24 Dekabr 2024, Çərşənbə axşamı

 Bu gün Azərbaycanda gənclərlə iş dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazir­liyinin aparat rəhbəri Canməmməd Canməmmədov deyir ki, dövlət gənc­lər siyasəti gənclərin cəmiyyətdə layiqli yer tutmalarına hesablanıb. Gənc­lər siyasətinin əsas istiqamətləri “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilib.
Dövlət başçısının gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun, dövlət idarəçiliyi sistemində iştirakının təmin edilməsi məqsədilə imzaladığı “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Sərəncamı da gənclərə dövlət qayğısının artırılması məqsədinə xidmət edir. Dövlət pro­qramının əsas məqsədi Azərbaycan Respublikasında gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin problemlərinin həllinə nail olmaqdır.

Gənclərin inkişafı üçün dövlət səviyyəsində kifayət qədər işlər görülüb. İndi əsas vəzifə gənclərin bu imkanlardan layiqincə yararlanıb həm öz inkişaflarını təmin etməsi, həm də dövlətimizin mənafeyini etibarlı şəkildə müdafiə edən layiqli vətəndaş kimi formalaşmasıdır.

Dövlət gənclər siyasətinin həyata keçirilməsində gənclər birbaşa iştirak edirlər

“Sürətlə inkişaf etməkdə olan ölkə­mizdə sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə gənclər fəal iştirak edirlər. Bu gün gəncliyin innovativ potensialından geniş istifadə olunaraq cəmiyyətin maraqlarının təmin edilməsinə şərait yaradılır”, – deyən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin aparat rəhbəri Canməmməd Canməmmədov bildirdi ki, hazırda istənilən sahədə gənclər öz fəallığı ilə seçilirlər. Muxtar respublikamızda həyata keçirilən gənclər siyasəti çox uğurludur və bu gün öz bəhrəsini verir. Heç bir gənc diqqət və qayğıdan kənarda qalmır. Onu da deyim ki, gənclərlə bağlı hər hansısa bir qərar qəbul olunursa, bu, mütləq gənclərin iştirakı ilə müzakirə edilir. Biz çalışırıq ki, hər zaman gənclərlə görüşlər, disputlar keçirək. Təbii ki, bununla gənclərin fikirlərini öyrənir və işimizi onların istəklərinə uyğun qurmağa səy göstəririk.

Dövlət proqramının qarşıya qoyduğu vəzifələr uğurla həyata keçirilib

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin aparat rəhbəri qeyd etdi ki, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlər – gənclərin hərtərəfli inkişafı üçün şəraitin yaradılması, onların mükəmməl təhsil almaları, məşğulluğunun artırılması, dövlət qulluğunda və idarəetmədə irəli çəkilməsi, gənc alim və tədqiqatçıların sosial təminatının yaxşılaşdırılması və məişət problemlərinin həlli, gənc­lərin məlumatlılığının artırılması, gənc əlillərin sosial müdafiəsinin gücləndirilməsi muxtar respublikamızda uğurla həyata keçirilir. Gənc ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılması da gənc­lərlə bağlı dövlət siyasətinin prioritetləri sırasındadır. Gənclərin mənzillə təmin olunması üçün Naxçıvan şəhərində yeni yaşayış kompleksləri tikilir, mənzillər ipoteka krediti ilə gənclərə verilir.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi Aparatının Gənclərlə iş şöbəsinin müdiri Nicat Babayev söhbət zamanı bildirdi ki, gənclərin vətənə məhəbbət, dövlətçiliyə sədaqət ruhunda tərbiyəsi, asudə vaxtının səmərəli təşkili, intellektual səviyyəsinin artırılması, gənclər təşkilatları ilə iş və digər sahələrdə təkcə cari ildə 200-ə yaxın tədbir keçirilib. Bunlara əlamətdar günlərlə bağlı konfranslar, yığıncaqlar, gənclərin asudə vaxtının təşkili məqsədilə yay məktəblərinin keçirilməsi, vətənpərvərlik hissinin aşılanması istiqamətində yarışların təşkili, filmlərin nümayişi, gənclərin mükafatlandırılması kimi tədbirlər daxildir.
“Gənclərə vətənpərvərlik hissinin aşılanması, çağırışyaşlı gənclərin hərbi xidmətə hazırlanması və onların vətənə sevgi, dövlətə sədaqət ruhunda tərbiyə olunması məqsədilə onların mütəmadi olaraq hərbi hissələrdə əsgər və zabitlərlə görüşü təşkil olunub”, – deyən həmsöhbətim qeyd etdi ki, bununla yanaşı, muxtar respublikanın rayon və şəhərlərində vətənpərvərlik mövzusunda teatr tamaşaları göstərilib. Yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili və intellektual qabiliyyətlərinin inkişaf etdirilməsi, istedadlarının üzə çıxarılması məqsədilə muxtar respublikanın şəhər və rayonlarında yeniyetmələr arasında “Nuh yurdu” intellektual oyununun şəhər və rayon birincilikləri keçirilib. Gənclərin tarixi abidələrlə daha yaxından tanış olması, tariximizin unudulmaması və onların gələcək nəsillərə çatdırılması məqsədilə tarixi abidələrə və muzeylərə ekskursiyalar təşkil olunub. Bundan əlavə, 5 iyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü ilə əlaqədar gənclərin iştirakı ilə Akademik Həsən Əliyev adına Ordubad Milli Parkına ekskursiya təşkil edilib, Batabatda “Ətraf mühiti qoruyaq”, Uzunoba Su Anbarı ətrafında “Gənclər ətraf mühitin çirklənməsinə yox deyir”, Şərur, Kəngərli və Sədərək rayonlarında “Ətraf mühitin mühafizəsi hər birimizin vəzifəsidir” devizi altında təmizlik aksiyaları keçirilib.
Qeyd edək ki, yeniyetmə və gənc­lərə vətənpərvərlik ruhunun aşılanması, onlarda vətənə məhəbbət hislərinin formalaşması istiqamətində “Gənc Vətənpərvərlər” İctimai Birliyi fəaliyyət göstərir. “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyi gənclərin intellektual yaradıcılıq tədbirlərinə marağının yüksəldilməsi sahəsində maarifləndirmə işi aparır, məktəblilər, tələbələr arasında intellektual oyunlar və intellektual yaradıcılıq tədbirləri təşkil edir, intellektli gənclərin aşkara çıxarılması üçün xüsusi proqramlar, layihələr hazırlayıb həyata keçirir.

Gənclər Fondu da bu sahədə tədbirləri davam etdirir

“Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu 2015-ci ilin ötən dövrü ərzində gənclərin intellektual inkişafı, onların asudə vaxtlarının səmərəli təşkil olunması istiqamətində bir sıra tədbirlər həyata keçirib”, – deyən fondun icraçı direktoru Məmməd Babayev bildirdi ki, fond yaranan gündən ənənəvi görüşlər daim diqqətdə saxlanılır. Təkcə 2015-ci ilin ötən dövründə gənclərlə bağlı və onların iştirakı ilə silsilə tədbirlər keçirilib. Gənclər və İdman Nazirliyi və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyi ilə birgə Gənclər Günü ilə əlaqədar olaraq təşkil edilən, 400-ə yaxın gəncin iştirak etdiyi ənənəvi görüşdə təhsildə, dövlət qulluğunda, ictimai işlərdə və digər sahələrdə fərqlənən 85 gənc mükafatlandırılıb. Sağlamlıq imkanları məhdud uşaqlara vətənpərvərlik hislərinin aşılanması, onların psixoloji vəziyyətinin yüksəldilməsi və bu qəbildən olan istedadlı uşaqların üzə çıxarılması məqsədilə bu qəbildən olan uşaqlar arasında Gənclər və İdman, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri və Yazıçılar Birliyi ilə birgə bədii qiraət müsabiqəsi, Rəssamlar Birliyi ilə birgə vətənpərvərlik mövzusunda rəsm müsabiqəsi keçirilib.
Azərbaycanın, o cümlədən Naxçıvanın zəngin milli mədəniyyətini və tarixini təbliğ etmək, yeniyetmələrin intellektual səviyyələrini, dünya­görüşünü, zehni inkişafını stimullaşdırmaq, eləcə də onların asudə vaxtlarını səmərəli təşkil etmək məqsədini daşıyan “Nuh yurdu” intellektual oyununun Şərur, Babək, Culfa, Ordubad rayonlarında keçirilən rayon birinciliklərini də fond Gənclər və İdman Nazirliyi və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyi ilə birgə təşkil edib.
Eyni zamanda yeniyetmə və gənc­lərin vətənə məhəbbət, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması, dünyagörüşünün artırılması məqsədilə aidiyyəti təşkilatlarla birgə ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri, Heydər Əliyev adına Hərbi Liseyin kursantları, əsgərlər və zabitlər üçün “Əsgər atası” və “Uzaq sahillərdə” filmləri nümayiş etdirilib. Bundan başqa, Təhsil Nazirliyi ilə birgə ümumtəhsil məktəblərinin X-XI sinif şagirdləri arasında ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə “Ümummilli lider Heydər Əliyev və Naxçıvan” mövzusunda inşa yazı müsabiqəsi keçirilib. 100-ə yaxın inşa yazının təqdim olunduğu müsabiqədə 13 yazı işi münsiflər heyəti tərəfindən seçilib və qaliblər mükafatlandırılıb.
Məmməd Babayev dedi ki, gənc­lər siyasəti bütün sferaları əhatə etdiyindən bu sahədə görülən işləri sadalamaqla bitməz. Hazırda 2014-cü ilin aprel ayından başlayan 3 xarici dil üzrə – rus, ingilis və fransız dilləri üzrə kurslarımız davam etdirilir. 5 ay müddətində aparılan kurslarda iştirak edən gənclər yekunda 3 mərhələli imtahan verir və nəticəsi qənaətbəxş hesab olunanlara sertifikatlar təqdim edilir. Bununla yanaşı, fond tərəfindən gənc alimlərin məlumat bazası yaradılıb. Gənc istedadların məlumat bazasının yaradılması istiqamətində işlərimiz davam etdirilir. Bu məlumatların gələcəkdə kitab şəklində çapını da nəzərdə tuturuq.
Ümumiyyətlə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu tərəfindən 2015-ci ilin ötən dövrü ərzində keçirilən müxtəlif layihələrdə, yaradıcılıq müsabiqələrində və bilik yarışlarında muxtar respublika üzrə 6 minə yaxın gənc iştirak edib, 250-yə yaxın gənc isə mükafatlandırılıb.

Gənclər siyasəti mövsümi deyil

Artıq müşahidəçi qismindən birbaşa proseslərin iştirakçısına çevrilən gənclərimizin inkişafı və cəmiyyətdə layiqli yer tutması üçün aparılan işlər daimi xarakter daşıyır. Bu təkcə bir proqrama sığışdırılan məsələ deyil. Nə qədər ki, müstəqil Azərbaycan var, ölkəmizdə Heydər Əliyev yolu davam etdirilir, gənclərimiz öz çiyinlərində dövlət qayğısını hiss edəcəklər.
Bu gün gənclərin potensialından düzgün istifadə olunması, heç şübhəsiz ki, gələcəyimizin sığortasıdır. Qısaca desək, gənclərə münasibət həmin dövlətin gələcəyinə münasibətidir. Muxtar respublikamızda gənc­lər sahəsində görülən işlər dövlətimizin gələcəyi haqqında ciddi düşünüldüyünün göstəricisidir.

Gülnar YÜZBAŞIYEVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR