24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə İdarəsində 16 noyabr – Beynəlxalq Tolerantlıq Günü münasibətilə tədbir keçirilib.
Muxtar respublikada fəaliyyət göstərən dini icma sədrlərinin və din xadimlərinin iştirak etdiyi tədbiri giriş sözü ilə idarənin rəisi Vüqar Babayev açaraq günün əhəmiyyətindən danışıb.
Qeyd edilib ki, 16 noyabr 1995-ci il tarixdə YUNESKO-ya üzv dövlətlər tolerantlıq prinsipləri haqqında Bəyannamə qəbul ediblər. 1996-cı ildən BMT-yə üzv ölkələr bu günü Beynəlxalq Tolerantlıq Günü kimi qeyd edirlər. Tolerantlıq insan azadlıqları və hüquqlarının təsdiqi, plüralizm və demokratiya əsasında formalaşır. Onun üçün həm də irqçilik, ksenofobiya, dini dözümsüzlük, terror və ekstremizmin qəbul edilməməsi xarakterikdir. Azərbaycanda bütün millətlərin, dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Heç vaxt ölkəmizdə milli, yaxud dini zəmində ayrı-seçkilik olmayıb, yoxdur və olmayacaq.

Vurğulanıb ki, müxtəlif dinlərin və mədəniyyətlərin mənsubları arasındakı əlaqələr, dialoq bəşər sivilizasiyasının inkişafı, müxtəlif mədəniyyətlərin qorunub təkmilləşməsi üçün əsas amillərdəndir. Tolerantlıq və dözümlülük ənənələri zəngin olan ölkə və regionların təcrübəsi bu baxımdan nümunə sayıla bilər. Ona görə də bir çox millətlərin və dini konfessiyaların dinc yanaşı yaşamasının unikal nümunəsinin Azərbaycan olduğunu əminliklə qeyd edə bilərik. Ənənə halına gələn tolerantlıq Azərbaycanın milli sərvəti olaraq qəbul edilir. Ölkədə formalaşmış tolerantlıq və dözümlülük Azərbaycan cəmiyyətini səciyyələndirən gözəl bir ənənəyə çevrilib. Bu, Əsas Qanunda da öz əksini tapıb. Konstitusiyanın 48-ci maddəsinə əsasən, hər kəsin vicdan azadlığı vardır. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. Heç kəs öz dini etiqadını və əqidəsini ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz. Azərbaycanda tarixən dini tolerantlıq mədəniyyətinin yüksək olduğunu dəfələrlə həm dinşünas alimlər, həm də digər dinlərin nümayəndələri etiraf etmişlər. Azərbaycan çox konfessiyalı bir ölkədir və burada müxtəlif dini və mədəni abidələr mövcuddur.
Tədbirdə din xadimlərindən Nəbi Salahov, Allahverdi Ocaqquliyev çıxış edərək qeyd ediblər ki, son illərdə Böyük İpək Yolu üzərində yerləşən Naxçıvan Muxtar Respublikasında müxtəlif səmavi dinlərə sitayiş edənlərə qarşı unikal dözümlülük mühiti formalaşdırılıb. Ümumiyyətlə, müstəqillik illərində ümumbəşəri mənəvi dəyərlərin mənimsənilməsi istiqamətində görülən işlər muxtar respublikanı Azərbaycanın nümunəvi regionlarından birinə çevirib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR