Dünən Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi tərəfindən vergi orqanlarına işə qəbul olunmaq istəyən vətəndaşlar üçün bu ilin oktyabr ayında elan olunan müsabiqənin test imtahanlarına start verildi.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada keçirilən test imtahanlarında namizədlərə vergi qanunvericiliyi üzrə 90, məntiqi təfəkkürlə bağlı 10 sual təqdim olunmuşdu.
Komissiyanın əməkdaşı Samiq Salayevlə söhbətimizdə dedi ki, 3 seansda olmaqla, iki gün davam edəcək test imtahanlarının ədalətli, şəffaf və operativ keçirilməsinin təmin olunması üçün hər cür şərait yaradılıb.
Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin aparat rəhbəri Əli Şabanov isə müsabiqəni müvəffəqiyyətlə keçmiş namizədlərə vergi orqanlarında 34 sayda vakant yer üzrə iş təklif ediləcəyini dedi. Qeyd olundu ki, müsabiqədə iştirak etmək üçün 80 nəfər sənəd təqdim edib.
Müsabiqənin müsahibə mərhələsində namizədlərin bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan keyfiyyətləri yoxlanılmaqla, müvafiq vəzifəyə yararlılığı müəyyən olunacaq.
Xəbərlər şöbəsi