Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatında “Bayrağımız qürur mənbəyimizdir” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Qürbət Rzayev açaraq məruzə ilə çıxış edib. Bildirilib ki, 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçilik ənənələrinin formalaşması baxımından mühüm rol oynayıb və müstəqil dövlətə xas olan atributlar təsis edilib. Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında qərara əsasən, üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsvir olunan qırmızı bayraq Dövlət Bayrağı kimi qəbul edilib. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 9 noyabr tarixli qərarı ilə həmin bayraq üçrəngli – mavi, qırmızı və yaşıl zolaqdan ibarət olan bayraqla əvəzlənib. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin üçrəngli Dövlət Bayrağı ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edilib. Azərbaycan dövlətçiliyinin bərpası istiqamətində taleyüklü məsələlərin müzakirə edildiyi həmin sessiyada “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” tarixi qərar qəbul olunub.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən 17 noyabr 2014-cü ildə Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı haqqında Sərəncam imzalanıb. Bu sərəncama görə, hər il noyabrın 17-si Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd olunur.
Sonra Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyinin sədri Elvin Məmmədovun, təşkilatın Qadınlar Şurasının sədri Könül İsmayılovanın, partiya üzvü Uğur İsgəndərovun çıxışları olub.
Qeyd edilib ki, müstəqilliyimizin simvolu olan dövlət atributlarının təbliği, onların daşıdığı məna və mahiyyətin gənc nəslə aşılanması məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. Paytaxt Bakı şəhəri ilə yanaşı, ölkəmizin digər bölgələrində də yaradılan bayraq meydanları dövlət atributlarımıza olan sevgi və hörmətin göstəricisidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2014-cü il 22 avqust tarixində imzaladığı “Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında” Sərəncam bu baxımdan mühüm əhəmiyyət kəsb edir.
Çıxış edənlər bildiriblər ki, zəngin tarixi irsdən yaranaraq uğrunda on minlərlə insanın canından keçdiyi üçrəngli bayrağımız tarixi yolumuzun, milli ideologiyamızın təməl prinsiplərini tam mənası ilə izah edir.
Tədbirə Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Qürbət Rzayev yekun vurub.
Xəbərlər şöbəsi