24 Dekabr 2024, Çərşənbə axşamı

Noyabrın 10-da Konstitusiya Gününə və Milli Fəaliyyət Proqramının 2015-ci ildə icra vəziyyətinə həsr olunmuş konfrans keçirilmişdir.

Konfransı giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramova açaraq məruzə etmişdir.
Bildirilmişdir ki, Konstitusiyada yüz illər boyu bəşəriyyətin əldə etdiyi mütərəqqi dəyərlər, fundamental hüquq və azadlıqlar çox geniş şəkildə öz əksini tapmış, insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədi kimi bəyan edilmişdir. Konstitusiyanın qəbulu ölkədə hüquqi islahatların keyfiyyətcə yeni mərhələsinin başlamasına təkan vermişdir. İnsan hüquq və azadlıqlarının təmin olunması istiqamətində qəbul edilmiş normativ sənədlər sırasında ümummilli lider Heydər Əliyevin 22 fevral 1998-ci il tarixli “İnsan və vətəndaş hüquqları və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanını və 18 iyun 1998-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nı xüsusilə qeyd etmək lazımdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” insan hüquqlarının müdafiəsinin daha səmərəli təşkilinin konsepsiyasını müəyyən etmişdir.
Ötən dövr ərzində ölkəmizdə insan hüquq və azadlıqları sahəsində həyata keçirilən islahatların, qəbul edilmiş dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin Naxçıvan Muxtar Respublikasında da uğurla həyata keçirildiyini bildirən Ülkər Bayram­ova demişdir ki, muxtar respublikada insan hüquqları daim diqqət mərkəzində saxlanılır, Milli Fəaliyyət Pro­qramında nəzərdə tutulmuş tədbirlərin icrası ardıcıl davam etdirilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatı rəhbərinin müavini, Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov “Azərbaycan Respublikası Konstitusiyasında Naxçıvan Muxtar Respublikasının statusu” mövzusunda məruzə edərək bildirmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 134-cü maddəsinə əsasən, Naxçıvan Muxtar Respublikasının statusu Azərbaycan Respublikası Konstitusiyası ilə müəyyən edilmişdir. Konstitusiyaya görə Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir.
Naxçıvanın muxtariyyəti özünəməxsusluğu ilə fərqlənir. İlk fərq ondan ibarətdir ki, bu, milli yox, ərazi muxtariyyətidir. Yəni Naxçıvan Muxtar Respublikası Azərbaycanın əsas ərazisindən tam təcrid olunmuş “anklav” ərazi kimi geopolitik əsasa görə yaranmışdır.
Naxçıvanın muxtariyyətinin ən mühüm özünəməxsusluğundan biri də onun statusunun təkcə milli qanunvericiliklə yox, həm də beynəlxalq müqavilələrlə (16 mart 1921-ci il Mos­kva və 13 oktyabr 1921-ci il Qars) təsdiq edilməsi və ona beynəlxalq hüquqi təminat verilməsidir.
1995-1999-cu illər Naxçıvanın muxtariyyət statusunun hüquqi cəhətdən möhkəmləndirilməsi baxımından əlamətdar olmuşdur. 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası ilə Naxçıvan Muxtar Respublikasının statusu Azərbaycan Respublikasının tərkibində muxtar dövlət kimi müəyyənləşdirilmişdir.
Naxçıvan Muxtar Respublikasının yeni Konstitusiyasının Naxçıvan Muxtar Respublikası Ali Məclisində 28 aprel 1998-ci il tarixdə qəbul olunduğunu və bu Konstitusiyanın 29 dekabr 1998-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edildiyini diqqətə çatdıran Cəlil Rüstəmov bildirmişdir ki, Naxçıvanın dövlətçilik tarixində ilk dəfə olaraq hamılıqla qəbul edilən, ideoloji əsaslardan arındırılmış, demokratik prinsip və dəyərlərə uyğun qəbul edilən bu Konstitusiya muxtariyyət tarixində əldə edilmiş ən böyük nailiyyətlərdən biridir. Bütün sivil və müasir konstitusiyalar kimi, Naxçıvan Muxtar Respublikasının Konstitusiyası da insan və vətəndaş hüquq və azadlıqlarına təminat vermişdir.
Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında heç bir maddə Azərbaycan dövlətinin unitarlıq prinsipi ilə ziddiyyət təşkil etmir. Əksinə, Naxçıvanın coğrafi-siyasi mövqeyinə və demokratik prinsiplərə uyğun gəlməklə onun ölkə ərazisi kimi mövcudluğunu hüquqi cəhətdən müəyyən edir, idarəçilikdə operativ qərarlar qəbul etməyə imkan verir. Digər tərəfdən Naxçıvanın muxtariyyət statusuna malik olması onun təhlükəsizliyi üçün təminat olmaqla, Naxçıvanın inkişaf etməsinin əsas şərtlərindən biridir.
Vurğulanmışdır ki, Əsas Qanunumuz müstəqilliyimizin qorunub möhkəmləndirilməsində, respublikamızın sürətli inkişafında və beynəlxalq aləmdə nüfuzunun artmasında hüquqi baza rolunu oynayır. Odur ki, Konstitusiyanın qəbulu günü dövlət bayramı kimi xalqımız tərəfindən böyük sevinclə qeyd olunur.
Sonra Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Polad Həsənovun “Konstitusiya nəzarətinin mahiyyəti: Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi muxtar respublikada Konstitusiya nəzarətini həyata keçirən orqan kimi” və Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Hüquqi təminat və informasiya şöbəsinin rəisi Faiq Səfər­ovun “Milli Fəaliyyət Proqramı: Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində həyata keçirilən tədbirlərin davamlılığını təmin edən sənəd kimi” adlı məruzələri dinlənilmişdir.
Məruzələr ətrafında Naxçıvan Muxtar Respublikası daxili işlər nazi­rinin müavini, polis general-mayoru Qaçay Quliyevin, ədliyyə nazirinin müavini, baş ədliyyə müşaviri Elnur İsmayılovun, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Qadir Əliyevin çıxışları olmuşdur.
Tədbirə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramova yekun vurmuşdur.

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR