24 Dekabr 2024, Çərşənbə axşamı

Keçmişə qısa ekskurs

Ulu Tanrının bəxş etdiyi füsunkar gözəlliklər qədim yurd yerlərindən biri olan Şahbuz rayonunu da ağuşuna alıb. Kiçik Qafqazın Dərələyəz silsiləsinin cənubuna, Zəngəzur silsiləsinin qərb yamaclarına sığınan bu ərazidəki təbiət abidələri Şahbuza bir məğrurluq və əzəmət bəxş edib. Şəninə nəğmələr qoşulan Salvartı dağı, Şapur qalası, Üçqardaş, Qonaqgörməz, Ağdaban dağları min illərdir, bu diyarı dövrəsinə alıb. Batabat yaylağındakı “Üzən ada” təbiətin ən böyük möcüzələrindən biridir. Sovet dönəmində “Üzən ada”nı ləğv etmək üçün buraya texnikalar gətirilsə də, rayonun yurd təəssüblü insanları bu təbiət möcüzəsini qoruyub saxlaya biliblər.

 Qayıdaq bu qədim yurd yerinin tarixinə. XVI əsrdə burada 27 kəndi, Oyuqlucaqaya, Bazaryurd, Dərəbaş gədiyi, Qaçdaş, Nərkeçi və Armudlu yaylaqlarını əhatə edən Dərəşahbuz nahiyəsi yaradılıb, XIX əsrin 40-cı illərinə qədər fəaliyyət göstərib. 1925-ci ildə Naxçıvan inzibati ərazi vahidində Nərimanov rayonu adlandırılıb (30 kəndi əhatə edib), 1930-cu ildən “Şahbuz” adı bərpa olunub. Rayon 1963-cü ildə ləğv edilərək Naxçıvan (indiki Babək) rayonuna birləşdirilib, 1965-ci ildə yenidən təşkil olunub. Şahbuz qəsəbəsinə 2007-ci ildə şəhər statusu verilib. 2013-cü ildə sahəsi 1454 hektar olan Qarababa kəndi bütövlükdə, Ayrınc kəndinin 92,8 hektar sahəsi, Daylaqlı kəndinin 274,8 hektar sahəsi Şahbuz şəhərinə verildikdən sonra hazırda rayon mərkəzi 2826,6 hektar sahəni əhatə edir. Ümumilikdə isə rayonun ərazisi 836,6 kvadratkilometrdir. Əhalisi 25 min nəfərə yaxındır. Rayonda 1 şəhər, 1 qəsəbə, 22 kənd vardır.

Şahbuz toponimi haqqında alim sözü

Bu yazını hazırlayarkən Şahbuz haqqında eşitdiklərimin, oxuduqlarımın hamısını bir kənara qoyub, bu qədim yurd yerinin adının etimologiyası haqqında düşündüm. AMEA-nın müxbir üzvü Adil Bağırova müraciət etdim. Alim bildirdi ki, bununla bağlı müxtəlif versiyalar mövcuddur. Tarixi mənbələrdə “Şahbuz” adına ilk dəfə Eldənizlərin mis sikkə dəfinəsini göstərən xəritədə və Əmir Teymurun tarixçisi Şərəfəddin Əli Yəzdinin “Zəfərnamə” əsərində rast gəlinir. Ancaq faktlar göstərir ki, Şahbuz ərazisi daha qədim yaşayış məskənidir. Bu cəhətdən adın mənası ilə bağlı xalq etimologiyasında, Q.Qeybullayev, M.Təhmasib, T.Hacıyev kimi tədqiqatçıların araşdırmalarında müxtəlif fikirlər səslənir. Həqiqətə daha uyğun olanı isə M.Təhmasibin gəldiyi qənaətdir. “Şahbuz” sözünün “şah” hissəsi “hündür, yüksək” anlamlarında işlənir. Alim “Şahbuz” sözünün ikinci komponentini (bus//buz) qəbilə adı ilə əlaqələndirir. Və bu qəbiləni Midiya qəbilələrindən biri kimi təqdim edir. Buslar türk mənşəli etnos olub, öz adlarını bir qisim toponimlərdə, o cümlədən Şahbuz adında yaşatmışlar. Belə ehtimal olunur ki, sözün birinci hecası olan “şah” “bus//buz” tayfa adı ilə birləşərək “buslara məxsus yüksək yer” mənasını verir.
Adil Bağırova görə, bu adın məna açımı ilə bağlı belə bir ehti­mal da məqbul sayıla bilər. Sözün “şah” komponentinin vaxtilə bu ərazilərdə yaşamış “saq” türk qəbilə birləşməsinin adından götürülməsi mümkündür.

* * *

Yolumuz gözəlliklər məskəni Şahbuzadır. Təbiəti gözoxşayan bölgəyə gedən yolboyu dağların yamaclarında terras üsulu ilə salınmış yaşıllıq zolaqları qədim yurd yerinin təbiətini daha da zənginləşdirib. Burada bir məsələni xüsusi qeyd edim ki, aran və düzəngah yerlərdə əkilən ağacların su ilə təchizatı o qədər də çətin məsələ deyil. Problem dağ yamaclarına su qaldırılmasındadır ki, bu da öz həllini tapıb. Rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları müntəzəm olaraq bu ünvanlara gəlir, müxtəlif aqrotexniki tədbirlər həyata keçirirlər. Bugünkü söhbətimiz son illərdə rayonun keçdiyi inkişaf yolu barədədir.

Dünən tikinti meydançası idi, bu gün müasir rayon

Rayon mərkəzindəki ümummilli lider Heydər Əliyevin adını daşıyan prospekt elə bir füsunkar görkəmə gətirilib ki, bu gözəlliyə vurğun olmamaq mümkün deyil. Prospektdə salınmış park insanların ən çox üz tutduğu ünvanlardan biridir. Elə buradaca təqaüdçü müəllim İbrahim Səfərovla görüşürəm. İbrahim müəllim Keçili kəndində yaşayır. Tez-tez rayon mərkəzinə gəlir:
– Şahbuzun bugünkü görkəmini görəndə istər-istəməz rayonumuzun keçmişini xatırlayırıq. Sözün həqiqi mənasında, Şahbuz gözdənuzaq, könüldəniraq düşmüş bir yaşayış məntəqəsini xatırladırdı. Son illərdə şahbuzlular da gördülər və inandılar ki, təşəbbüskarlıq, əzmkarlıq, insana qayğı olan yerdə hər şeyə nail olmaq mümkündür. Bu gün Şahbuz müasir Azərbaycan rayonunun canlı nümunəsidir. Bizə o qalır ki, belə gözəl görkəmə gətirilmiş rayonumuzda qurulanları, yaradılanları qoruyaq. Şahbuzlular çəkilən zəhməti qiymətləndirməyi, gözəlliyi qorumağı bacaran, onun qədrini bilən insanlardır.
Onunla parkı gəzirik. Prospektə paralel olan yuxarıdakı küçəyə gözüm sataşır. Bu ünvan da quruculuq donuna bürünüb. Belə qənaətə gəlirəm ki, Şahbuzdan bir neçə il əvvəl ayrılan insan indi rayon mərkəzinə üz tutarsa, mübaliğəsiz demək olar ki, şəhəri tanımaz. Bu fikrimlə İbrahim müəllim də razılaşır. Çünki burada yenilənməyən bina qalmayıb. Bütün idarə, müəssisə və təşkilatlar üçün müasir memarlıq üslubunda binalar inşa olunub. Rayon İcra Hakimiyyəti, Maliyyə, Təhsil, Polis şöbələri, Baytarlıq və Rabitə idarələri, Dövlət Sosial Müdafiə Fondunun Şahbuz Rayon Şöbəsi, Əhalinin Sosial Müdafiəsi, Gigiyena və Epidemiologiya mərkəzləri, Tarix-Diyarşünaslıq Muzeyi, avtovağzal, “Araz” kinoteatrı, Mərkəzləşdirilmiş Kitabxana Sistemi, Uşaq Kitabxanası, Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatı və digər təşkilatların fəaliyyət göstərdikləri yeni binalarda əməkdaşlar üçün hərtərəfli iş şəraiti yaradılıb. Həmin ərazilərdə gülkarlıqlar və yaşıllıq zolaqları salınıb.
Məlumat üçün onu da bildirim ki, quruculuq tədbirləri rayon mərkəzilə məhdudlaşmayıb. Bütün kənd­lərdə belə tədbirlər həyata keçirilib. Ən ucqar dağ və sərhəd yaşayış məntəqələrinin belə, siması tanınmaz dərəcədə dəyişilib. Həmin ünvanlarda kompleks quruculuq tədbirləri aparılıb, müasir infrastruktur yaradılıb. Belə tədbirlər hazırda davam etdirilir. Rayonun Daylaqlı kəndində tam orta məktəb, kənd və xidmət mərkəzləri üçün yeni binalar təhvilə hazırlanır.
“Azərbaycan Respublikasında avtomobil yolları şəbəkəsinin yeniləşməsinə və inkişafına dair (2006-2015-ci illər) Dövlət Proqramı”na uyğun olaraq, ölkəmizin bütün regionları ilə yanaşı, muxtar respublikamızda da yol-nəqliyyat kompleksinin yenilənməsi və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Çünki abad yurd yolundan tanınar, – deyib ata-babalarımız. Bu qənaətdəki həqiqəti isbat etmək üçün uzağa getməyə ehtiyac yoxdur. Elə bəhs etdiyimiz Şahbuz rayonu bunun üçün ən gözəl ünvandır. Rayonun bütün kəndlərində olmuşam. İstər sərhəd kəndləri, istərsə də digər yaşayış məntəqələri arasında olan yollarda aparılan quruculuq tədbirlərinə qibtə etməyə bilmirsən. Bu bölgənin elə kəndləri var ki, evlərin biri dağın ətəyində, biri dərənin yanındadır. Yolları da elədir Şahbuzun. Təbii ki, belə coğrafi məkanda yol çəkilişi də çətindir. Lakin bunun öhdəsindən gəlinib.
Naxçıvan-Şahbuz-Batabat avtomobil yolunun yenidən qurulması ən böyük layihələrdən biridir. Yolda körpü və selötürücülər tikilib, yol yatağı bərkidilib, asfalt-beton örtük salınıb. Yolun Naxçıvan-Şahbuz hissəsi 4 zolaqlı, Şahbuz-Batabat hissəsi isə ikizolaqlıdır.
Ümumilikdə, 1996-cı ildən 2015-ci ilədək rayonda 21 məktəb, 3 musiqi məktəbi, 1 uşaq bağçası, 1 məktəbdənkənar müəssisə, 22 səhiyyə, 21 mədəniyyət, 2 idman obyekti, 19 kənd mərkəzi üçün yeni binalar tikilərək, yenidən qurularaq və ya əsaslı təmir olunaraq istifadəyə verilib. Əhalinin şəxsi vəsaiti hesabına tikilən evlərin sahəsi 2003-cü illə müqayisədə 49 dəfə artıb. 2002-ci ildə əsas kapitala yönəldilmiş 255,4 min manat investisiyadan tikinti-quraşdırma işləri üçün 230,8 min ayrılmışdısa, 2015-ci ilin yanvar-sentyabr aylarında əsas kapitala yönəldilmiş 19665,4 min manat investisiyadan 17779,4 min manatı bu məqsəd üçün ayrılıb ki, bu da 77 dəfə artım deməkdir.

