Azərbaycanın ən yeni tarixinə əlamətdar hadisə kimi daxil olmuş 2015-ci ilin 1 noyabr seçkiləri ölkəni dinamik inkişaf yoluna çıxaran, müstəqilliyimizin qarantı olan Heydər Əliyev siyasi kursunun alternativsizliyini bir daha sübuta yetirmişdir. Tamamilə azad, demokratik və şəffaf şəraitdə, yüksək seçici fəallığı ilə keçirilmiş parlament seçkiləri uğurla başa çatmışdır. Noyabrın 1-də həm də Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər keçirilmişdir. 45 seçki dairəsi üzrə keçirilən seçkilərdə seçici siyahılarına daxil edilmiş 268 min 463 nəfərdən 205 min 166 nəfəri, yəni seçicilərin 76,4 faizi iştirak etmişdir. Seçkilərin keçirilməsi və səsvermənin nəticələrinin müəyyənləşdirilməsi zamanı qanun pozuntularına yol verilməmiş, aşkarlıq təmin edilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə təqdim edilmiş sənədlərin təhlili nəticəsində Ali Məclisə keçirilmiş seçkilərin qanunvericiliyə uyğun olduğu, demokratik, aşkarlıq və hər kəsin öz iradəsini sərbəst ifadə etdiyi şəraitdə keçirildiyi müəyyənləşdirilmişdir. Ona görə də Ali Məhkəmənin Rəyasət Heyəti konstitusiya icraatı qaydasında işə baxaraq, 2015-ci il 10 noyabr tarixli Qərarı ilə seçkilərin nəticələrini bütövlükdə təsdiq etmişdir. Noyabrın 17-də beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası keçirilmişdir.
Əvvəla onu qeyd edək ki, bu sessiya Azərbaycan dövlətçiliyi üçün çox əhəmiyyətli bir gündə, Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günündə keçirilmişdir. 25 il bundan öncə, 1990-cı il noyabrın 17-də ulu öndərimiz Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında müstəqil dövlət quruculuğu istiqamətində tarixi qərarlar qəbul olunmuş, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edilmişdir. Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasının məhz noyabrın 17-də keçirilməsi ümummilli liderimiz Heydər Əliyevin yoluna, dövlətçiliyə sədaqətin, Azərbaycanın müstəqilliyinin daha da möhkəmləndirilməsi istəyinin nəticəsidir.
Sessiyada hörmətli Vasif Talıbovun yenidən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi təkcə muxtar respublika Ali Məclisinin 45 deputatının deyil, bütün naxçıvanlıların seçimidir. Sessiyada çıxış edən deputatların vurğuladıqları kimi, 1995-ci ildən sonra muxtar respublikada sənaye, kənd təsərrüfatı, təhsil, mədəniyyət, səhiyyə sahələri inkişaf etdirilmiş, Naxçıvan iqtisadi inkişafın yeni mərhələsinə qədəm qoymuş, ordu quruculuğuna ciddi diqqət yetirilmişdir. Ötən dövrdə milli dəyərlərin qorunub yaşadılması, tarixi abidələrin bərpası istiqamətində ardıcıl tədbirlər görülmüş, Naxçıvanın tarixi, xüsusilə 5 minillik şəhər mədəniyyəti sistemli şəkildə öyrənilmişdir. Ulu öndərimiz Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyasının uğurla davam etdirilməsi Naxçıvanı sürətli inkişaf yoluna çıxarmış, yeni-yeni uğurlara imza atılmışdır.
Hələ 1995-ci ildə qarşıya qoyulmuş məqsəd, müəyyənləşdirilmiş strateji hədəflər blokada şəraitində belə, inkişafa nail olmağın mümkünlüyünü ortaya qoymuşdur. Muxtar respublika əhalisinin inamının özünə qaytarılması, Naxçıvanın daxili potensialının hərəkətə gətirilməsi, cəmiyyətin bütün təbəqələrinin qədim diyarımızın inkişafı üçün həyata keçirilən tədbirlərə cəlb olunması, yerli xammala əsaslanan istehsal müəssisələrinin yaradılması, bütün sahələrin tərəqqisi məqsədilə ixtisaslı kadrların yetişdirilməsi, ərzaq və enerji təhlükəsizliyinin təmin edilməsi, genişmiqyaslı quruculuq işlərinin aparılması, yurdumuzun sabit və təhlükəsiz bir regiona çevrilməsi, insanların rifah halının yaxşılaşdırılması inkişafa gedən yolda qarşıya qoyulan əsas məqsədlərdən idi. Çox qısa bir zamanda bütün bunlara nail olunmuşdur. İnfrastrukturu çağdaş dünya standartları səviyyəsində bütünlüklə yeniləşdirilən, işıq, qaz, su və digər kommunal problemləri tamamilə aradan qaldırılan Naxçıvan öz tarixinin heç bir dövründə belə inkişaf etməmiş, bu qədər güclü olmamışdır. Ümumi daxili məhsul istehsalı dəfələrlə artan, kəndlərinin əksəriyyəti abadlaşdırılan, əhalisinin bütün sosial ehtiyacları, əksər məhsullara olan tələbatı daxili imkanlar hesabına ödənilən, beynəlxalq tədbirlərin və idman yarışlarının keçirildiyi bir regiona çevrilən, mükəmməl turizm infrastrukturu yaradılan, ildə 350-400 min turisti qəbul edən, yeni sənaye müəssisələri qurulan, ixrac imkanları artan müasir Naxçıvan daha möhtəşəm uğurlara, daha sanballı tarixi qələbələrə doğru addımlayır. Bu, beş min il əvvəl şəhər mədəniyyətini yaradan ulu bir diyarın böyük tarix yaradan zəfər yoludur.
Qeyd etdiyimiz kimi, 1995-ci ildən inkişaf və tərəqqi yoluna çıxan Naxçıvanda 1995-2000-ci illər dağılmış infrastrukturun, iqtisadiyyatın bərpası, bugünkü müasir Naxçıvanın təməlinin qoyulduğu, 2000-2005-ci illər quruculuq işlərinin davamı, 2005-2010-cu illər ərzaq və enerji təhlükəsizliyinin tam təmin edildiyi, muxtar respublikanın yeni inkişaf mərhələsinə qədəm qoyduğu, 2010-2015-ci illər isə daha möhtəşəm uğurların qazanıldığı dövrdür. Təkcə son 5 ilə nəzər salsaq, muxtar respublikanın necə böyük bir inkişaf yolu keçdiyinin şahidi olarıq. Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasında Ali Məclis Sədrinin qeyd etdiyi kimi: “Ötən beş ildə nəzərdə tutulan proqramlar icra olunmuş, yeni infrastruktur, istehsal və emal sahələri, sosial-mədəni obyektlər yaradılmış, əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi üçün tədbirlər görülmüşdür”. Son beş ildə muxtar respublikamızda ümumi daxili məhsul istehsalı 1,6, hər bir nəfərə düşən ümumi daxili məhsul istehsalı 1,5, sənaye məhsulunun ümumi həcmi 2,4, əsas kapitala yönəldilən investisiyalar 1,6, kənd təsərrüfatının ümumi məhsulu 1,3, informasiya və rabitə xidmətlərinin həcmi 1,1, xarici ticarət dövriyyəsi 1,4, əhalinin gəlirləri 1,4, hər bir nəfərə düşən gəlirlər 1,3, bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 1,3 dəfə artmışdır. Oxucular yəqin ki, nəzərdən qaçırmadılar – bütün bu artımlar faizlərlə deyil, dəfələrlə olmuşdur. Bu dövrdə muxtar respublikamızda 110 təhsil, 74 səhiyyə ocağı, 144 mədəniyyət müəssisəsi üçün binalar, 145 inzibati bina tikilərək, yaxud yenidən qurularaq istifadəyə verilmiş, 384 istehsal və xidmət sahəsi yaradılmışdır.
Elm, ədəbiyyat və mədəniyyət xadimlərinin yubileylərinin keçirilməsi, milli dəyərlərin yaşadılması və xalq yaradıcılığının dirçəldilməsi istiqamətində görülən işlər də son beş ildə ölkəmizin elmi, ədəbi və mədəni hadisələrindəndir. Tarixi abidələrin bərpasının davam etdirilməsi, yeni arxeoloji abidələrin tapılması, tədqiqat işlərinin genişləndirilməsi tariximizin öyrənilməsi və təbliği baxımından mühüm əhəmiyyət daşıyır. Naxçıvanın tarixi, mədəniyyəti, ekologiyası, təbii sərvətləri barədə, xalq yaradıcılığından bəhs edən çoxsaylı kitabların nəşri də bu dövrün uğurlarındandır.
Bəli, son 20 ildə aparılan sistemli tədbirlər müasir Naxçıvanın inkişafını şərtləndirmişdir. Naxçıvan qazandığı uğurların hesabatını vermiş, qarşıda yeni vəzifələr müəyyənləşdirilmişdir. Naxçıvanda tikilənlər, qurulanlar, yaradılanlar dünya standartları səviyyəsindədir. Ancaq Naxçıvan da öz standartlarını yaratmışdır. Məzmun və mahiyyətcə yeni obyektlər olan kənd və xidmət mərkəzləri nümunəsi dünyada tətbiq oluna biləcək Naxçıvan modelidir. Ümumtəhsil məktəbləri ilə muzeylər arasında interaktiv əlaqələrin yaradılması, elm, ali və orta ixtisas təhsili müəssisələrinin elmi dərəcəli əməkdaşlarının ayda bir dəfə orta məktəblərdə nümunəvi dərs keçməsi, muzeylərə kollektiv gedişlərin təşkili, ali və orta ixtisas məktəblərindəki ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi ilk dəfə Naxçıvanda tətbiq olunmuşdur.
Yurdumuzun abad, təmiz, səliqəli saxlanılması, muxtar respublikamızın inkişafı üçün hər kəsin fədakarlıqla çalışması son illər yaranan gözəl ənənələrdəndir.
Bütün bunlar qazanılan uğurların yalnız görünən tərəfləridir. Naxçıvanın mənəvi qazancları maddi qazanclarından qat-qat çoxdur. Muxtar respublikada aparılan quruculuq işlərinə paralel olaraq həm də yeni cəmiyyət qurulmuşdur. İnsanların şüurunda inqilabi dəyişiklik edilmiş, müasir düşüncəli, vətənpərvər gənclik yetişdirilmişdir. Həyata keçirilən tədbirlər sayəsində insanlarda sahiblik hissi formalaşdırılmışdır. İndi tikilənlərə, qurulanlara keçmiş Sovetlər Birliyində olduğu kimi, dağıdıcı münasibət yoxdur. Hər bir naxçıvanlı tikilən, qurulan hər bir binaya, salınan parka, yola, müasirləşdirilən küçəyə, yaşadığı binaya milli sərvəti kimi baxır. Hamı bilir ki, bu gün yaradılanları gələcək nəsillərə çatdırmaq kimi bir məsuliyyəti var.
