Bunu müasir yaşayış məntəqəsinə çevrilən Yuxarı Yaycı kəndinin timsalında da görmək olar
Ruzi-bərəkət fəsli olan qızılı payız yenə yurdumuza qədəm qoyub. Havalar soyumaqda, təbiət yaşıl donunu dəyişməkdədir. Qədim diyarımızda digər fəsillər kimi, payızın da özünəməxsus özəllikləri var. Məhz bu özəlliklər payızın gözəlliklərinə yeni çalarlar qatır. Belə günlərin birində yolumuz Şərur rayonunun Yuxarı Yaycı kəndinədir.
Yol boyu müasirliyə qovuşmuş kəndlər bir-birini əvəz edir. Gördüyümüz mənzərələr insan qəlbində isti duyğular yaradır. Bu gün muxtar diyarımızın hansı guşəsinə üz tutsaq, belə təəssüratları yaşaya, sevinc hisləri keçirə bilərik. Ona görə ki, ötən dövr ərzində bu yaşayış məntəqələrində həyata keçirilən quruculuq işləri, yaşıllaşdırma tədbirləri insanların yaşam tərzini kökündən dəyişib, evlərə firavanlıq gətirib. Yuxarı Yaycı da belə kəndlərimizdən biridir.
Kənd adamları minnətdarlıq edirlər
Kəndə çatmamışdan gözüm bu yaşayış məntəqəsini əhatəyə alan dağlara sataşır. Möhtəşəmlik, əzəmət rəmzi olan bu dağlar Yuxarı Yaycıya bir gözəllik bəxş edib. Bəysal, Kölgəli, Cənnətqayası, Qızılçəvirmə dağları sanki kəndin keşiyində dayanıblar.
Kəndə daxil oluram. Budur, yeni tikililərdən birinin – kənd mərkəzinin qarşısındayıq. Kəndə müasir qəsəbə görkəmi verən bu və digər obyektlər muxtar respublikada bərqərar olmuş sabitliyin, inkişaf və tərəqqinin nəticəsidir. Bunun belə olduğunu bir qədər sonra görüşüb söhbət edəcəyimiz kənd sakinləri də təsdiqləyəcəklər.
Kənd mərkəzinin qarşısında sakinlərlə salamlaşırıq, onları yeni sosial obyektlərin istifadəyə verilməsi münasibətilə təbrik edirik, kənd adamlarının payız qayğıları ilə maraqlanırıq. Uzun illər kənd məktəbinin direktoru işləmiş, hazırda təqaüddə olan Miribrahim Eminov deyir:
– Muxtar respublika rəhbərinə minnətdarıq. Yuxarı Yaycı heç vaxt görmədiyi günlərinə qovuşub. Gündəlik xırda-para qayğılarımıza qalanda isə, nə deyim? İlin payız fəsli kənd adamları üçün daha çox qayğılarla dolu olan bir dövrdür. Erkən yazdan əkin sahələrinə çıxan, məhsul bolluğu yaradan insanlar payızda çəkdikləri zəhmətin bəhrəsini toplamaqla, qarşıdan gələn qışa hazırlıqla məşğul olurlar. Son illər muxtar respublikamızda payız fəsli üçün daha çox xarakterik olan bir ənənə formalaşmaqdadır. Bu, kompleks quruculuq tədbirləri çərçivəsində inşası başa çatdırılmış obyektlərin açılış mərasimləridir. Hər il bu sevinc regionun on-on beş kəndində yaşanır.
Kənd sakini, təqaüdçü müəllim Məhəmməd Cəfərov da söhbətə qoşulur:
– Ötən ay bu binaların açılışı oldu. Muxtar respublika rəhbəri kənd sakinlərini təbrik etdi, həmin obyektlərdə çalışanlara gələcək fəaliyyətlərində uğurlar arzulamaqla qurulanların, tikilənlərin qorunmasının vacibliyini vurğuladı.
Miribrahim müəllim söhbətə müdaxilə edir: Bu gün sevincimin həddi-hüdudu yoxdur. Yaşımın bu vaxtında Yuxarı Yaycının belə çağlarını görmək mənə də qismət oldu. Elə bil ki, cavanlaşmışam. Bugünkü cavanlara isə sözüm odur ki, tikilənləri qorusunlar. Bu həcmdə quruculuq işi asan başa gəlməyib.
Kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Mirqasım Eminov ilə müasir iş şəraiti yaradılmış kənd mərkəzinə daxil oluruq. Mirqasım müəllim bildirir ki, 1132 nəfər sakini, 300 təsərrüfatı olan Yuxarı Yaycı Şərur rayonunun səfalı yaşayış məntəqələrindən biridir. O, kənddə həyata keçirilən kompleks quruculuq tədbirləri barədə həvəslə danışır: quruculuq tədbirlərindən biri kəndə gələn avtomobil yolunun yenidən qurulmasıdır. Kənd mərkəzində rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, arxiv, mədəniyyət evi üçün otaqların və 45 yerlik iclas zalının ixtiyarımıza verilməsi bu təşkilatlarda çalışanların məsuliyyətini daha da artırıb. Mərkəzdə istifadəyə verilən rabitə evində poçt bölməsi yaradılıb, kommunal ödənişlərin qəbulu, dövri mətbuatın, gündəlik danışıq və internet kartlarının satışı təşkil olunub. Həmçinin kəndə 6 kilometr uzunluğunda fiber-optik xətt çəkilib, sürətli internetdən istifadə imkanları yaradılıb.
Əhalinin sağlamlığı diqqət mərkəzində saxlanılaraq mərkəzdə feldşer-mama məntəqəsi üçün də otaqlar ayrılıb. Burada ilkin tibbi yardım avadanlıqları qoyulub.
Kənd sakini Zakir Əliyev məntəqədə yaradılan şəraitdən razılıqla danışır. Deyir ki, sakinlər arasında səhiyyə maarifi işi aparılması diqqət mərkəzində saxlanılır, yaşlı insanlara, körpələrə evlərində tibbi xidmət göstərilir. Kənd camaatı da onlara göstərilən xidməti dövlətimizin öz vətəndaşlarına qayğısı kimi dəyərləndirir.
Təhsildə qazanılan uğurlar bundan sonra daha çox olacaq
Yuxarı Yaycı kəndində təhsilin inkişafına ciddi diqqət yetirilməsinin nəticəsidir ki, yaşayış məntəqəsinin təhsil ocağını bitirən Miryasin Eminov, Rəşid Bəşirov və başqaları müxtəlif elm sahələri üzrə fəlsəfə və elmlər doktorlarıdır. Mərhum tarixçi-alim Əli Əliyevi həmyerliləri ehtiramla xatırlayırlar. Məktəbin direktoru Qəmər Nəbiyeva deyir ki, yeni məktəb binası belə alimlərin sayının çoxalmasına imkan verəcək, daha böyük uğurlar qazanılmasını təmin edəcək.
Hazırda məktəbdə 70 şagird oxuyur, onların təlim-tərbiyəsi ilə 16 müəllim məşğul olur. Ötən dərs ilində məktəbin 2 məzunu olub. Onların hər ikisi göstərilən etimadı doğruldaraq ali məktəb tələbəsi adını qazanıb.
Gələcək perspektiv nəzərə alınaraq 144 şagird yerlik tikilmiş yeni məktəb binası 2 mərtəbədən ibarətdir. Məktəbdə 3-ü elektron lövhəli olmaqla, 12 sinif otağı, kimya-biologiya laboratoriyaları, hərbi kabinə, kompüter otağı, müəllimlər otağı, bufet və idman zalı vardır. Məktəblilər pulsuz dərsliklərlə təmin olunublar. Onlar zəngin fonda malik kitabxanadan istifadə etmək imkanı qazanıblar.
Məktəbin pedaqoji kollektivi ilk günlərdən yeni təhsil ocağında işin səmərəli qurulmasına çalışır, dövlətçiliyimizə, müstəqilliyimizə sadiq olan vətənpərvər vətəndaşlar yetişdirmək üçün müasir təlim üsullarına üstünlük verir, məktəbdənkənar və sinifdənxaric məşğələlərin səmərəli təşkilinə çalışır. Məqsəd doğma Azərbaycanımızın, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanın ulu keçmişini, ümumilikdə, mədəniyyətimizi, ədəbiyyatımızı, milli-mənəvi dəyərlərimizi bugünkü məktəblilərə aşılamaq, onları doğma yurd yerinə məhəbbət ruhunda formalaşdırmaqdır.
