Noyabrın 20-də Culfa rayon Camaldın kənd sakini, müharibə veteranı Abbasəli Əliyevin 95 yaşının tamam olması münasibətilə keçirilən görüşdə iştirak edən Culfa Rayon İcra Hakimiyyətinin başçısı Şükür Babayev, Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova yubilyarı 95 yaşı münasibətilə təbrik ediblər.
Bildirilib ki, 1941-1945-ci illər müharibəsi veteranlarına dövlətimiz tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Onların sosial müdafiəsi ilbəil gücləndirilir. Müharibə veteranlarına hər ay Prezident təqaüdünün ödənilməsi, onların tibbi və sosial reabilitasiyası istiqamətində tədbirlərin görülməsi göstərilən qayğının bariz nümunəsidir.
Abbasəli Əliyev ona göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizə minnətdarlığını bildirib.
Sonda yubilyara hədiyyə təqdim olunub.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 12 mart 2015-ci il tarixli Sərəncamı ilə təsdiq edilən “1941-1945-ci illər müharibəsində qələbənin 70 illik yubileyinin qeyd olunması üzrə Tədbirlər Planı”nın icrası ilə bağlı 14 nəfər müharibə veteranının yubileyləri keçirilib. Onlardan 2 nəfəri Naxçıvan şəhərindən, 3 nəfəri Şərur rayonundan, 1 nəfəri Babək rayonundan, 3 nəfəri Ordubad rayonundan, 3 nəfəri Culfa rayonundan, 1 nəfəri Kəngərli rayonundan, 1 nəfəri isə Şahbuz rayonundandır.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti