Bu gün ölkəmizin sosial-iqtisadi həyatında nail olunmuş yüksək inkişaf və tərəqqi, bu istiqamətdə reallaşdırılan məqsədyönlü tədbirlər əhaliyə müxtəlif sahələrdə göstərilən xidmətin səviyyəsinin yüksəldilməsinə imkan verib. Blokada şəraitində yaşamasına baxmayaraq, muxtar respublikamızda da insanların rahat yaşaması, onların rifah halının daha da yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır. Həyata keçirilən belə tədbirlər içərisində ilin bütün fəsillərində əhalinin fasiləsiz elektrik enerjisi və təbii qazla təmin olunması xüsusi əhəmiyyət kəsb edir. Qarşıdan qış mövsümü gəlir. Muxtar respublikanın quru kontinental iqlimə malik olması bu mövsümə daha ciddi hazırlaşmağı zəruri edir. Buna görə də hər il Naxçıvan Muxtar Respublikası Ali Məclisində payız-qış mövsümünə hazırlıqla bağlı müşavirə keçirilir, müşavirədə görülən işlər təhlil olunur, qarşıda duran vəzifələr müəyyənləşdirilir, aidiyyəti qurumlara payız-qış mövsümünü mütəşəkkil surətdə başa vurmaq üçün tapşırıqlar verilir.
Avqust ayının 28-də keçirilən müşavirədə də indiyədək görülən işlər müzakirə edilmiş, görüləcək işlər müəyyənləşdirilmişdir. Qeyd olunmuşdur ki, muxtar respublikada mövsümə hazırlıq işlərinə ciddi fikir verilir. Muxtar respublikanın bütün yaşayış məntəqələrinin elektrik enerjisi və təbii qazla tam təchiz olunması əvvəlki illərdə üzləşilən çətinlikləri aradan qaldırıb. Bu isə, öz növbəsində, imkan verir ki, qış aylarında mənzillər, inzibati binalar, təhsil, səhiyyə, mədəniyyət və idman obyektləri fəaliyyətini fasiləsiz olaraq davam etdirsin. Muxtar respublikada qurulmuş 7 elektrik stansiyası vasitəsilə regionun elektrik enerjisinə olan tələbatı tam ödənilsə də, məskunlaşma səviyyəsinin ilbəil artması, yeni yaşayış məhəllələrinin salınması, sənaye və digər enerji tutumlu müəssisələrin istifadəyə verilməsi elektrik enerjisinə olan tələbatı artırır. Buna görə də ənənəvi enerji mənbələri ilə yanaşı, alternativ və bərpa olunan enerji mənbələrindən də istifadə diqqət mərkəzində saxlanılır, muxtar respublikanın relyef və iqlim xüsusiyyətləri nəzərə alınaraq yeni stansiyaların quraşdırılması davam etdirilir.
Bir neçə ilin təcrübəsi göstərir ki, qışa hazırlıq məsələləri vaxtında və keyfiyyətlə yerinə yetirilərsə, insanlar bu sahədə heç bir problemlə üzləşməzlər.
Ali Məclisin Sədri payız-qış mövsümünə hazırlıqla bağlı şəhər və rayon icra hakimiyyətlərinin qarşısında da mühüm vəzifələr durduğunu bildirərək demişdir: “Cari il noyabr ayının 1-dək qazanxanalarda elektrik enerjisi, təbii qaz və su təchizatı məsələləri araşdırılıb nöqsanlar aradan qaldırılmalıdır. İctimai yaşayış binalarının zirzəmilərindən keçən istilik, su və kanalizasiya xətlərinin istismara yararlılığı araşdırılmalı, həmin binaların qış mövsümünə hazırlığı üçün müvafiq tədbirlər görülməlidir. Həmçinin kommunal xidmət texnikalarının saz vəziyyətdə olması nəzarətdə saxlanmalı, qış mövsümündə yolların vaxtında təmizlənməsi təmin edilməlidir”.
