24 Dekabr 2024, Çərşənbə axşamı

Noyabrın 19-da Yeni Azərbaycan Partiyası (YAP) Şərur Rayon Təşkilatında partiyanın yaradılmasının ildönümü ilə əlaqədar keçirilən yığıncaqda təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayev məruzə edərək Yeni Azərbaycan Partiyasının ölkə­mizin sosial-iqtisadi, ictimai-siyasi həyatındakı rolundan danışmışdır.
Bildirilmişdir ki, 1992-ci il noyabrın 21-də ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyası ilk günlərdən özünü milli birliyin, vətəndaş həmrəyliyinin, sabitlik və tərəqqinin başlıca təminatçısı kimi göstərməklə xalqın dərin inamını qazanmışdır. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan görkəmli dövlət xadimi Heydər Əliyev ölkəmizi fəlakətlər girdabından xilas etmiş, Azərbaycanın inkişaf strategiyasını müəyyənləşdirmişdir. Məhz bu inkişaf strategiyası nəticəsində Azərbaycan artıq dünyanın nüfuzlu ölkələrindən birinə çevrilmişdir.
Vurğulanmışdır ki, Heydər Əliyev dühasının Yeni Azərbaycan Partiyasının proqramında ifadəsini tapmış dövlətçilik strategiyası son 23 ildə bütün istiqamətlərdə dövlət müstəqilliyinin qorunub saxlanması, möhkəmləndirilməsi və inkişaf etdirilməsi prinsiplərinə söykənmişdir. YAP-ın cəmiyyətdə ölkəni idarə etməyə qadir alternativsiz siyasi qüvvə kimi qəbul olunması da məhz partiyanın Heydər Əliyev ideyalarına söykənməsi ilə bağlıdır.

Qeyd edilmişdir ki, 2003-cü ildən ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən, Sədri olduğu Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki mövqelərini daha da möhkəmləndirən Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlarını şərtləndirən ən mühüm məqamlardan biri də ölkə rəhbərinin kifayət qədər təkmil siyasi təlimə – ulu öndər Heydər Əliyevin milli dövlətçilik fəlsəfəsinə istinad etməsidir. Bu təlim Azərbaycanın müstəqilliyinə, onun əbədi, dönməz xarakter daşımasına təminat vermişdir. Aparılan uğurlu siyasətin nəticəsində respublikamızda iqtisadi potensialın hərtərəfli inkişafı təmin olunmuş, sahibkarlıq fəaliyyəti daha da genişləndirilmiş, yeni istehsal və emal müəssisələrinin işə salınması, yoxsulluğun azaldılması və yüksək məşğulluq səviyyəsinin təmin edilməsi istiqamətində mühüm nailiyyətlər əldə edilmişdir.
Azərbaycanın bütün bölgələrini əhatə edən iqtisadi və sosial islahatların Naxçıvan Muxtar Respublikasının da sürətli inkişafına səbəb olduğunu deyən Əmir Babayev bildirmişdir ki, həyata keçirilən bu siyasət iqtidar partiyası kimi YAP-ın nüfuzunu daha da artırmışdır.
“Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının tərkibində 163 ilk partiya təşkilatı fəaliyyət göstərir”, – deyən təşkilat sədri əlavə etmişdir ki, rayon təşkilatı öz sıralarında 10 min 338 nəfər partiya üzvünü birləşdirir. Onlardan 2 min 970 nəfəri qadınlar, 3 min 518 nəfəri isə gənclərdir. 2015-ci ilin 10 ayında partiya sıralarına qəbul olanların sayı 111 nəfər olmuşdur ki, onların da 87-si gənclər, 46 nəfəri qadınlardır. Partiya üzvləri ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş strategiyanın muxtar respublikada uğurla həyata keçirilməsində fəallıq göstərirlər.
Məruzə ətrafında YAP Şərur Rayon Təşkilatı İdarə Heyətinin üzvləri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Nüsrət Həsənov və Ünbülbanu Musayeva, Maxta kənd tam orta məktəbi ilk partiya təşkilatının sədri Musa Şirəliyev, Aralıq kənd ərazi ilk partiya təşkilatının sədri Cəfər Muxtarov, partiya veteranı Vidadi Süleymanov və başqaları çıxış etmişlər.

Elman MƏMMƏDOV

*  *  *

Sədərək rayonunda da Yeni Azərbaycan Partiyasının yaradılmasının 23-cü ildönümü münasibətilə tədbir keçirilib.
Tədbirdə Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Arif Qasımov çıxış edib. Təşkilat sədri Yeni Azərbaycan Partiyasının yaradılmasının Azərbaycanın müasir siyasi tarixində mühüm hadisə olduğunu bildirərək deyib ki, bu gün əldə etdiyimiz bütün uğurların təməlində ümummilli liderimiz Heydər Əliyevin siyasi uzaq­görənliyi və müdrikliyi dayanır. Ulu öndərin siyasi kursunu uğurla davam etdirən dövlət başçısı cənab İlham Əliyev sosial-iqtisadi yüksəlişə nail olmaqla qlobal dünyada Azərbaycanı müasir və inkişaf etmiş dövlətə çevirib.
Qeyd edilib ki, Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatının sıralarına bu ilin 10 ayında 54 nəfər qoşulub. Gənclər, ziyalılar təşkilatda xüsusi yer tuturlar. Onlar rayonun ictimai-siyasi, mədəni həyatında, quruculuq tədbirlərində fəal iştirak edirlər.
Tədbirdə Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatının Qadınlar Şurasının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Vüsalə Əliyeva, Sədərək kənd 1 nömrəli tam orta məktəb ilk partiya təşkilatının sədri Gülnarə Hüseynova, təşkilatın Heydər Əliyev adına Gənclər Birliyinin üzvü Əjdər Məmmədhəsənov, gənc fəallardan İlkin Əhmədov çıxış ediblər.
Çıxışlarda bildirilib ki, Yeni Azərbaycan Partiyası bu gün cəmiyyətdə çox böyük nüfuza malikdir. Bu da onunla bağlıdır ki, partiyanın əsas vəzifələri olan dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlət qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsi Azərbaycan xalqının mənafelərinə bütünlüklə cavab verir.
Sonda Yeni Azərbaycan Partiyası sıralarına qəbul olunmuş bir qrup gəncə üzvlük vəsiqələri təqdim edilib.

*  *  *

Yeni Azərbaycan Partiyasının yaradılmasının 23-cü ildönümü Şahbuz rayonunda da qeyd olunub.
Bu münasibətlə keçirilən tədbirdə Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Rizvan Məmmədov məruzə ilə çıxış edib. Bildirilib ki, ötən 23 il müddətində ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının fəaliyyətinə nəzər saldıqda, qazanılan uğurların fonunda ulu öndər Heydər Əliyevin vaxtilə əminliklə söylədiyi “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” fikrini xatırayırıq. 23 illik fəaliyyəti dövründə sıralarını kəmiyyət və keyfiyyət baxımından daha da möhkəmləndirən Yeni Azərbaycan Partiyası öz avanqard yolu ilə xalqın dəstəyini və məhəbbətini qazanıb. Ölkəmizin uçuruma sürükləndiyi bir ərəfədə yaradılması həyati zərurətdən doğan partiya 23 il ərzində xalqın partiyası olduğunu təsdiq edib.
Vurğulanıb ki, bu gün Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatı 3500 nəfər partiya üzvünü öz ətrafında birləşdirir. Onlardan 1462 nəfəri gənclər, 1218 nəfəri isə qadınlardır. Partiyanın 9 nəfər idarə heyəti, 21 nəfər şura üzvü və 9 nəfərdən ibarət Heydər Əliyev adına Gənclər Birliyi fəaliyyət göstərir.
Bütün partiya üzvləri rayonun ictimai-siyasi həyatında yaxından iştirak edirlər. Bu gün digər bölgələrimiz kimi, Şahbuz da müasir Azərbaycan rayonunun bir nümunəsidir. Rayonun gözəlliklər diyarına çevrilməsində, bütün sahələrdə inkişafın təmin olunmasında partiya üzvləri fəallıqları ilə seçilirlər. Onlar qürur duyurlar ki, təmsil olunduqları partiyanın Sədri, ölkə rəhbəri cənab İlham Əliyevin yorulmaz fəaliyyəti nəticəsində Şahbuz rayonunun da bütün idarə, müəssisə və təşkilatları üçün müasir memarlıq üslubunda binalar inşa olunub. Rayon İcra Hakimiyyəti, Maliyyə, Təhsil, Polis şöbələri, Baytarlıq və Rabitə idarələri, Dövlət Sosial Müdafiə Fondunun Şahbuz Rayon Şöbəsi, Əhalinin Sosial Müdafiəsi, Gigiyena və Epidemiologiya mərkəzləri, Tarix-Diyarşünaslıq Muzeyi, avtovağzal, “Araz” kinoteatrı, Mərkəzləşdirilmiş Kitabxana Sistemi, Uşaq Kitabxanası və digər təşkilatların fəaliyyət göstərdikləri yeni binalarda əməkdaşlar üçün hərtərəfli iş şəraiti yaradılıb.
Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatı üçün də müasir tələblərə cavab verən bina inşa olunub. Yeni tikilən kənd mərkəzlərində ilk partiya təşkilatlarına otaqlar ayrılıb, hərtərəfli iş şəraiti yaradılıb.
Məruzə ətrafında partiya fəalları Təmleyxa Cəbiyevin, Səadət Abdinovanın və başqalarının çıxışları olub.
Sonda bir qrup gəncə üzvlük vəsiqəsi təqdim edilib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR