24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı haqqında” 2014-cü il 17 noyabr tarixli Sərəncamına əsasən, hər il noyabr ayının 17-si Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir.
Dövlətçilik ənənələri hələ qədim dövrlərdə mövcud olmuş etnik-siyasi özünütəşkil mədəniyyətinə söykənən xalqımızın bu gün müstəqil bayrağa malik olması onun mənəvi haqqıdır. Bayrağımızı hər bir azərbaycanlının qürur mənbəyinə çevirən də bu müqəddəs rəmzin xalqımızın mübarizlik ruhunun simvolu olmasıdır. Bu ruh Azərbaycan xalqının yenilməz mənəviyyatının ən canlı və ən şanlı təcəssümüdür. Məhz mübarizlik və yenilməzlik ruhu sayəsində tarixin bütün dönəmlərində həm də qədim Naxçıvanın timsalında Azərbaycan dövlətçiliyi öz kökləri ilə keçmişinə bağlı olmuş, tarixi ilə birgə yaşamağı, keçmişi ilə bu gününün vəhdətini yaratmağı bacarmışdır. Ona görə də dövlətçiliyimiz milli siyasət və ideologiyanın ən mühüm simvolu olan tarixi bayraq ənənəsində də özünün maddi, mənəvi və siyasi mədəniyyətinin əsas özəlliklərini, başlıcası isə ölməz milli ruhunu daim yaşatmaqdadır. Qürurla deyə bilərik ki, tarixin bir çox dönəmlərində Naxçıvan milli-ideoloji məsələlərdə Azərbaycan dövlətçiliyinin dayağı olmuş, dövlətçiliyimizin əsas atributlarından biri olan üçrəngli, aylı-ulduzlu bayrağımız tarixdə ikinci dəfə məhz Naxçıvanda yüksəldilmişdir.

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında dövlət atributlarına hörmət və ehtiram keçmişdə də, bu gün də yüksək səviyyədədir. Bunun bir səbəbi də şərəfli tariximiz ilə bağlıdır. Beşminillik şəhər mədəniyyəti tarixinə malik Naxçıvan dünya sivilizasiyasına möhtəşəm mədəniyyət nümunələri ilə yanaşı, yüzillər boyu formalaşmış böyük dövlətçilik ənənələrini də miras qoymuşdur. Onuncu əsrdə “Naxçıvan şahlığı”, on ikinci əsrdə isə Azərbaycan Atabəylər dövləti yaranmışdır. On səkkizinci əsrdə Azərbaycan ərazisində yaranmış 18 xanlıqdan biri olan Naxçıvan xanlığı isə inzibati idarəçiliyin formalaşmasına xüsusi töhfə vermişdir. İyirminci əsrin əvvəllərində Naxçıvanın müdafiə qabiliyyətinin möhkəmlənməsində və tarixi ərazisinin qorunmasında mühüm xidmətlər göstərmiş, 1 milyondan çox əhaliyə malik olan Araz-Türk Respublikası da tarixi köklərimizdən gələn, Naxçıvan xanlığı dönəmində yeni idarəçilik meyarları ilə zənginləşən dövlətçilik ənənələrimizin əsasında qurulmuşdur.
Qeyd etməliyik ki, xanlıqlar dövrü Azərbaycanın milli dövlətçilik tarixində özünəməxsus yer tutur. Ulu öndərimiz Heydər Əliyev böyük uzaqgörənliklə milli dövlətçilik ənənələrimizin öyrənilməsində Azərbaycan tarixinin, o cümlədən Naxçıvan xanlığının tarixinin yenidən tədqiq edilib dəyərləndirilməsini əhəmiyyətli vəzifə hesab edərək demişdir: “İndi Azərbaycanın qədim diyarı kimi Naxçıvanın tarixini öyrənmək... lazımdır. Məsələn, mən daha çox istərdim ki, Naxçıvan xanlığının tarixi yazılsın. Naxçıvan xanlığının çox böyük tarixi var”.
Son illərdə Azərbaycan xanlıqları içərisində nisbətən daha çox tədqiq olunan Naxçıvan xanlığına dair yeni kitabların, orijinal tədqiqat materiallarının meydana çıxması, ümumiyyətlə, milli dövlətçiliyin öyrənilməsi, təbliğ edilməsi baxımından da mühüm əhəmiyyətə malikdir. Bununla yanaşı, son illərdə Naxçıvan xanlığının dövlət bayrağının müəyyən edilməsi və üzə çıxarılması sahəsində də axtarışların aparılması zərurəti meydana çıxmışdır. Bu istiqamətdə Bakı, Tiflis, Ankara, Moskva və Sankt-Peterburq şəhərlərindəki arxivlərdə, muzeylərdə və kitabxanalarda müxtəlif elmi axtarışlar aparılmışdır. Nəhayət, ilk dəfə olaraq Naxçıvan xanlığına aid iki bayraq müəyyən edilmiş və üzə çıxarılmışdır. Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindəki Dövlət Ermitaj Muzeyində və Artilleriya, Mühəndis Qoşunları və Rabitə Qoşunları Hərb Tarixi muzeylərinin bayraq fondlarında aşkar edilən həmin bayraqlar geniş mənada Azərbaycanın milli dövlətçilik tarixinin öyrənilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Bayraqların üzərindəki təsvirlər Naxçıvan xanlığının hərbi-siyasi mövqeyini, strategiyasını tam şəkildə ifadə edir. Bu bayraqlar Naxçıvan xanlığının tarixini öyrənmək, xanlığın hərbi-siyasi hədəflərini, ideologiyasını müəyyən etmək baxımından da əhəmiyyətlidir.
Qədim diyarımızın ən qiymətli sərvətlərindən biri də dövlətçilik ənənələrinin davamı olaraq formalaşan Naxçıvanın muxtariyyətidir. Qeyd etməliyik ki, Naxçıvan Muxtar Respublikası milli mənsubiyyətə görə yox, 1918-1924-cü illərdə cərəyan edən daxili və xarici amillərin təsiri altında yaranmışdır. Naxçıvana muxtariyyət verilməmişdir, əksinə, naxçıvanlılar bu muxtariyyəti qazanmışdılar. Naxçıvanın muxtariyyəti ermənilərə qarşı silahlı mübarizə cəbhəsində qazanıldığı kimi, böyük dövlətlərin siyasi oyunlarına qarşı diplomatik mübarizə cəbhəsində də qazanılmışdır.
Naxçıvan Muxtar Respublikası yarandığı vaxtdan konstitusion səviyyədə özünün atributlarına, o cümlədən Dövlət Bayrağına malik olmuşdur. 1924-cü ildə qəbul edilmiş “Naxçıvan Sosialist Sovet Respublikası haqqında Əsasnamə”də, Naxçıvan SSR-in 1926-cı, Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının 1937-ci və 1978-ci il konstitusiyalarında muxtariyyətin Dövlət gerbi və Dövlət Bayrağı haqqında hüquqi müddəalar olmuş, onların təsvirləri verilmişdir. İlk dəfə olaraq 1998-ci il Konstitusiyasında Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı və gerbi ilə yanaşı, Dövlət Himni də təsbit edilmişdir. Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının 10-cu maddəsində qeyd olunur ki: “Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri Azərbaycan Respublikasının Dövlət Bayrağı, gerbi və Azərbaycan Respublikasının Dövlət Himnidir”.
Naxçıvanın muxtariyyətə malik olması Azərbaycan dövlətçiliyinin inkişafı, tarixi ənənələrin qorunub yaşadılması istiqamətində atılacaq növbəti əsaslı addımlar üçün də zəmin hazırlamışdır. Belə ki, Naxçıvanın muxtar dövlət olması 1990-cı il noyabrın 17-də ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə müstəqil respublikamızın üçrəngli bayrağının muxtar respublikanın Dövlət Bayrağı kimi qəbul edilməsi qarşısında heç bir siyasi-hüquqi maneənin olmamasına şərait yaratmışdır. Beləliklə, müstəqil Azərbaycan Respublikasının dövlət quruculuğu prosesi Naxçıvandan başlanılmışdır. Ulu öndərin sədrliyi ilə keçirilən Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin sessiyasında böyük dövlət xadiminin təşəbbüsü ilə ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul olunması təklif edilmişdir.
Dahi şəxsiyyətin özünün işləyib hazırladığı və Ali Məclisdə yekdilliklə qəbul olunan “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” tarixi Qərarda deyilirdi:
“Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır:
“1. İlk Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi təsis edilsin.
2. Naxçıvan Muxtar Respublikasının digər Dövlət rəmzi – Dövlət Himni və gerbi haqqında məsələ öyrənilib Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müzakirəsinə verilsin.
3. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağının bütövlükdə Azərbaycan SSR-in Dövlət rəmzi kimi təsis edilməsi məsələsi qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan SSR Ali Sovetindən xahiş edilsin”.