Kənd ziyalılarının toplaşdığı məktəbdə Yuxarı Yaycı kəndinin tarixi və bu toponimin etimologiyası ilə maraqlanıram. Bildirirlər ki, vaxtilə Dərələyəz və Biləv mahallarında iki Yaycı kəndi olduğu iddia edilir. XIX əsrdə Qafqazda isə Yaycı adında 8 kənd mövcud olub. Hazırda Naxçıvanda 3 kənd Yaycı adını daşıyır ki, bunların biri Culfa, ikisi isə Şərur rayonundadır. Elmi ədəbiyyatlarda “Yaycı” sözünü qədim türk tayfası olan yayıcılar tayfası ilə əlaqələndirirlər. Mənşəcə səlcuq-oğuz tayfalarından sayılan bu tayfanın bir qismi Azərbaycanda, o cümlədən Naxçıvanda məskunlaşmış, yaşadıqları əraziyə bu tayfanın adını vermişlər. Bu qənaəti AMEA-nın müxbir üzvü Adil Bağırov da təsdiq edir.
* * *
Bu isə Yuxarı Yaycı kəndində istifadəyə verilən yeni xidmət mərkəzidir. Xidmət mərkəzi cari ildə kənddə aparılan quruculuq işləri çərçivəsində inşa edilib. Binada bərbərxana və mağaza fəaliyyət göstərir. Ticarət və məişət xidmətlərinin təşkili sakinlərin rahatlığına şərait yaradıb. Mağazada zəruri ərzaq və sənaye mallarının satışı təmin olunub.
Xidmət mərkəzinin qarşısında kəndin ən yaşlı sakini ilə görüşürük. Hələ də gümrah görünən, 100 yaşını bu gün-sabah tamamlayacaq Kərim Şərifov qəzet işçisi olduğumuzu bilib, ilk olaraq, minnətdarlıq hislərini dilə gətirir. Deyir ki, qədim diyarımızın bütün bölgələrində görülən bu işlər insanlara böyük qayğı göstərilməsinin ifadəsidir. Dünənki mağazamız hara, məktəbimiz hara, bu gün gördüklərimiz hara? – deyən el ağsaqqalından kənd haqqında bir qədər ətraflı danışmağı xahiş edirik.
– Yuxarı yaycılılar öz kəndlərinə bağlı insanlardır. Sovet dövründə kənddə heç bir gözəçarpan quruculuq tədbiri aparılmamışdı. Bu gün ovaxtkı arzularımız həyata keçib. Sağ olsun muxtar respublika rəhbərini. Bu gün kənd adamına nə lazımdırsa, hamısı ilə təmin olunmuşuq. Kənddə 18 təbii bulaqdan istifadə olunur. Məşədiabbas, Əsgərbəy, Teyfəli bulaqları ilboyu çağlayır. Elə təkcə Ağbulaq çeşməsi bütün kəndi içməli və təsərrüfat suyu ilə təmin edir. Su varsa, həyat da var. Dövlətimiz yaycılıların həyat şəraitini daha da yaxşılaşdırıb.
* * *
Yuxarı Yaycıdan ayrılarkən son illər muxtar respublikada şəhər və kənd arasında olan fərqlərin aradan qaldırılması istiqamətində görülən işləri göz önünə gətirdim. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Yuxarı Yaycı Kənd Mərkəzinin açılışında bununla bağlı dediyi sözləri xatırladım: “Ölkəmizdə hər bir sahənin inkişafı qəbul olunmuş dövlət proqramlarına uyğun olaraq həyata keçirilir. Bu gün muxtar respublikada aparılan quruculuq tədbirləri də ölkəmizdə icra olunan dövlət proqramlarının tərkib hissəsidir. Bu il muxtar respublikanın ucqar dağ kəndlərindən olan Yuxarı Yaycı kəndi tamamilə abadlaşdırılmış, əhalinin rahat yaşaması üçün lazımi infrastruktur yaradılmışdır. Kənddə uşaqların yaxşı təhsil alması üçün müasir tədrisin tələblərinə cavab verən məktəb binası, dövlət strukturlarının fəaliyyəti üçün kənd mərkəzi tikilmiş, xidmət mərkəzi sakinlərin istifadəsinə verilmiş, yollar abadlaşdırılmış, təbii qazın və elektrik enerjisinin fasiləsiz verilişi təmin olunmuşdur. Bu da dövlətimizin vətəndaşlarına göstərdiyi qayğının daha bir ifadəsidir”.
Muxtar Məmmədov