Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində “Naxçıvan” Universiteti tələbələrinin iştirakı ilə “Ulu öndər Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda açıq dərs keçilib.
Muzeyin bələdçisi Hicran Bədəlova açıq dərsdə bildirib ki, ulu öndər Heydər Əliyevin bütün həyat və fəaliyyəti Azərbaycanla bağlı olub. Mənalı ömrünü xalqımızın nicatına həsr etmiş dahi şəxsiyyət Azərbaycan dövlətçiliyinin siyasi-ideoloji əsaslarını yaradıb, ölkəmizin müstəqilliyinin əldə olunması, qorunması və inkişaf etdirilməsində misilsiz xidmətlər göstərib. Respublikamıza rəhbərliyinin hər iki dövründə Azərbaycanı düşdüyü ağır vəziyyətdən xilas edərək inkişaf yoluna çıxarıb. Buna görə də müstəqil Azərbaycan ümummilli lider Heydər Əliyevin şah əsəridir.
Qeyd olunub ki, ötən əsrin sonlarında Azərbaycan öz dövlət müstəqilliyini bərpa etsə də, bu müstəqilliyimiz xeyli çətinliklərlə qarşılaşıb.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1990-1993-cü illərdə Naxçıvandan başlanan müstəqillik yolu Azərbaycanın siyasi mühitində aparıcı qüvvəyə çevrilərək milli dövlətçiliyimizin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxarıb. Dahi şəxsiyyətin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasında qəbul olunan tarixi qərarlar müstəqillik yolunda irəliləyən Azərbaycanın dövlətçilik tarixində mühüm yer tutur.
Vurğulanıb ki, 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan ulu öndərimizin qətiyyəti və əzmkarlığı sayəsində ölkə parçalanmaqdan, məhv olmaqdan qurtulub. Onun dühasının qüdrəti sayəsində Azərbaycanda siyasi və milli-ideoloji birliyin təməli qoyulub, dövlətçilik ənənələri milli düşüncə tərzinə çevrilib. Dövlət quruculuğu sahəsində əldə olunmuş nailiyyətlər, qanunların aliliyinə söykənən vətəndaş cəmiyyətinin qurulması və sair bu kimi uğurlar Heydər Əliyev dühasının bəhrələridir. Məhz dahi şəxsiyyətin fəaliyyəti nəticəsində Azərbaycan Şərqlə Qərb arasında mühüm rola malik olmaqla yanaşı, dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilib. Azərbaycanın hərtərəfli inkişafı onun dünya ölkələri arasında böyük söz sahibi olmasına, nüfuzunun artmasına səbəb olub. Bütün bu nailiyyətlərə isə Heydər Əliyev ideyalarının uğurla davam etdirilməsi nəticəsində nail olmuşuq.
Sonra tələbələr ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlara baxıblar.
Xəbərlər şöbəsi