Naxçıvan Muxtar Respublikası inkişaf etdikcə, maliyyə resursları artdıqca burada yeni və mütərəqqi layihələr hazırlanır, onun gerçəkləşdirilməsi üçün sürətli və keyfiyyətli işlər görülür. Naxçıvanımızın indi hər yerində genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır, sənayenin, aqrar sahənin, elmin, təhsilin, səhiyyənin, mədəniyyətin inkişafına xüsusi qayğı göstərilir.
Bu gün təkcə Naxçıvan şəhərinin küçə və prospektlərində, onlarla obyektdə tikinti, yenidənqurma və təmir-bərpa işləri aparılır. Qədim diyarımızın hər yerində yeni binalar ucaldılır, yollar genişləndirilir, kommunikasiya xətləri dəyişdirilir və digər quruculuq işləri həyata keçirilir. Sevindirici fakt isə budur ki, bu gün nə iş görülürsə, hamısı yerli mühəndislərin, ustaların, fəhlələrin əlləri ilə ərsəyə gəlir. Bu, eyni zamanda keyfiyyətə də təsir edir. Çünki insan ən yaxşı işi öz evində görər. Sevgiylə görülən iş isə daha zövqoxşayan və dayanıqlı olar. Naxçıvan şəhərindəki dəyişikliklərdən danışdıqda, iyirmi il əvvəl yox, elə iyirmicə gün əvvəl də etdiyimiz müqayisə kifayət edər ki, şəhərimizdə olan dəyişiklik, inkişaf görünsün.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq olunan “2014-2015-ci illərdə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafı üzrə Proqram” Naxçıvan şəhərində bir çox istiqamətdə həyata keçirilən tədbirlərə stimul verib. Ötən müddətdə proqramın icrası istiqamətində görülən işlər muxtar respublika paytaxtında əhəmiyyətli dəyişikliklərə səbəb olub.
Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin aparat rəhbəri Hicran Rüstəmovla həmsöhbət olub, icra müddəti başa çatmaqda olan proqram çərçivəsində görülən işlərlə maraqlandıq. Müsahibim bildirdi ki, proqramda xüsusi diqqət yetirilən sahələrdən biri inzibati binaların tikintisi və təmiridir. Proqramın qəbulundan sonra bu istiqamətdə atılan ilk addım Qaraçuq Kənd Mərkəzinin və xidmət mərkəzinin inşa edilməsi olub, hər iki obyektin tikintisi başa çatdırılıb. Şəhər sakinlərinin keyfiyyətli rabitə xidmətlərindən istifadəsi üçün ötən ildən başlayaraq məqsədyönlü işlər görülüb. Belə ki, “Evədək optika” layihəsi çərçivəsində internetə genişzolaqlı qoşulma, IP TV və telefon xidmətlərinin daha da genişləndirilməsi, simsiz internet şəbəkəsinin ən müasir texnologiyalar əsasında inkişaf etdirilməsi üçün bir sıra tədbirlər reallaşdırılıb.
“Sözügedən proqramda nəzərdə tutulan istilik, su və kanalizasiya təchizatında müasir infrastrukturun yaradılması məqsədilə Naxçıvan şəhərindəki kəhrizlərdə təmir-bərpa işləri aparılıb, su-kanalizasiya qurğularının tikintisi həyata keçirilib. İctimai yaşayış binalarında istilik, su-kanalizasiya sistemlərinin yenidən qurulması və müasirtipli fərdi qazanxanaların tikintisi sahəsində uğurlu nəticələr əldə edilib”, – deyən Hicran Rüstəmov bildirdi ki, bəhs olunan dövrdə Naxçıvan şəhərində 10 və 0,4 kilovoltluq hava elektrik verilişi xətlərinin müvafiq gərginlikli kabel xətləri ilə əvəz edilməsi həyata keçirilib. Qaz və elektrik enerjisi təchizatında mütərəqqi addımlardan biri Naxçıvan şəhərində smartkarttipli sayğacların quraşdırılmasıdır. Əhali qrupu üzrə təbii qaz və elektrik enerjisi istehlakçılarının müasir standartlara cavab verən texnologiyalardan istifadəsi məqsədilə Naxçıvan şəhərində ön ödənişli smartkarttipli sayğaclar quraşdırılır.
Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafı üzrə proqramda diqqəti çəkən başlıca məqam onun sosial həyatın müxtəlif sahələrini əhatə etməsidir. Yol təsərrüfatı və nəqliyyatda müasir infrastrukturun qurulması bu sahədə olan çətinliklərin aradan qaldırılması məqsədi daşıyır. Proqrama uyğun olaraq, ötən il və bu ilin ötən dövrü ərzində əsas hissəsi yekunlaşdırılmış işlər sırasında Naxçıvan şəhərinin küçələrində və Xətai məhəlləsində abadlıq işlərinin aparılması, şəhərdaxili nəqliyyatda işləyən avtobusların beynəlxalq standartlara cavab verən müasir avtobuslarla əvəz olunması, nəqliyyatın sıx olduğu yerlərdə piyada keçidlərinin yaradılması, İslam Səfərli küçəsində avtomobil parkının tikintisi, Qaraçuq, Bulqan, Qaraxanbəyli kəndlərində mərkəzi yollara asfalt örtüyün salınması, ictimai nəqliyyat üçün yeni dayanacaqların quraşdırılması da var. Ötən dövrdə Naxçıvan şəhərində yeni istirahət parklarının qurulması və yaşıllıq sahələrinin artırılması, şəhərətrafı qəsəbə və kəndlərdə bağçılıq təsərrüfatının genişləndirilməsi davam etdirilib.
Ötən il üçün gənclər və idman sahəsində proqramda nəzərdə tutulan mühüm tədbir Naxçıvan şəhərində Gənclər Mərkəzinin tikintisinin başa çatdırılması olub. Şəhər sakinləri üçün təhsil sahəsində ötən ilin və bu ilin ən əlamətdar, yaddaqalan hadisələri Naxçıvan şəhər 11 nömrəli, Qaraçuq kəndində 9 nömrəli tam orta məktəb binalarının yenidən qurulması, “Naxçıvan” Universiteti üçün tədris, inzibati və yataqxana binalarından ibarət kompleksin və Naxçıvan Dövlət Universitetinin Xəstəxanası və Baytarlıq təbabəti ixtisası üçün yeni binaların istifadəyə verilməsidir.
Proqramda Naxçıvan şəhərində daha beş səhiyyə müəssisəsinin müasirləşdirilməsi nəzərdə tutulub. Proqramın qəbulundan ötən dövr ərzində Naxçıvan şəhərinin Qaraçuq kəndində həkim ambulatoriyası tikilərək istifadəyə verilib, Yoluxucu Xəstəliklər Mərkəzi üçün binanın tikintisi başa çatdırılıb. Naxçıvan Muxtar Respublika Xəstəxanası binasının yenidən qurulması, bitkiçilik və heyvandarlıq sahələri üzrə əczaxananın yaradılması istiqamətində görülən işlər isə davam etdirilir. 2014-cü ildə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində tikinti-bərpa işləri başa çatdırılıb, Dövlət Bayrağı Meydanı və Muzeyinin tikintisi yekunlaşdırılıb, Naxçıvançay vadisində əyləncə və istirahət mərkəzi əhalinin ixtiyarına verilib. Proqrama uyğun olaraq, Naxçıvan şəhərində müasir hamam kompleksinin tikintisi yekunlaşdırılıb, Kalbalıxan küçəsində Xatirə Muzeyi üçün bina inşa edilərək istifadəyə verilib. Qaraçuq Kənd Uşaq Musiqi Məktəbi üçün yeni binanın inşa olunması kənd sakinlərinin ürəyincə olub.
İctimai yaşayış binalarının yenidən qurulması, əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması da aparılan tikinti-quruculuq işlərinin tərkib hissəsidir. “2014-2015-ci illərdə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafı üzrə Proqram”ın qəbulundan sonra Naxçıvan şəhərinin Əziz Əliyev küçəsində yeni yaşayış kompleksinin tikintisinə start verilib, Atatürk küçəsində 9 nömrəli yaşayış binasının tikintisi başa çatdırılıb. Atatürk küçəsindəki 5 nömrəli ictimai yaşayış binası yenidənqurmadan sonra sakinlərin ixtiyarına verilib, Heydər Əliyev prospektindəki yeni ictimai yaşayış binasının tikintisi başa çatdırılıb.
Adıçəkilən proqramın qəbulundan ötən müddətdə kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi, kənd təsərrüfatının infrastruktur təminatı ilə bağlı 20-dən çox tədbirin icrası davam etdirilib.
Görülən işləri naxçıvanlılar çox böyük minnətdarlıqla qarşılayırlar. Burada abadlıq və quruculuq işlərinin müasir və milli memarlıq elementləri əsasında aparılması və şəhərin tarixi imicinə zərrə qədər də xələl gəlməməsi işlərin həm də elmi və yaradıcı şəkildə icrasını təsdiqləyir. Bütün bunlar əsas verir ki, şəhərdə yaşayan və fəaliyyət göstərən hər bir şəxs, eləcə də kollektiv haqlı olaraq qürur duysun. Hər günü yeni uğurlarla yola salan bu diyarın zəhmətkeş insanları belə bir məkanda yaşadıqları üçün özlərini xoşbəxt hesab edirlər. Naxçıvanın fədakar insanları daha böyük əzmlə çalışır, bu günlərindən sabaha inamla baxırlar. Gələcək isə daha böyük uğurlardan xəbər verir.
Gülnar YÜZBAŞIYEVA