hərbi texnika, hərbi geyim və ərzaqla təmin edilməsi, hərbi sənaye kompleksinin yaradılması istiqamətində qətiyyətli addımlar atmışdır. Erməni daşnakları Dağlıq Qarabağı Azərbaycandan qoparmaq, xalq cümhuriyyətini süquta uğratmaq məqsədilə 1920-ci ilin mart ayında qiyam qaldırarkən Səməd bəy Mehmandarovun əmri ilə general Həbib bəy Səlimovun komandanlığı altında Əsgəran ətrafına göndərilən güclü hərbi qüvvə düşməni darmadağın etmiş, Səməd bəy Mehmandarov bu qələbə münasibətilə Əsgəranda çıxış edərək Azərbaycan ordusunun qüdrətini bir daha dünyaya, bədxah düşmənlərimizə bəyan etmişdir.

Mehriban SULTAN

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR