Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Heydər Əliyev adına Hərbi Lisey tərəfindən kursantların vətənə məhəbbət, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması məqsədilə hazırlanmış tədbirlər planına uyğun olaraq, Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində hərbi liseyin kursantları üçün vətənpərvərlik mövzusunda film nümayiş etdirilib. Azərbaycanın Milli Qəhrəmanı Səfiyar Behbudovun həyatına və döyüşlərdə göstərdiyi qəhrəmanlığa həsr olunan filmdə onun döyüş yoldaşları və ailə üzvlərinin söylədikləri xatirələr əsas yer tutur.
Xocalı faciəsindən sonra Səfiyar Behbudov Bərdə özünümüdafiə batalyonuna daxil olub. Qısa müddətdə o, komandir təyin edilib, Ağdam cəbhəsinə vuruşmağa göndərilib. 1992-ci il mart ayının 11-də erməni faşistlərinin Əsgəran yaxınlığındakı postumuza hücumu zamanı Səfiyar Behbudov döyüşə girir. O, burada döyüşçülərimizi xilas edir, özü isə Əsgəran istiqamətində irəliləyir. Qaraqaya deyilən ərazidə Səfiyar Behbudov erməni quldurlarının böyük bir qüvvəsinə rast gəlir. Lakin o, geri çəkilmir, bir müddət irəlilədikdən sonra ermənilər tərəfindən vurulur. Yaralı olduğundan onu əsir tutmaq ermənilər üçün çətin olmur. On gün əsirlikdə qalan Səfiyar Behbudov heç bir sirr vermədiyi üçün onun ayaqlarına məftil bağlayaraq üzərinə neft töküb yandırırlar. Gənc zabitin yanmış cəsədini 21 mart 1992-ci ildə çətinliklə almaq mümkün olur.
* * *
Naxçıvan şəhərindəki 5 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikasının Milli Qəhrəmanı Şirin Mirzəyevə həsr olunmuş “Diqqət, mən 301-əm!” adlı sənədli film nümayiş etdirilib.
33 dəqiqəlik sənədli filmdə Şirin Mirzəyevlə çiyin-çiyinə döyüşmüş zabitlərin və əsgərlərin xatirələri yer alıb. Nadir xroniki kadrların istifadə olunduğu filmin ssenari müəllifi Şirin Mirzəyevin əsgəri olmuş Qarabağ qazisi, tanınmış jurnalist Rey Kərimoğlu, rejissoru İlham Tumasdır. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və “Gənc Vətənpərvərlər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə 80-dən çox şagird iştirak edib.
Ceyhun Məmmədov