Payız-qış mövsümünə hazırlığın vəziyyəti ilə bağlı Şərur rayonunda görülən işlərlə tanış olduq. Şərur Şəhər Mənzil İstismar Sahəsindən bildirdilər ki, 2015-2016-cı ilin payız-qış mövsümünə hazırlıqla əlaqədar olaraq Şərur şəhəri ərazisində yerləşən ictimai yaşayış və inzibati binaların, fərdi evlərin daxilində su-kanalizasiya və istilik xətlərinin təmiri, xətlərin yararlı vəziyyətdə saxlanılması, həmçinin yaşayış məhəllələrində sanitar-təmizlik işlərinin görülməsi diqqət mərkəzində saxlanılıb. 79 binaya xidmət göstərən Mənzil İstismar Sahəsinin kollektivi şəhərin Heydər Əliyev, K.Seyidov prospektlərində, N.Nərimanov, H.Cavid, M.Müşfiq, M.Ə.Sabir, Nizami, S.Vurğun küçələrində yerləşən binaların giriş qapılarını, sıradan çıxmış şiferlərin dəyişdirilməsini təmin etmiş, çardaq örtüklərində təmir işləri aparmış, 64 giriş qapısı dəyişdirilmiş, giriş pəncərələrinə 100 kvadratmetr şüşə salınmışdır. Mövsümü uğurla başa vurmaq üçün mal-material ehtiyatı yaradılmış, hazırda su və istilik xətlərində, çardaq örtüklərində təmir işləri davam etdirilir.
Rayon Suvarma Sistemləri İdarəsi də öz işini üzərinə düşən vəzifələrin yerinə yetirilməsi istiqamətində qurub. İlin ilk 10 ayı ərzində 159 subartezian quyusunda əsaslı və cari təmir işləri aparılıb. 5 artezian quyusu bərpa edilib. 35 quyu təzə nasosla təchiz olunub. 15 yeni artezian quyusu qazılıb. Mövsümə hazırlıqla əlaqədar həyata keçirilən tədbirlər zamanı 450 metr uzunluğunda müxtəlif diametrli su borularından istifadə edilib. Artezian quyularının təmiri üçün 550 kiloqram sarğı materialı ehtiyatı yaradılıb. İdarənin kollektivi şəhər sakinlərinin keyfiyyətli su ilə təchizatını təmin etmək üçün bütün qüvvələri səfərbərliyə alıb.
Payız-qış mövsümünə hazırlıqla əlaqədar görülən işlərlə tanış olmaq üçün rayon Elektrik Şəbəkəsinə müraciət etdik. Bildirdilər ki, rayon üzrə elektrik hava xətlərinin ümumi uzunluğu 1458 kilometrdir. Ötən dövrdə xətlərdə əsaslı təmir işləri aparılıb, 23,5 kilometr uzunluğunda yeni hava xətti çəkilib. 492 ədəd elektrik dirəyi yenisi ilə əvəz olunub. 139 evə elektrik xətti çəkilib, 198 yeni sayğac quraşdırılıb, 720 ədəd sayğac dəyişdirilib. 8 yeni transformator quraşdırılıb. Kifayət qədər mal-material ehtiyatı yaradılıb.
Rayonda olarkən müxtəlif idarə, müəssisə və təşkilatlarla əlaqə saxlayıb onların qış mövsümünə hazırlığı ilə maraqlandıq. Şərur Rayon Təhsil Şöbəsində bildirdilər ki, şöbənin tabeliyində olan 56 məktəbin 41-i istilik sistemi, 1 məktəb mavi yanacaq, 14 məktəb dizel yanacağı, 2 məktəbdənkənar müəssisə fərdi qazanxana, 4 belə müəssisə isə dizel yanacağı ilə qızdırılacaq. Bunun üçün kifayət qədər neft sobası, soba borusu və dirsək əldə edilib. Bundan başqa, təhsil müəssisələrinin ehtiyacı nəzərə alınaraq 228 şifer, 293 metr polietilen, 163 kvadratmetr şüşə verilib. Rayon Mədəniyyət və Turizm Şöbəsinin tabeliyində olan 136 mədəniyyət müəssisəsindən 71-i istilik sisteminə qoşulub, 65-i neft sobası ilə qızdırılır. 7 mədəniyyət müəssisəsinin müstəqil qazanxanası var. Şöbə tərəfindən komissiya yaradılaraq müstəqil qazanxanası olan müəssisələrə baxış keçirilib və heç bir ciddi nöqsan aşkar edilməyib.
Həyata keçirilən tədbirlər Şərur rayonunda 2015-2016-cı ilin payız-qış mövsümünün problemsiz başa çatacağına əminlik yaradır.
Muxtar Məmmədov