Aqrar sahədə keçilən yol və ya ürəkaçan rəqəmlər

Rayon İcra Hakimiyyətindən aldığımız məlumata görə, rayonda, əsasən, əkinçilik, heyvandarlıq, arıçılıq və bağçılıq inkişaf etdirilir. Rayonun əkin altında olan sahələri 2000-ci ildə 1492 hektar olub. 2015-ci ildən əkin altında olan torpaq sahələri 2655 hektar təşkil edib. 2000-ci ildə 754 hektar sahədə dənli və dənli-paxlalılar, 584 hektar sahədə taxıl, 150 hektar sahədə kartof, 2 hektar sahədə bostan bitkiləri əkilmişdisə, 2015-ci ildə 1584 hektar sahə dənli və dənli-paxlalılar, 1344 hektar sahə taxıl, 462 hektar kartof, 10 hektar sahə bostan bitkiləri üçün ayrılıb. Məhsul istehsalı 2000-ci illə müqayisədə dənli və dənli-paxlalı bitkilərdə 3,1, taxılçılıqda 2,9, kartofçuluqda 24,9, bostan bitkilərində 2,4 dəfə artıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 14 fevral tarixli Sərəncamı ilə təsdiq olunmuş “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası istiqamətində rayonda həyata keçirilən tədbirlər meyvə və tərəvəz istehsalının artımına müsbət təsir göstərir. Məlumat üçün bildirək ki, bu pro­qramın qəbulundan ötən müddət ərzində rayonda bağ sahələri 60,9 hektar artırılıb. Üç nəfər isə bu sahəni inkişaf etdirmək üçün kredit götürə­rək 15 hektar sahədə bağ salıb. Cari ildə meyvə bağlarından 4065 ton məhsul götürülüb. Bu 2000-ci illə müqayisədə 7,4 dəfə çoxdur. 2000-ci­ ildə 180 hektar sahədə tərəvəz əkilmişdisə, 2015-ci ildə əkin sahələri 285 hektara çatdırılıb. 2000-ci ildə sahələrdən 395 ton, 2015-ci ildə 4933,1 ton məhsul yığılıb.
Rayonda sənaye məhsulunun həcmi də ildən-ilə artır. Əgər 2002-ci ildə 734,4 min manatlıq sənaye məhsulu istehsal edilibsə, 2015-ci ilin yanvar-sentyabr ayları ərzində 8444,3 min manatlıq məhsul istehsal olunub ki, bu da 2002-ci illə müqayisədə 11,5 dəfə çoxdur.

Bütün sahələr inkişafın yeni müstəvisindədir

Rayonda 23 tam orta məktəb, 6 məktəbdənkənar müəssisə fəaliyyət göstərir. Məktəblərdən 21-i, məktəbdənkənar müəssisələrdən 2-si yeni binalarda fəaliyyət göstərir. Ötən tədris ilində məktəbləri 179 məzun bitirib. Onlardan 139-u ali məktəblərə sənəd verib. 92 abituriyent tələbə adına layiq görülüb, 21 nəfər 500-700 intervalında bal toplayıb. Ümumi orta təhsil bazasından 10 məzun müxtəlif texnikumlara qəbul olunub. 18 nəfər isə hərbi liseydə təhsil almağa üstünlük verib.
Rayonda 1 Mərkəzi Xəstəxana, 12 həkim ambulatoriyası, 10 feldşer məntəqəsi fəaliyyət göstərir. Yuxarıda da qeyd etdiyimiz kimi, 21 səhiyyə müəssisəsi son 20 ildə yeni binalarla təchiz olunub. Rayon Mərkəzi Xəstəxanasının açılışında ölkə Prezidenti iştirak edib. Xəstəxanada 14 çarpayılıq Stasionar, 6 çarpayılıq Pedi­atriya, 4 çarpayılıq Cərrahiyyə, 6 çarpayılıq Ginekologiya, həmçinin Polikilinika, Təcili yardım, Dializ şöbələri fəaliyyət göstərir. İlin ötən dövrü ərzində xəstəxananın Stasionar şöbəsində 162 xəstə müalicə olunub, Cərrahiyyə şöbəsində 67 cərrahiyyə əməliyyatı aparılıb.
Rayon Mədəniyyət və Turizm Şöbəsinin tabeliyində 1 rayon, 15 kənd mədəniyyət evi, 10 kənd klubu, Mərkəzləşdirilmiş Kitabxana Sistemi, onun 25 filialı, Uşaq Kitabxanası, 2 uşaq musiqi məktəbi, 2 muzey, 1 kinoteatr fəaliyyət göstərir. Ötən dövr ərzində bütün mədəniyyət müəssisələrində tarixi-əlamətdar və bayram günlərinin qeyd olunması, milli-mənəvi dəyərlərimizin qorunması, təbliği diqqət mərkəzində saxlanılıb. Yaradılmış ansambllar, folklor qrupları rayonun mədəni həyatında fəal iştirak edirlər. Vaxtilə Şahbuz Rayon Mədəniyyət Evi nəzdində dram dərnəyi kimi yaradılan və bu gün Xalq teatrı statusu ilə fəaliyyət göstərən kollektiv insanların asudə vaxtının səmərəli təşkilinə öz töhfəsini verir. Son illərdə Xalq teatrı bir neçə əsəri tamaşaya qoyub, muxtar respublika səviyyəsində keçirilən müsabiqənin qalibi olub.

Şahbuz rayonunda son illər həyata keçirilən məqsədyönlü tədbirlər belə deməyə əsas verir ki, bu dağlıq zonada sosial rifahın, yaxşı gün-güzəranın təmin olunmasında dövlət qayğısı başlıca amilə çevrilib. Davamlı xarakter alan, hər addımda müşahidə edilən və bəhrələri görünən belə qayğı isə bölgə sakinlərinin ən qiymətli sərvət olan torpağa bağlılıqlarını daha da gücləndirib. Torpaq isə ona baş əyənə, qədrini bilənə, onu qoruyana heç vaxt borclu qalmır.

 Muxtar Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR