Noyabrın 16-da Heydər Əliyev Muzeyində “Ümummilli lider Heydər Əliyev və Azərbaycan bayrağı” adlı elmi-praktik konfrans keçirilmişdir. Konfransı muzeyin direktoru Ramil Orucəliyev açaraq “Naxçıvanda ucaldılan Dövlət Bayrağı” mövzusunda məruzə ilə çıxış etmişdir.
Bildirilmişdir ki, XX əsrin 90-cı illərində Azərbaycanda demokratik proseslərin önündə gedən Naxçıvan doğma Azərbaycanımızın gələcəkdə müstəqil, azad bir dövlət kimi yaşaması üçün öz qəti iradəsini göstərərək müstəqillik tariximizdə əvəzsiz rol oynamışdır. Dövlət müstəqilliyimizin bərpasına məhz 17 noyabr 1990-cı ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda başlanmışdır. Xüsusi idarəçilik və təşkilatçılıq qabiliyyətinə, böyük dövlətçilik təcrübəsinə malik olan, dünya siyasətçiləri içərisində öz dəst-xətti ilə seçilən ümummilli lider Heydər Əliyevin 22 iyul 1990-cı ildə Naxçıvana tarixi qayıdışı xalq tərəfindən böyük sevinclə qarşılanmışdır. 1990-cı il sentyabrın 30-da keçirilən seçkilərdə Onun Azərbaycan və Naxçıvan Ali Sovetinə Xalq deputatı seçilməsi xalqın Heydər Əliyev dühasına olan inamının təzahürü idi.
Qeyd olunmuşdur ki, 17 noyabr 1990-cı ildə Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin 12-ci çağırış birinci sessiyasında ümummilli liderimizin rəhbərliyi ilə Azərbaycan milli dövlətçiliyinin bərpası istiqamətində tarixi qərarlar qəbul olunmuşdur. Həmin sessiyaya sədrlik edən ulu öndər Heydər Əliyev deyirdi: “... Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli milli bayrağını Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edirik və Azərbaycanın ali hakimiyyət orqanına bunu çatdırırıq. Eyni zamanda Azərbaycanın ali hakimiyyət orqanı qarşısında məsələ qoyuruq ki, Azərbaycan Respublikasının Dövlət rəmzləri haqqında qərar qəbul etsin...”
Vurğulanmışdır ki, bu qərarın qəbulundan sonra üçrəngli bayraq zala gətirilmiş, beləliklə, görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 70 il əvvəl endirilmiş ay-ulduzlu üçrəngli bayrağını gələcək müstəqil Azərbaycanın Dövlət Bayrağına çevirmişdir.
Ramil Orucəliyev bildirmişdir ki, Dövlət Bayrağının rəsmi olaraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində qəbul olunmasını və bu günün dövlətçilik tariximizdəki əhəmiyyətini nəzərə alan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov 17 noyabr 2014-cü il tarixdə “Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı haqqında” Sərəncam imzalamışdır. Sərəncama əsasən, hər il noyabr ayının 17-si Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd olunur.
Konfransda Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri, tarix üzrə fəlsəfə doktoru, dosent Elman Cəfərlinin “Naxçıvan Muxtar Respublikasının Dövlət bayraqları” və Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru Nizami Rəhimovun “Bayrağımız qürur mənbəyimizdir” mövzularında çıxışları olmuşdur.
Sonda tədbir iştirakçıları “Əsrə bərabər üç il” filminə baxmış, Heydər Əliyev Muzeyinin ekspozisiyası ilə tanış olmuşlar.
Xəbərlər şöbəsi