Noyabrın 22-də Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayında gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında üçrəngli bayrağımız meydana gətirilib.
Sonra gənc əsgərlər vətən qarşısında öz borclarını layiqincə yerinə yetirəcəklərinə and içiblər.
Andiçmə başa çatdıqdan sonra Mülki Müdafiə Alayının komandiri, polkovnik İspəndiyar Əhmədov çıxış edərək hərbi andın əhəmiyyətindən danışıb. Qeyd olunub ki, hərbi and içən əsgər Azərbaycan Respublikasının mənafeyini, onun suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini qoruyacağını, bundan ötrü qanını və canını əsirgəməyəcəyini təntənəli surətdə vəd edir. Bu müqəddəs anda sadiq qalmaq hər bir əsgər üçün şərəf, namus və vicdan məsələsidir.
Mərasimdə çıxış edən baş leytenant Röyal Quliyev, leytenant Teymur Əsgərov, Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının Naxçıvan Şəhər Şöbəsinin sədri Zahid Cəfərov, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin əməkdaşı Elşən Rəfiyev gənc əsgərləri bu əhəmiyyətli gün münasibətilə təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıblar.
Valideynlər adından çıxış edən Çingiz Mustafayev bu günün hər bir valideyndə qürur hissi doğurduğunu deyib, bütün valideynlərin vətənin müdafiəçiləri olan övladları ilə fəxr etdiyini bildirib.
Gənc əsgərlər adından çıxış edən İlkin Mustafayev və Orxan Əlizadə nümunəvi xidmətləri ilə hərbi hissənin adını daim yüksək tutacaqlarını, baş verə biləcək fövqəladə hallar zamanı əllərindən gələni əsirgəməyəcəklərini bildiriblər.
Naxçıvan Muxtar Respublikası fövqəladə hallar nazirinin müavini, general-mayor Hikmət Kərimov Mülki Müdafiə Alayında xidmət üçün yaradılan hərtərəfli şəraitdən danışıb, gənc əsgərlərin qarşıdakı dövrdə Vətənə sədaqətlə və böyük ruh yüksəkliyi ilə xidmət edəcəklərinə əminliyini bildirib.
Sonda alayın şəxsi heyəti hərbi marşın müşayiəti ilə tribuna önündən keçib.
Xəbərlər şöbəsi