Bundan sonra yeni qəbul olunmuş Dövlət Bayrağı zala gətirilmiş, Azərbaycan Xalq Cümhuriyyətinin 70 il əvvəl endirilmiş ay-ulduzlu üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edilmişdir. Ulu öndər sonralar bu barədə demişdir: “Naxçıvanda yaşadığım müddətdə burada cəsarətli addımlar atıldı. 1990-cı il noyabrın 17-də biz Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında, mənim sədrlik etdiyim sessiyada ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş Azərbaycan milli bayrağını qaldırdıq. Naxçıvan Muxtar Respublikasının dövlət atributlarını müəyyən elədik. Hələ kommunist partiyası da var idi, Sovet hakimiyyəti də. Qərar qəbul etdik ki, Naxçıvan Muxtar Respublikasının adından “sovet sosialist” sözləri çıxarılmalıdır. Çıxardıq və qərar qəbul etdik ki, Naxçıvanın milli bayrağı qəbul olunmalıdır – milli bayraq 1918-ci ildə Xalq Cümhuriyyəti tərəfindən qəbul edilmiş üçrəngli bayraqdır. Bu bayrağı sessiyanın salonuna gətirdik, başı­mızın üstünə vurduq”.
Müstəqilliyimizin bərpasından keçən dövr ərzində ölkəmizdə milli atributlarımıza hər zaman böyük sevgi ilə yanaşılmışdır. Dövlətçiliyimizin, milli dəyərlərimizin daşıyıcısı olan müqəddəs bayrağımıza ümummilli ehtiramın formalaşdırılması isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən milli siyasətin aparıcı istiqamətidir. Bayrağımıza olan ümummilli sevgi və ehtiram 2007-ci ildə paytaxt Bakı şəhərində Bayraq Meydanının yaradılması ideyasının reallaşdırılmasına gətirib çıxardı. Ölkə başçı­sının Azərbaycan bayrağının ilk dəfə Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edildiyi gündə – 2009-cu il noyabrın 17-də imzaladığı tarixi Sərəncam ilə təsis edilmiş Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü müqəddəs bayrağımıza, tarixi keçmişimizə və mənəvi-siyasi dəyərlərimizə, Naxçıvanda formalaşdırılan tarixi dövlətçilik ənənələrinə dövlət səviyyəsində olan diqqət və ehtiramın ən yüksək səviyyədə göstəricisidir.
Azərbaycanın hər bir regionunda bayraq meydanlarının yaradılması ənənəsinin əsası qoyulmuşdur. Dövlət başçısı 2010-cu il sentyabrın 1-də Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimində demişdir: “Bayraq Meydanının yaradılması Azərbaycanın gücünü, Azərbaycan xalqının öz dövlətinə sevgisini, dövlət rəmzlərimizə ehtiramımızı göstərir…”
Çoxəsrlik dövlətçilik tariximizdə qəbul olunmuş rəmzlərin, rəsmi şəkildə istifadə edilmiş bayraqların bütöv bir sistem halında tədqiq edilməsi milli ideologiyamızın əsasını təşkil edən Azərbaycançılıq ideyasının tarixi köklərini və mahiyyətini müəyyən etmək, aydınlaşdırmaq və əsaslandırmaq üçün əvəzsiz mənbədir və böyük əhəmiyyətə malikdir. Bu mənada Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında” 2014-cü il avqustun 22-də imzaladığı Sərəncam böyük tarixi əhəmiyyətə malikdir.
Naxçıvan şəhərində yaradılan və ötən il Azərbaycan dövlətçiliyi üçün tarixi əhəmiyyət kəsb edən bir gündə – noyabrın 17-də Dövlət Bayrağı Meydanı və Muzeyinin açılış mərasiminin keçirilməsi də ulu öndərimiz Heydər Əliyevin yoluna sədaqətin, sevginin təzahürü idi. Dövlət Bayrağı Meydanı və Muzeyinin açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Dövlətçilik tariximizdə mühüm yer tutan dövlət rəmzləri və bayraqlar bir tərəfdən nadir dövlətçilik irsinin varisləri kimi bizdə iftixar hissi doğurursa, digər tərəfdən Naxçıvanda mövcud olmuş qədim dövlətlərin tarixini öyrənməyə də geniş imkanlar yaradır. Naxçıvan şəhərində yaradılan Dövlət Bayrağı Meydanı və Muzeyi bu baxımdan mühüm əhəmiyyətə malik olacaqdır”.

Ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlət qurmaq və ona sahib çıxmaq bacarığının əsas göstəricisidir. Odur ki, özünütəsdiq simvolu olan bayraq bütün dünyada qürur və güvənc yeri sayılır. Bayraq həm də dövlətin və xalqın kimliyinin, apardığı azadlıq mücadiləsinin, təfəkkür və düşüncə tərzinin ən real ifadəsidir. Məhz bu baxımdan xalqımızın azadlığını, suverenliyini, öz istiqlalı uğrunda apardığı mübarizəni, milli kimliyini tərənnüm edən üçrəngli bayrağımız milli qürurumuzdur. Biz noyabrın 17-ni Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd etməklə bir daha bu qüruru, fəxarəti yaşayırıq.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR