Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatında partiyanın yaradılmasının 23 illiyi münasibətilə tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı İsa Məmmədov açaraq məruzə ilə çıxış etmişdir.
Qeyd olunmuşdur ki, Yeni Azərbaycan Partiyası tarixi zərurətdən yaranmışdır. Ölkəmizin uçuruma sürükləndiyi, müstəqilliyimizi itirmək təhlükəsi ilə üz-üzə qaldığımız, iqtisadiyyatın tamamilə dağıldığı, aclığın, səfalətin hökm sürdüyü zaman xalqın son ümidinin, inamının ifadəsi kimi belə bir partiyanın yaranması və tarix səhnəsində öz sözünü deməsi zəruri idi. Məhz bu inam uğrunda mübarizənin nəticəsi kimi 1992-ci ilin 21 noyabrında muxtar respublikamızın paytaxtı Naxçıvan şəhərində Azərbaycanın hər yerindən gələn 550 nəfər nümayəndənin iştirak etdiyi təsis konfransında Yeni Azərbaycan Partiyası yaradılmışdır.
Bildirilmişdir ki, 30 yanvar 1993-cü ildə ulu öndərimiz Heydər Əliyevin iştirakı ilə Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatının təsis konfransı keçirilmişdir. Bu gün Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatının 112 ilk partiya təşkilatı fəaliyyət göstərir. Partiyanın rayon təşkilatı öz sıralarında 6644 nəfər partiya üzvünü birləşdirir.
Vurğulanmışdır ki, ötən müddət ərzində muxtar respublikamızda aparılan yenidənqurma, abadlıq, quruculuq tədbirləri, iqtisadiyyatın inkişaf etdirilməsi və əhalinin rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər qəlbimizi iftixar hissi ilə doldurur. Babək rayonu da bu proseslərdən kənarda qalmamış, rayonda kompleks quruculuq işləri aparılmış, iqtisadi və sosial sahədə yeni uğurlar qazanılmışdır. Rayon mərkəzi olan Babək qəsəbəsinin siması dəyişilmiş, müasir rayon mərkəzinə çevrilmişdir. Kənd yaşayış məntəqələrinin də böyük bir qismi abadlaşdırılmış, yeni yollar salınmış, kənd təsərrüfatı, təhsil, mədəniyyət, səhiyyə sahələrində mühüm tədbirlər həyata keçirilmişdir.
Tədbirdə Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatı Qadınlar Şurasının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Turan Məmmədli, təşkilatın şura üzvü Əli Hacıyev və başqaları çıxış etmişlər.
* * *
Yeni Azərbaycan Partiyasının yaradılmasının 23-cü ildönümü muxtar respublikanın hər yerində olduğu kimi, Naxçıvan Dövlət Universitetində də silsilə tədbirlərlə qeyd olunub. Yeni Azərbaycan Partiyası Universitet şəhərciyi ərazi ilk təşkilatının keçirdiyi elmi-praktik konfransı universitetin Həmkarlar İttifaqı Komitəsinin sədri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Elşən Məmmədov açıb.
Qeyd olunub ki, partiya Azərbaycanın müstəqil dövlət quruculuğunda mühüm rol oynayıb. Bu gün Azərbaycanın beynəlxalq arenada böyük siyasi nüfuz qazanmasında, hərtərəfli inkişafında Yeni Azərbaycan Partiyasının əvəzsiz xidmətləri var.
Yeni Azərbaycan Partiyası Universitet şəhərciyi ərazi ilk təşkilatının sədri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Kamal Camalov “Yeni Azərbaycan Partiyası və Naxçıvan Dövlət Universiteti” mövzusunda məruzə edərək partiyanın ziyalı, vətənpərvər gəncliyin inkişafındakı müstəsna rolundan bəhs edib. Məruzəçi partiyanın 23 il bundan öncə yaradılan Universitet şəhərciyi ərazi ilk təşkilatının fəaliyyəti barədə ətraflı məlumat verərək qeyd edib ki, hazırda 1500-dən artıq siyasi həmfikri öz ətrafında birləşdirən təşkilatın sıralarında Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvləri, tanınmış alim-pedaqoqlar var. Təkcə son tədris ilində 136 nəfər partiyaya üzvlüyə qəbul edilib.
İqtisad elmləri doktoru, professor Nazim Əhmədov “Ulu öndər Heydər Əliyev və iqtisadi inkişaf modeli” mövzusundakı məruzəsində qeyd edib ki, müstəqil Azərbaycanın iqtisadi strategiyasının hazırlanması və müəyyənləşdirilməsi məhz Yeni Azərbaycan Partiyasının yaradıcısı, ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması, digər nəhəng beynəlxalq iqtisadi layihələrin həyata keçirilməsi partiyanın siyasi qələbələri üçün zəmin yaratmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Antalyada keçirilən “Böyük İyirmiliyin” Sammitindəki çıxışı da bir daha sübut edir ki, ölkəmiz artıq inkişaf etmiş dövlətlər sırasına daxil olmuş, digər nəhəng dünya dövlətlərinin iqtisadi-siyasi maraq dairəsinə çevrilmişdir.
Universitetin Mətbuat şöbəsinin əməkdaşı Mina Qasımova “Ümummilli lider Heydər Əliyev və Azərbaycan gəncliyi” adlı məruzəsində hazırda 600 mindən artıq üzvü olan Yeni Azərbaycan Partiyasının xalqın milli iradəsini ifadə edərək müstəqil dövlətimizin hərtərəfli inkişafının əsas qarantına çevrildiyini bildirmişdir. Məruzəçi Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin, Qadınlar Şurasının respublikanın ictimai-siyasi həyatındakı aparıcı rolundan danışmışdır.
Konfransın sonunda Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul edilmiş üzvlərə vəsiqələr təqdim olunmuşdur. Tələbə Teatr Studiyasının hazırladığı ədəbi-bədii kompozisiya maraqla qarşılanmışdır.
Xəbərlər şöbəsi