Şərqin qapısında vüqarla, əzəmətlə, məğrurluqla dayanan Naxçıvan! Beşminillik şəhər mədəniyyətinə malik olan ulu yurd yerim. Sənin dünəninə boylanıram, bu gününə baxıram, sabahını görürəm. Şanlı tarix yaşamısan. Bu gün o tarix böyük sevgi və ehtiramla yad edilərək yaşadılır. Bu tarixin bir-birindən zəngin səhifələri qəhrəmanlıqlarla doludur. Həmin səhifələrdə babalarımızın yenilməz ruhu yaşayır. Dünəndən bu günə boylanıb bizə bu günümüzün qədrini bilməyi, bu torpağı beləcə saxlamağı tövsiyə edir.
Azərbaycan dövlətçiliyinin intişar tapdığı bu qədim diyar son illərdə keçdiyi sürətli inkişaf yolu ilə, doğrudan da, dövlətçiliyin beşiyi olduğunu sübut edib. Ölkəmizin müstəqilliyi üçün taleyüklü məsələlərin bu diyarda öz həllini tapması bu gün çoxlarına asan görünə bilər. Ancaq Azərbaycanın uçuruma sürüklənmək ərəfəsində olduğu bir vaxtda həmin məsələlərin həll edilməsi cəsarət tələb edirdi. Bu gün qədim diyarımız Naxçıvanda hər bir naxçıvanlı müstəqillik kimi böyük bir nemətin daha da əbədi olması prinsipi ilə yaşayır. Bu prinsip naxçıvanlıların həyat idealına çevrilib. Fərqi yoxdur, istər yüksək postda duranlar, istərsə də sıravi insanlar üçün dövlətçilik, dövlətçiliyə sədaqət ən ali vəzifədir. Hamı bu vəzifəni yerinə yetirməyi özünün vətəndaşlıq borcu sayır. Bu borc uşaq bağçasından tutmuş ali məktəblərədək təlqin olunur. Belə vətəndaşlıq borcunun layiqincə yerinə yetirilməsi dövlətçiliyin, müstəqilliyin sabahına ən böyük zəmanətdir.
Bir ucu sərhəd bölgəsi Sədərək, bir ucu bağlar diyarı Ordubad, dağlar qoynunda füsunkarlıq rəmzi olan Şahbuz, digər bölgələrimiz bu gün inkişaf və tərəqqinin yeni müstəvisindədirlər. Rayon mərkəzləri ilə yanaşı, ucqar dağ kəndləri, sərhəd və ən kiçik yaşayış məntəqələri qəsəbə timsallıdırlar. Müasirləşən kəndlər bugünkü Naxçıvanın nail olduğu sosial-iqtisadi inkişafın göstəriciləridir.
Dünən Naxçıvanın qonağı olanlar bu gün təəccüblərini gizlədə bilmirlər. Hər addımda bir yenilik görmək, hər gün bir təzəliklə rastlaşmaq naxçıvanlılar üçün adi hala çevrilib. Naxçıvan yenidən qurulduqca daha da gözəlləşir. Xaricdən buraya gələn və yurdumuzun inkişafı barədə bir qədər məlumatı olan bir turistin sözlərini xatırlayıram: Bu yeniliklər gündəlik olaraq sizin gözləriniz qarşısında baş verdiyi üçün sizə adi görünür.
Ancaq görülən bu işlərin blokada şəraitində yaşayan bir məmləkətdə reallaşması kiçik məsələ deyil. Və bütün bunların təməlində doğma yurda bağlılıq, sevgi və məhəbbət, insan amilinə, yurd amilinə böyük diqqət dayanır.
Hər gün, hər saat dəyişən məmləkətimiz başdan- ayağa, sözün həqiqi mənasında, hər sahədə yeni quruculuq donundadır. Gündən-günə sayı artan məktəb, səhiyyə, mədəniyyət ocaqlarının yeni binaları, salınan yeni yaşayış massivləri, yeni emal və istehsal müəssisələrinin həyata vəsiqə alması, insanların məşğulluq probleminin həllinə nail olunması, informasiya-kommunikasiya texnologiyalarının ən son nailiyyətlərinin tətbiqi... Bunlar Naxçıvanın bugünkü mənzərəsidir.
Qurmaq, yaratmaq naxçıvanlıların həyat idealına çevrilib. Gələcəyimizin daha parlaq və işıqlı olacağına əsas var. Bu, yurd sevgisindən qaynaqlanan keçilən və seçilən yoldur.
Muxtar Məmmədov