Avqustun 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2015-2016-cı ilin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş müşavirədən irəli gələn vəzifələrin icrası istiqamətində Ordubad rayonunda da lazımi tədbirlər həyata keçirilib.
Rayon üzrə bu ilin payız-qış mövsümündə yeni tikililərlə birlikdə 91 müasirtipli istilik sistemi fəaliyyət göstərir. Onlardan 72-si qazanxanatipli, 19-u isə kombitipli istilik sistemləridir. Kommunal Müəssisələri Kombinatı tərəfindən 9 qazanxana vasitəsilə 15 binada 414 mənzil istiliklə təmin olunur. Təhsil sahəsi üzrə 26 qazanxana, mədəniyyət sahəsi üzrə 6, digər təşkilatlar üzrə isə 59 müasir istilik sistemi fəaliyyət göstərir. Bu barədə məlumat qəzetimizə Ordubad Rayon İcra Hakimiyyətindən verilib.
Məlumatda bildirilir ki, rayon Kommunal Müəssisələri Kombinatı tərəfindən yaşayış binalarında qışa hazırlıqla əlaqədar mənzillərin qızdırılması üçün istismarda olan 9 qazanxanaya baxış keçirilib, nasazlıqlar aradan qaldırılıb. Digər qazanxanalar da qış mövsümü üçün tam hazır vəziyyətə gətirilib. Bütün qazanxanalarda texniki təhlükəsizlik təmin edilib və işçilər təhlükəsizlik qaydaları ilə təlimatlandırılıblar. Xidmətedici heyətin peşə hazırlığını artırmaq məqsədilə ixtisas kurslarında təhsil almaları təmin edilib, onlara xüsusi geyimlər verilib.
2015-2016-cı tədris ilində 45 təhsil müəssisəsindən 26-sı müasir istilik sistemi, 16-sı isə neft sobası ilə qızdırılır. Məktəblərə şüşə, şifer, polietilen, neft sobaları və boruların verilməsi üçün sifarişlər qəbul olunub, müəyyən edilib ki, məktəblərdə 150 kvadratmetr şüşəyə, 300 şiferə, 50 metr polietilenə və 70 yanacaq sobasına ehtiyac vardır. Bunların da vaxtında alınaraq məktəblərə çatdırılması təmin edilib.
Ordubad Rayon Mərkəzi Xəstəxanası, onun əhatə etdiyi 12 kənd həkim ambulatoriyasında və 29 feldşer-mama məntəqəsində də mövsümlə əlaqədar tədbirlər görülüb. Onlardan mərkəzi xəstəxana, 5 həkim ambulatoriyası, 15 feldşer-mama məntəqəsi mərkəzləşdirilmiş istilik sistemi ilə təmin edilib. 3 həkim ambulatoriyası və 1 feldşer-mama məntəqəsinin şəbəkə qazı ilə, 4 həkim ambulatoriyası və 13 feldşer-mama məntəqəsinin ağ neftlə qızdırılması nəzərdə tutulub.
Ordubad Rayon Elektrik Şəbəkəsi tərəfindən payız-qış mövsümünə hazırlıqla əlaqədar 10 kilovoltluq hava xəttində 66 ədəd, 0,4 kilovoltluq hava xəttində 186 ədəd dayaq olmaqla, ümumilikdə, 252 ədəd yeni dayaq basdırılıb. İstismar müddəti bitmiş məftillər yenisi ilə əvəz olunub. 14 transformator yarımstansiyasında əsaslı, 21 transformator yarımstansiyasında cari təmir işləri aparılıb. Payız-qış mövsümündə əhalini dayanıqlı elektrik enerjisi ilə təmin etmək məqsədilə Elektrik Şəbəkəsində mal-material ehtiyatı yaradılıb.
Digər bölgələrimiz kimi, Ordubad rayonunun da bütün yaşayış məntəqələri fasiləsiz olaraq təbii qazla təmin edilir. Rayon ərazisində qazla işləyən qazanxanaların və kombi cihazlarının normal işləməsi üçün bütün tədbirlər görülüb, cihazlar texniki baxışdan keçirilərək saz vəziyyətə gətirilib. Ötən müddətdə rayon üzrə müxtəlif səbəblərdən korroziyaya uğramış 1591 metr qaz xətti yenisi ilə əvəz olunub və 2669 metr yeni qaz xətti çəkilib. İstismar müddətini başa vurmuş qaz sayğacları dəyişdirilib. Bundan başqa, yeni tikilən 43 evə qaz xətti çəkilib. Payız-qış mövsümünə hazırlıqla bağlı qaz təsərrüfatına texniki baxış keçirilməsi, qaztənzimləyici qurğuların mövsümə uyğun tənzimlənməsinin təmin edilməsi, qaz xətlərindəki nasazlıqların vaxtında müəyyən edilməsi və sayğacdankənar istifadənin qarşısının alınması üçün müvafiq tədbirlər görülüb.
Rayon Rabitə İdarəsində 2015-2016-cı ilin payız-qış mövsümü ilə əlaqədar akkumulyator batareyaları yenisi ilə əvəz edilib, xətt təsərrüfatında olan dayaqlara baxış keçirilib, yararsız dayaqlar yeni dəmir dayaqlarla əvəz olunub, quyularda təmir işləri aparılıb, sıradan çıxmış quyu qapaqları dəyişdirilib və çatışmazlıqlar aradan qaldırılıb. ATS-lərdə yanacaq ehtiyatı yaradılıb, generatorlara texniki baxış keçirilib, Tivi, Bist, Şəhriyar və Üstüpü ATS-lərinin generatorları təmir edilib. Xətt təsərrüfatında təmir işləri üçün müxtəlif tutumlu kabellər yenisi ilə əvəz olunub.
Həyata keçirilən tədbirlər belə deməyə əsas verir ki, Ordubad rayonu da növbəti payız-qış mövsümünü uğurla başa vuracaq.
Səbuhi Hüseynov