2014-cü ilin yekunları və qarşıda duran vəzifələrə dair keçirilmiş müşavirədə Ali Məclisin Sədri tərəfindən aidiyyəti qurumlara müvafiq xidmətlərin səyyar qaydada göstərilməsinin təmin edilməsi ilə bağlı verilən tapşırıqlar vətəndaşlara göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsində mühüm rol oynamış və oynamaqdadır.
Bu istiqamətdə Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən də məqsədyönlü tədbirlər həyata keçirilir. Belə tədbirlər sırasında səyyar xidmətin təşkili də var. Bu məqsədlə komitəyə “NAZ-Lifan – 6401” markalı minik avtomobili alınmış və müvafiq avadanlıqlarla təchiz edilərək mobil ofis halına gətirilmişdir. Səyyar xidmətin göstərilməsi üçün komitənin mərkəzi aparatından və rayon idarələrindən mütəxəssislər cəlb edilmişdir.
Səyyar xidmət zamanı vətəndaşlara daşınmaz əmlak üzərində əvvəllər yaranmış hüquqlarla bağlı verilmiş mülkiyyət sənədlərinin – torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin, dövlət aktlarının, qeydiyyat vəsiqələrinin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla əvəz edilməsi və digər xidmətlər göstərilir. Vətəndaşların ərizələri yaşadıqları ərazidə qəbul olunaraq məlumat bazası ilə dəqiqləşdirilir. Qəbul edilmiş sənədlər komitənin rayon qurumları tərəfindən elektron sistemə daxil edilir, texniki sənədlər hazırlanır. Mülkiyyət obyektləri daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınır, çıxarışlar hazırlanır və qısa müddət ərzində yerlərdə vətəndaşlara çatdırılır.
Səyyar xidmət zamanı ahıl, sağlamlıq imkanları məhdud insanlara onların yaşadıqları ünvanlarda xidmət göstərilir. Qeyd etmək lazımdır ki, əhaliyə səyyar xidmətlərin göstərilməsi muxtar respublikada daşınmaz əmlak bazarının aktivləşməsinə, daşınmaz əmlakın iqtisadi proseslərə cəlb olunmasına böyük təkan verir. Bundan başqa, səyyar xidmətin təşkili yerlərdə vətəndaşların müraciətlərini operativ şəkildə cavablandırmağa, vaxta qənaət etməyə, insanların şəhər və ya rayon mərkəzlərinə getmədən müraciətlərinin yerində və qısa zamanda həll edilməsinə imkan yaratmışdır.
Səyyar xidmətin planauyğun və operativ təşkili məqsədilə hər ay üçün iş qrafiki tərtib edilir, rayon icra hakimiyyətlərinə göndərilir, xidmət göstəriləcək ünvanlarda 5 gün əvvəl elanlar vurulması təmin edilir və sakinlər arasında maarifləndirmə işləri aparılır. 2015-ci il yanvarın 15-dən noyabrın 1-dək muxtar respublika üzrə 68 kənddə 1262 vətəndaşa daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmətlər göstərilib. Bu rəqəm həm də onun göstəricisidir ki, vətəndaşların daşınmaz əmlakın qeydiyyatına marağı getdikcə artmaqdadır.
Daşınmaz əmlak və torpaq məsələləri üzrə müraciətlərin çoxluğunu nəzərə alsaq, səyyar xidmətlə yanaşı, elektron xidmətlərin də böyük əhəmiyyəti var. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” 2011-ci il 15 iyul tarixli Fərmanından irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən əhaliyə göstərilən elektron xidmətlərin yüksək səviyyədə təmin olunması daim diqqət mərkəzində saxlanılır, elektron poçt ünvanına edilən müraciətlər operativ surətdə cavablandırılır. Hazırda komitə fəaliyyət istiqamətləri üzrə 21 adda elektron xidmət göstərir. Vətəndaşların təklif edilən elektron xidmətlərdən rahat istifadəsini təmin etmək məqsədilə xidmətlər komitənin www.emlak.nakhchivan.az portalına yerləşdirilmiş və e-hokumet.nmr.az elektron hökumət portalına inteqrasiya olunmuşdur. Vətəndaşların göstərilən elektron xidmətlərə marağının nəticəsidir ki, cari ilin ikinci yarısında komitənin elektron xidmətlərindən 51 fiziki və hüquqi şəxs yararlanmışdır.Yaxın gələcəkdə komitənin fəaliyyət istiqamətləri üzrə yeni elektron xidmət növlərinin işə salınması da nəzərdə tutulmuşdur. Məqsəd muxtar respublikamızda əmlak və torpaq məsələləri ilə bağlı problemlərin həllində şəffaf, çevik və səmərəli xidmət göstərməklə əhalinin rahatlığını təmin etməkdir.
Naxçıvan Muxtar Respublikası
Daşınmaz Əmlak və Torpaq
Məsələləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti