24 Dekabr 2024, Çərşənbə axşamı

Ulu öndər Heydər Əliyеv: Yeni Azərbaycan Partiyası Azərbaycanın bu gününün partiyasıdır, Аzərbaycanın sabahının partiyasıdır, ХХI əsrin partiyasıdır, 3-cü minilliyin partiyasıdır.


Yeni Azərbaycan Partiyası XX əsrin 90-cı illərinin əvvəllərində ölkəmizdə cərəyan edən mürəkkəb ictimai-siyasi şəraitdə siyasi səhnəyə qədəm qoymuşdur. Müstəqilliyin ilk illərində xalqımızın yekdil inamını qazanaraq, ölkəni düşdüyü dərin siyasi böhrandan, fəlakət həddinə çatmış sosial-iqtisadi geriləmədən, uğursuz xarici siyasətin nəticəsi olan beynəlxalq aləmdə təklənməkdən və torpaqlarımızın işğalı təhlükəsindən xilas edəcək yeni bir siyasi qüvvəyə ciddi ehtiyac duyulurdu. O zaman müdrik xalqımız bu siyasi qüvvənin yalnız ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə yaranacağına şübhə etmirdi.

 23 il bundan əvvəl Azərbaycanı ciddi təhlükələrdən çıxarmaq üçün ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv tarixi zərurət idi. 1992-ci il oktyabrın 16-da 91 nəfər tanınmış Azərbaycan ziyalısının ümummilli lider Heydər Əliyevə ünvanladıqları “Azərbaycan Sizin sözünüzü gözləyir” adlı müraciətin “Səs” qəzetində dərc olunması partiyanın təşkili istiqamətində ilk tarixi addım oldu. Ulu öndər müraciətə cavabında ölkəmizin qarşısında duran təxirəsalınmaz vəzifələri müəyyənləşdirərək Yeni Azərbaycan Partiyasının yaradılmasının zəruriliyini bildirdi və onun fəaliyyətində iştiraka hazır olduğunu bəyan etdi. Bu, sadə xalq kütlələrində ruh yüksəkliyi yaratsa da, həmin dövrdə Azərbaycanda hakimiyyətdə olan qüvvələr ulu öndərin rəhbərliyi altında yeni bir siyasi təsisatın yaranmasının əleyhinə idilər. Lakin ümummilli liderin hakimiyyətə qayıdışı artıq qarşısıalınmaz tarixi zərurət və yekdil sosial sifariş idi. O zamankı iqtidarın gücü yalnız partiyanın təsis konfransının Bakıda keçirilməsinin qarşısını almağa çatdı. 1992-ci il noyabrın 21-də Naxçıvan Dövlət Musiqili Dram Teatrının binasında ölkənin ayrı-ayrı bölgələrindən cəmiyyətin ən müxtəlif təbəqələrini təmsil edən 550 nəfərdən artıq nümayəndənin iştirakı ilə təsis konfransı keçirildi. Konfransda dahi rəhbər Heydər Əliyev yekdilliklə Yeni Azərbaycan Partiyasının Sədri seçildi, təşkilatın Nizamnaməsi və Proqramı qəbul edildi. 

Yeni Azərbaycan Partiyasının yaradılmasının əsas məramına diqqəti cəlb edən ulu öndər sonralar demişdir: “Bu partiya hakimiyyət uğrunda mübarizə aparan partiya kimi yaranmadı. Biz partiyanın nizamnaməsində yazdıq ki, partiya Azərbaycanın bu ağır dövründə, ölkəmizin ictimai-siyasi həyatında iştirak etmək və Azərbaycanı bu ağır vəziyyətdən çıxarmaq üçün yaranır. Bizim partiya xalqı birləşdirmək, ölkənin problemlərinin həll olunmasında iştirak etmək məqsədilə yaranıb. Mən məmnunam ki, 1992-ci ildə çox ağır şəraitdə Naxçıvanda bizim yazdığımız və qəbul etdiyimiz proqram bu gün də öz aktuallığını saxlayır”.
Yeni Azərbaycan Partiyası tarixi qanunauyğunluqdan dövlətçiliyin keşiyində dayanan siyasi qüvvə kimi meydana çıxdı və 1993-cü il oktyabrın 3-də ulu öndər Heydər Əliyevin ölkə Prezidenti seçilməsi ilə hakim partiyaya çevrildi. Bu, “dünənin, bu günün və gələcəyin partiyası” olan Yeni Azərbaycan Partiyasına xalqın böyük inamının təzahürü idi.
Yeni Azərbaycan Partiyasının yaranması bir tərəfdən geniş xalq kütlələrinin ulu öndər Heydər Əliyevin Azərbaycan xalqına əvvəlki dövrdəki xidmətlərinə göstərdiyi inamı ifadə edirdisə, digər tərəfdən onun ötən əsrin 90-cı illərinin əvvəllərində Naxçıvanda müstəqil dövlətçiliyin qurulması sahəsində həyata keçirdiyi tədbirlərin fonunda Azərbaycanı düçar olduğu ağır vəziyyətdən xilas etmək qüdrətinə malik yeganə siyasi lider olduğunu nümayiş etdirirdi. Bu baxımdan Yeni Azərbaycan Partiyasının siyasi-ideoloji prinsipləri, bütün pro­qram müddəaları dahi rəhbərin müəyyənləşdirdiyi konseptual baxışlar sistemi əsasında formalaşdı. Bu gün ölkəmizin əsas aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının qüdrətini təmin edən çox mühüm amillərdən biri partiyanın təməl prinsipləridir. Bunlar müstəqil dövlətçilik, qanunçuluq, Azərbaycançılıq, vətənçilik, varislik, yaradıcı təkamül, konstruktiv əməkdaşlıq, vətəndaş həmrəyliyi və sosial ədalətdir.
Tarixi zərurət və yekdil sosial sifariş, güclü lider və zəngin dövlətçilik təcrübəsi, uzaq hədəflərə hesablanmış siyasi-ideoloji baza qısa müddətdə Yeni Azərbaycan Partiyasının sıralarının genişlənməsini, əsas milli, kütləvi partiyaya çevrilməsini şərtləndirdi. 1993-cü ildən bəri Yeni Azərbaycan Partiyası müstəqil dövlətimizin inkişafını uğurla təmin edən hakim partiyadır. Ötən dövrün siyasi hakimiyyət təcrübəsi ölkəmizdə ictimai-siyasi sabitliyin, daxili və xarici siyasətin etibarlılığının, əhalinin sosial-iqtisadi və mədəni-mənəvi tələbatının ödənilmə səviyyəsinin, insanların hüquq və azadlıqlarının, mülki toxunulmazlığının və şəxsi təhlükəsizliyinin təmin olunması səviyyəsinə görə Azərbaycan xalqı qarşısında daşıdığı böyük məsuliyyəti tam doğrultmuşdur. Belə ki, ümummilli liderimizin 1993-cü ilin 15 iyunundan Azərbaycan dövlətçiliyinin xilası istiqamətində başladığı Qurtuluş mübarizəsi müstəqilliyin ilk illərində dövlətçilik, idarəetmə sahəsində heç bir təcrübəsi olmayan anarxist düşüncəli qrupun yaratdığı xaos və cinayətkarlıq mühitinin ləğvi ilə nəticələndi. O zamanadək ölkənin sərvətlərinin talan edilməsi, milli-etnik nifaq və separatizm təhlükəsi, çoxsaylı qanunsuz silahlı dəstələr tərəfindən törədilən quldurluq əməlləri, soyğunçuluq və üstü açılmayan qətllər, az qala, adi hal almışdı. Bütün bu problemləri uzaqgörənliklə həll edən ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı milli dövlətçiliyin xilası ilə yanaşı, ölkədə keyfiyyətcə yeni və mütərəqqi siyasi dövrün, hətta yeni milli təfəkkür mərhələsinin başlanması ilə səciyyələndi. Ölkəmizin ətrafında yaradılan informasiya blokadası dağıdıldı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə əsl həqiqətlər dünya ictimaiyyətinə çatdırıldı. Azərbaycan bir sıra beynəlxalq qurum və təşkilatlara üzv seçildi. Ən qiymətli təbii sərvətimiz olan neftdən iqtisadi resurs və siyasi amil kimi səmərəli istifadə edildi. Yeni neft strategiyası hazırlandı və uğurla həyata keçirildi. Ulu öndər həyata keçirdiyi böyük xilaskarlıq missiyasını lakonik şəkildə belə ifadə edirdi: “Biz bütün çətinliklərdən keçdik, bütün bu maneələrin qarşısını aldıq, Azərbaycanın bütün düşmənlərinə layiqincə cavab verdik, ölkəmizin dövlət müstəqilliyini qoruduq. Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etdik və Azərbaycanın dövlət müstəqilliyini yaşadırıq və bundan sonra da yaşadacağıq”.
Müasir Azərbaycan dövlətinin yaradılması, müstəqilliyin qorunub saxlanılması, milli dövlətçilik ənənələrinin bərpa edilməsi ümummilli liderimizin XX əsrdə xalqımız qarşısında misilsiz xidmətidir. Ulu öndər bu missiyanı yerinə yetirərkən vahid qüvvə kimi tükənməz məhəbbətlə xalqa arxalanmışdır. Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev lideri olduğu partiyanın sıralarında olmağı milli dövlətçiliyə xidmət etməyin nümunəsi sayırdı: “Yeni Azərbaycan Partiyasına xidmət etmək Vətənə, millətə, müstəqil Azərbaycan dövlətinə xidmət etmək deməkdir”.
2005-ci ilin mart ayında partiyanın III qurultayında Yeni Azərbaycan Partiyasına Sədr seçilən hörmətli Prezidentimiz İlham Əliyev bu gün həmin siyasəti uğurla davam etdirir. Partiyamızın rəhbərinin qətiyyəti sayəsində hazırda 650 mindən artıq üzvü olan Yeni Azərbaycan Partiyasının xalq, dövlət qarşısındakı xidmətləri bu təşkilatın cəmiyyətdəki mövqeyini get-gedə daha da möhkəmləndirir, xalqın bu partiyanın ideoloji-siyasi xəttinə dəstəyini gücləndirir. Yeni Azərbaycan Partiyası iqtidarının yürütdüyü dövlət siyasətinin ən mühüm tərkib hissələrindən biri də Azərbaycanda hüquqi dövlət quruculuğunu təkmilləşdirmək, vətəndaş cəmiyyəti institutunu möhkəmləndirmək, çoxpartiyalı sistem, siyasi plüralizm, demokratikləşmə prosesini optimallaşdırmaq və bu yöndə ümumbəşəri dəyərlərə inteqrasiya, beynəlxalq təşkilatlarla xalqımızın və dövlətimizin mənafeyinə uyğun qarşılıqlı əməkdaşlıq xəttini davam etdirməkdən ibarətdir. Bu sahədə qazanılan uğurlar həm Azərbaycan cəmiyyəti, həm də beynəlxalq birlik tərəfindən təqdir olunur, dünyanın aparıcı siyasi mərkəzləri, institutları tərəfindən müsbət qiymətləndirilir.
Yeni Azərbaycan Partiyası beynəlxalq mühitdə siyasi əməkdaşlıq, sivilizasiyaların dialoqu tərəfdarı kimi çıxış edərək milli birliyin möhkəmləndirilməsi, Azərbaycançılıq ideologiyasının təbliği və inkişafı istiqamətində mühüm işlər görür. Bütün bunlar Yeni Azərbaycan Partiyasının dünyanın siyasi təşkilatları arasında nüfuzunu artırır, Azərbaycan cəmiyyətindəki mövqeyini möhkəmləndirir, xalqımızın partiyanın ideoloji xəttinə dəstəyini artırır, siyasi qüdrətini şərtləndirir. Prezident İlham Əliyevin bəyan etdiyi kimi: “Yeni Azərbaycan Partiyası Azərbaycanın müasir tarixində böyük bir fenomendir. Çətin şəraitdə, təzyiqlərlə, hədə-qorxularla üzləşərək, bütün məhrumiyyətlərlə üzləşərək, həm partiya üçün, həm partiya fəalları, həm də ölkə üçün, demək olar, ən ağır dönəmdə yaranan bu partiya möhkəmləndi, gücləndi və bu gün bölgədə onun analoqu yoxdur. Nəinki Azərbaycanda, qonşu ölkələrdə də Yeni Azərbaycan Partiyası kimi güclü, mütəşəkkil qüvvə yoxdur”.
Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının formalaşmasında ən mühüm amil partiyanın ümummilli liderin rəhbərliyi ilə Naxçıvanda yaranması olmuşdur. Heydər Əliyev siyasi məktəbinin davamçısı, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri və Yeni Azərbaycan Parti­yası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri Vasif Talıbovun muxtar respublikada gördüyü böyük quruculuq işləri, yaratdığı dayanıqlı ictimai-siyasi sabitlik onun xalqa olan bağlılığını və ulu öndərin işıqlı ideyalarına sadiqliyini nümayiş etdirir. Naxçıvan Muxtar Respublikasında əldə olunmuş uğurlar və nailiyyətlər bu yolun uğurla davam etdirilməsinin bariz ifadəsidir. Tikilən yüzlərlə obyektlər, məktəblər, yeni iş yerləri, Naxçıvan şəhərində və rayonlarda aparılan geniş tikinti-quruculuq işləri hər bir sakində böyük iftixar hissi yaradır.
Bu gün 8 rayon və şəhər təşkilatını, 796 ərazi ilk partiya təşkilatını əhatə edən Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının sıralarında cəmləşən partiya üzvlərinin əsas hissəsini təşkil edən gənclər və qadınlar muxtar respublikanın sosial-iqtisadi və ictimai-siyasi həyatında əsas hərəkətverici qüvvəyə çevrilmişdir. 1992-ci ildə, partiyanın yarandığı ilk günlərdə Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı 1118 nəfəri, 2002-ci ildə isə 20 min nəfəri öz sıralarında birləşdirirdisə, hazırda muxtar respublikada partiya üzvlərinin sayı 51 min 710 nəfərdir. Bu da muxtar respublikanın siyasi fəal əhalisinin təxminən 20 faizi deməkdir.
Heç şübhəsiz ki, siyasi partiyanın ən əsas göstəricisi onun müxtəlif səviyyələr üzrə təmsilçilik orqanlarına keçirilən seçkilərdə iştirakı və qazandığı nəticələrlə müəyyənləşir. 1993-cü ildən bəri Azərbaycanda keçirilən hər bir seçki müstəqil dövlətimizin seçki təcrübəsində mühüm irəliləyişlərlə yadda qalmışdır. Son 22 ildə keçirilən bütün seçkilərdə olduğu kimi, 2015-ci il noyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Respublikasının Ali Məclisi­nə keçirilən seçkilər də Yeni Azərbaycan Partiyasının parlaq qələbəsi ilə yekunlaşmışdır. Azərbaycan seçicisi bir daha öz fəal dəstəyini nümayiş etdirməklə Yeni Azərbaycan Partiyasının xalqın inamını qazanmış alternativsiz siyasi güc olduğunu sübut etmişdir. Azad, demokratik və şəffaf şəraitdə seçicilərin yüksək mütəşəkkilliyi ilə müşayiət olunan bu seçkilər eyni zamanda ölkənin demokratik inkişafında keyfiyyətcə yeni mərhələ açmışdır. Seçkilərin nəticələrinə görə, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı qarşıdakı 5 il ərzində 2 nəfərlə Azərbaycan Respublikasının Milli Məclisində, 41 nəfərlə Naxçıvan Muxtar Respublikasının Ali Məclisində təmsil olunmaq hüququ qazanmışdır.
Son parlament seçkilərinin yekunları bir daha göstərdi ki, Azərbaycan xalqı azad və tərəddüdsüz, həm də doğru seçim edəcək qədər yetkin və müdrikdir. Bu müdrik seçim obyektiv reallığa, ölkənin keçdiyi inkişaf yolunun məntiqi davamına, konkret desək, Azərbaycan vətəndaşının yüksək yaşam tərzinə əsaslanır. Son seçkilər Azərbaycan cəmiyyətinin ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik irsini ölkənin milli təhlükəsizliyinin, iqtisadi maraqlarının və siyasi sistemin sabitliyinin təmin edilməsinə yönələn təkmil siyasi konsepsiya kimi qəbul etdiyini növbəti dəfə təsdiqləmiş oldu. Çünki həmin konsepsiyanın qayəsini dövlətçiliyə xidmət təşkil edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri hörmətli Vasif Talıbovun sözləri ilə desək: “Müasir, müstəqil Azərbaycan və ümumxalq hərəkatına çevrilən Yeni Azərbaycan Partiyası ulu öndərimizin özündən sonra xalqımıza ən böyük töhfəsi və əmanətidir”.
Bu gün Naxçıvan Muxtar Respublikasında da sosial-iqtisadi inkişafın davamlı xarakter daşıması, milli dövlətçiliyin qorunması Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının təməl prinsiplərindəndir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri partiyanın muxtar respublika təşkilatının gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirərək demişdir: “Müasir şəraitdə partiya üzvlərimizin qarşısında mühüm vəzifələr dayanır. “Sağlam cəmiyyət – güclü dövlət” sistemi üzrə doğma Azərbaycanımızın inkişafına çalışmalı, Yeni Azərbaycan Partiyasının üzvü kimi şərəfli adı öz əməyimizlə doğrultmalıyıq. Bizim məsuliyyətimiz – bizim vəzifəmizdir. Vəzifə – partiya quruculuğunda və hər birimizin konkret fəaliyyət sahələrində işə yaradıcı yanaşmaqdan, dəqiq, dürüst olmaqdan, ümummilli lider Heydər Əliyevin tövsiyə etdiyi kimi işləməkdən və ölkəmizi onun görmək istədiyi kimi qurub-yaratmaqdan ibarətdir”.

Yeni Azərbaycan Partiyası
Naxçıvan Muxtar Respublika Təşkilatının İcra Katibliyi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR