Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamının icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində Naxçıvan Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə təhsil alan IV kurs tələbələri ilə görüş keçirilib.
Tələbələr nazirliyin ayrı-ayrı xidmət sahələrində, o cümlədən Pasport-Qeydiyyat və Miqrasiya, İnformasiya-Kommunikasiya, İstintaq və Təhqiqat şöbələrində, Dövlət Yol Polisi, Təşkilat İnspeksiya idarələrində, Kriminalistik Tədqiqatlar Bölməsində olublar. Tələbələrə əl-barmaq izlərinin götürülməsi, texniki baxışın keçirilməsi, “Təhlükəsiz şəhər” monitor kabinəsinin fəaliyyəti, ümumvətəndaşlıq pasportlarının və sürücülük vəsiqələrinin verilməsi, məlumat portalında aparılan əməliyyatlar, elektron sənəd dövriyyəsinin təşkili və digər mövzularda ətraflı məlumatlar verilib.
Sonda tələbələrlə keçirilən görüşdə daxili işlər naziri, general-leytenant Əhməd Əhmədov bildirib ki, bu gün muxtar respublikamızda xüsusi diqqət və qayğı ilə əhatə olunan polis cinayətlərin, inzibati xətaların və digər hüquq pozuntularının baş vermədən qarşısının alınması istiqamətində uğurlu fəaliyyət göstərir. Hər bir polis əməkdaşının ən müasir texniki avadanlıqlardan, informasiya texnologiyalarının son nailiyyətlərindən istifadə etməsi cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin və təhlükəsizliyin təmin olunmasında operativliyi artırıb. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin rəsmi internet səhifəsinin və elektron poçtunun fəaliyyət göstərməsi isə xidmətin səmərəli təşkilinə, eləcə də vətəndaşların müraciətlərinin vaxtlı-vaxtında həllinə şərait yaradıb. Hazırda Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin bütün polis idarə və şöbələrində polis sahə məntəqələri fəaliyyət göstərir. Muxtar respublika sakinlərinə göstərilən xidmətlərin səviyyəsini yüksəltmək məqsədilə nazirlikdə yaradılmış səyyar xidmət öz fəaliyyətini günün tələbləri səviyyəsində qurub. Muxtar respublikanın şəhər, rayon və kəndlərində, eləcə də ümumtəhsil məktəblərində mütəmadi olaraq keçirilən görüşlər, aparılan maarifləndirici söhbətlər də öz bəhrələrini verir.
Diskussiya şəraitində keçirilən görüşdə nazirliyin Təşkilat İnspeksiya İdarəsinin rəisi, polis polkovniki Əli Tağıyev muxtar respublikada asayişin və əmin-amanlığın təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə əldə edilmiş nailiyyətlərdən, işdə tətbiq olunan yeni metodlardan danışıb.
Görüşdə tələbələrin hüquqi bilikləri yoxlanılıb. Tələbələrin nazirliyin iş prinsipi ilə yaxından tanış olmaları üçün boş vaxtlarında nazirliyə gəlmələri, şəxsi heyətlə əlaqə saxlamaları tövsiyə olunub.
Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsi ilə razılaşmaya və tərtib edilmiş qrafikə əsasən, həftədə bir dəfə tələbələrlə görüşlər davam etdiriləcək, onların ayrı-ayrı qruplar şəklində nazirliyin fəaliyyətində iştirakı təmin olunacaq. Bundan başqa, tələbələrlə ayda bir dəfə ümumi görüş keçiriləcək.
Xəbərlər şöbəsi