Ümummilli lider Heydər Əliyev ölkəmiz, xalqımız qarşısındakı xidmətlərinə görə hələ sağlığında qəlblərdə özünün əbədiyaşar heykəlini ucaltmışdı.
Bu fikirlər Naxçıvan Dövlət Texniki Kolleci tələbələrinin iştirakı ilə Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu və memarıdır” mövzusunda keçilən növbəti açıq dərsdə səsləndirilib.
Muzeyin direktoru Ramil Orucəliyev bildirib ki, tarixdə elə şəxsiyyətlər olur ki, onların həyat və fəaliyyəti bütöv bir xalqın, dövlətin inkişaf yolunu müəyyənləşdirir. İllər keçdikcə böyük şəxsiyyətlər dövrünün fövqünə yüksələrək layiq olduqları yeri tuturlar. Lakin bəzi şəxsiyyətlərin tarixdə yerini müəyyənləşdirmək üçün zamana ehtiyac qalmır. Bu cür fenomenal insanlar, bütövlükdə, xalqın, millətin adını özündə ehtiva edirlər. Belə nadir şəxsiyyətlərdən biri də ötən əsrin və yeni minilliyin görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevdir. Bu böyük dühanın siyasət aləmi bitib-tükənməyən, sahilləri görünməyən ümmana bənzəyir. Ulu öndər, sözün əsl mənasında, Azərbaycan dövlətinin yaradıcısı, qurucusu, dövlətçiliyimizin qarantı oldu. Ölkəmizə bir qərinədən artıq rəhbərliyi dövründə respublikamız hərtərəfli inkişafa, tərəqqiyə qovuşdu. Həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycanın iqtisadiyyatı, elmi, təhsili dünya standartları səviyyəsinə yüksəldildi.
Tələbələrin diqqətinə çatdırılıb ki, ulu öndər Heydər Əliyevin respublikanın ağır iqtisadi, siyasi, mənəvi böhran keçirdiyi bir dövrdə – 1969-cu ilin iyulunda Azərbaycana rəhbər seçilməsi respublikanı işıqlı gələcəyə doğru aparan yolun başlanğıcına çevrildi. Görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə ölkəmiz iqtisadi cəhətdən inkişaf etdirildi, milli şüurun oyanışı istiqamətində mühüm tədbirlər həyata keçirildi, beləliklə, Azərbaycan müstəqilliyə hazırlandı.
Ramil Orucəliyev bildirib ki, ulu öndər Heydər Əliyev 1993-cü ildə yenidən siyasi hakimiyyətə gəldikdən sonra parçalanmağa, yox olmağa üz tutan Azərbaycan Respublikası yenidən inkişaf yoluna qədəm qoydu. Ölkəmizdə dövlət quruculuğu prosesinə start verildi, iqtisadi islahatlar aparıldı, ordu quruculuğuna diqqət artırıldı. Nəticədə, Azərbaycanın müstəqilliyi qorundu, qüdrətli bir dövlətin əsası qoyuldu. Dahi şəxsiyyətin ideyaları bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Məhz bunun nəticəsidir ki, ölkəmiz Avropanın enerji təhlükəsizliyinin başlıca təminatçılarından birinə çevrilib, onun beynəlxalq nüfuzu xeyli yüksəlib. Ümummilli liderimizin müəllifi olduğu alternativsiz siyasət muxtar respublikamızda da uğurla davam etdirilir. Bu gün ulu öndərin bizə miras qoyduğu müstəqil Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası möhkəm təməllər üzərində daha işıqlı gələcəyə doğru inamla irəliləyir.
Səbuhi Hüseynov