Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət orqanlarında VI-VII təsnifata uyğun vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilən müsabiqənin müsahibə mərhələsinə start verilib.
6 avqust 2015-ci il tarixdə elan edilmiş müsabiqənin noyabrın 10-da start verilən müsahibə mərhələsində Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabe təşkilatlarında işləmək istəyən namizədlər iştirak ediblər. Noyabrın 11-də muxtar respublika Dövlət Statistika Komitəsində, Rabitə və Yeni Texnologiyalar Nazirliyində, noyabrın 12-də Naxçıvan Muxtar Respublikası Maliyyə, İqtisadiyyat və Sənaye, Təhsil, Gənclər və İdman, Mədəniyyət və Turizm nazirliklərində vakant vəzifələrin tutulması üçün müsahibələr keçirilib. Bundan başqa, müsahibələrdə Dövlət Sosial Müdafiə Fondunda, Auksion Mərkəzində, Sahibkarlığa Kömək Fondunda vakant vəzifələri tutmaq istəyənlər iştirak ediblər.
Dünən isə Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsində, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində, Naxçıvan Şəhər, Şərur, Babək, Ordubad, Culfa, Şahbuz, Kəngərli Rayon İcra hakimiyyətlərində işləmək istəyənlər müsahibələrdə iştirak ediblər.
Müsahibə mərhələsində obyektivliyin və şəffaflığın təmin edilməsi məqsədilə müsahibə qrupunun tərkibində müstəqil ekspertlər, komissiyanın və dövlət orqanlarının nümayəndələri iştirak edirlər. Həmçinin müsahibə prosesinin videoçəkilişi aparılır.
Məlumat üçün bildirək ki, müsabiqəyə 36 dövlət orqanında 299 vakant vəzifə üzrə 445 namizəd sənəd təqdim edib. Müvafiq keçid balını toplamış namizədlərdən 135-i müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb. Müsahibələr 26 dövlət orqanında vakant vəzifələr üzrə keçirilir. Bu mərhələyə hazırlıq üçün namizədlərə seçdikləri vəzifə üzrə proqramlar verilib, müsahibə qrupunun üzvləri ilə seminar-treninq keçirilib. Müsahibə zamanı namizədə ixtisasına, iddia etdiyi vəzifənin qulluq funksiyasına, xarici dil biliklərinə, informasiya texnologiyalarından istifadə bacarığına uyğun suallar verilir. Müsahibələr noyabrın 16-dək davam edəcək.
Səbuhi Hüseynov