Bir vaxtlar əzəmətli keçmişini yalnız tarixi abidələri ilə xatırladan Naxçıvan bu gün öz inkişafına görə qibtə olunan bir diyara çevrilmişdir. Qədim diyarımız tarixini qorumaqla bərabər, müasirliyi ilə də diqqəti cəlb edir. Muxtar respublikamız bütün sahələrdə nailiyyətlər qazanaraq gündən-günə dəyişir, daha da müasirləşir. Məşhur Naxçıvan memarlıq məktəbinin milli ənənələri ilə müasir şəhərsalma mədəniyyətinin uzlaşdırıldığı muxtar respublikada genişmiqyaslı tikinti-quruculuq işləri sürətlə davam etdirilir. Naxçıvanın ən ucqar dağ kəndlərinin belə, fasiləsiz təbii qaz və elektrik enerjisi ilə təmin olunması adi həyat reallığına çevrilmişdir. Bu gün naxçıvanlılar ümumən regionda çox az-az təsadüf edilən lüks evlər tikir, ən bahalı avtomobilləri alıb muxtar respublikaya gətirirlər. Bu faktlar əhalinin rifah halının sürətlə yaxşılaşdırıldığının göstəricisidir. Muxtar respublikanın keçdiyi inkişaf yolu, – “Mən istəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım, arzularım yerinə yetirilsin”, – deyən ulu öndər Heydər Əliyevin ideyalarına dərin sədaqətin təcəssümüdür.
Bu inkişaf və tərəqqi dövrünün, qazanılan uğurların davamlı olması üçün seçilən yolun davam etdirilməsi gərəkdir. Odur ki, beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasında qəbul olunan qərarlar bütün naxçıvanlıların seçimidir və daha parlaq gələcəyimizə xidmət edir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları Vətən sevgisi üzərində ucaldılan, əmin-amanlıq şəraitində yaşadığımız, inkişaf və tərəqqinin davamlı xarakter daşıdığı, abadlıq-quruculuq işlərinin hər gün daha da genişləndirildiyi, ləyaqətli, vətənpərvər gəncliyin yetişdirildiyi, iradənin, cəsarətin bütün çətinliklərə qalib gəldiyi, ordusunun nəinki onu qorumaq, istənilən hücum əməliyyatını həyata keçirməyə qadir olan Naxçıvanın bu uğurlarının davamına səs vermişdir. Bu, bütün muxtar respublika əhalisinin yekdil fikridir. Naxçıvanlılar deyir ki: “Biz bütün problemləri həll olunan, hər bir sakininin hüquqlarının qorunduğu, hər kəsin qayğı ilə əhatə edildiyi nümunəvi bir regionda yaşayır və müasir Naxçıvanın QURUCUSUNA sonsuz minnətdarlığımızı, dərin inamımızı bildiririk”.
Blokada şəraitində bu inkişafın səbəblərini Azərbaycan Prezidenti cənab İlham Əliyev belə izah edir: “Əsas məsələ Vətən sevgisidir. İqtisadi imkanlar böyük də ola bilər, o qədər böyük olmaya da bilər. Amma əgər Vətən sevgisi varsa, məhdud iqtisadi imkanlarla da çox iş görmək olar”.
Müasir Naxçıvanı qarşıdakı dövrdə daha böyük uğurlar gözləyir. Ali Məclisin Sədri sessiyadakı çıxışında demişdir: “Qarşıdakı dövrdə də biz fəaliyyətimizi gücləndirməli, əhalinin yaşayış səviyyəsini daha da yaxşılaşdırmalı, yeni istehsal sahələrinin və bununla bərabər yeni iş yerlərinin yaradılmasını təmin etməli, sosial sahələrin inkişafına diqqəti artırmalıyıq”.
Muxtar respublika rəhbəri çıxışını ölkə başçısı cənab İlham Əliyevin bu fikirləri ilə tamamlamışdır: “Biz irəliyə baxmalı, ölkəmizin uzunmüddətli, dayanıqlı və səmərəli inkişafını təmin etmək üçün çalışmalıyıq”.
Növbəti beş ilin hədəfi bəllidir. Naxçıvanın uzunmüddətli və dayanıqlı inkişafının təmin olunması. Naxçıvanlılar bu yolla gedərək daha böyük uğurlar qazanacaq, doğma Azərbaycanımızın daha güclü Naxçıvanını quracaqlar.
Tural Səfərov