17 noyabr – Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin birgə təşkilatçılığı ilə qadınlar arasında keçirilən “Milli dəyərimiz – vətənpərvərlik” mövzusunda III muxtar respublika rəsm və əl işləri müsabiqəsinin qalibləri mükafatlandırılmışlar.
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva və Naxçıvan Qızlar Liseyinin direktoru, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Aidə Allahverdiyeva müsabiqə qaliblərini və tədbir iştirakçılarını 17 noyabr – Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günü münasibətilə təbrik etmişlər.
Bildirilmişdir ki, hər il istedadlı qadınların rəsm və əl işlərinin sərgiləri, sərgi-satışları, rəsm və əl işləri üzrə müxtəlif mövzularda müsabiqələri təşkil olunur, yeni gənc istedadlar üzə çıxarılır. “Milli dəyərimiz – vətənpərvərlik” mövzusunda III muxtar respublika rəsm və əl işləri müsabiqəsinin keçirilməsi incəsənətə, istedadlı qadınlara və bu sahədə özünü kəşf etməyə ilk addımını atmış gənc qadınlara göstərilən dövlət dəstəyinin davamıdır.
Vurğulanmışdır ki, müsabiqəyə 50 qadın 61 rəsm və əl işi təqdim etmişdir. Müsabiqə iştirakçıları dövlət atributlarımızdan olan üçrəngli bayrağımızın rəsm əsərlərində və əl işlərində gözəl nümunələrini yaratmışlar.
Tədbirdə Naxçıvan Qızlar Liseyinin tarix müəllimi Gülşən Ağayeva çıxış edərək Dövlət Bayrağının tarixi ilə bağlı ətraflı məlumat vermişdir.
Sonra “Milli dəyərimiz – vətənpərvərlik” mövzusunda qadınlar arasında keçirilən III muxtar respublika rəsm və əl işləri müsabiqəsinin qalibləri və həvəsləndirici yerlərə layiq görülənlər diplom və hədiyyələrlə mükafatlandırılmışlar.
Sonda tədbir iştirakçıları müsabiqəyə təqdim olunan rəsm və əl işlərinin sərgisinə baxmışlar.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın
və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti