24 Dekabr 2024, Çərşənbə axşamı

Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının təşəbbüsü ilə Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 20 illiyi münasibətilə “Ümummilli lider Heydər Əliyev və Azərbaycan konstitusionalizmi” mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfransı giriş sözü ilə Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri, tarix üzrə fəlsəfə doktoru, dosent Elman Cəfərli açıb.
Heydər Əliyev adına tam orta məktəbin müəllimi, partiya ərazi ilk təşkilatının sədri Könül Mirzəyeva “Ümummilli lider Heydər Əliyev və Azərbaycan Respublikasının Konstitusiyası” mövzusunda çıxış edib.
“Naxçıvan Muxtar Respublikasının Konstitusiya təcrübəsi tarixi” mövzusunda çıxış edən Elman Cəfərli unitar Azərbaycan dövlətinin ayrılmaz tərkib hissəsi olan Naxçıvan muxtariyyətinin XX əsrdə idarə olunmasının hüquqi bazasının 1924-cü ildə qəbul edilmiş “Naxçıvan SSR haqqında Əsasnamə”nin, 1926, 1937 və 1978-ci illərdə qəbul edilmiş üç Konstitusiyanın təşkil etdiyini bildirib.

XX əsrin sonunda, Azərbaycanın müstəqillik dövrü Konstitusiyası qəbul edildikdən dərhal sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun rəhbərlik etdiyi komissiya tərəfindən Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının layihəsi hazırlanıb və Azərbaycan Respublikası Konstitusiyasının layihəsini hazırlayan komissiyanın iclasında ulu öndər Heydər Əliyevin sədrliyi ilə dörd dəfə müzakirə olunaraq təkmilləşdirilib. Muxtar dövlətin 6 fəsil, 50 maddədən ibarət Konstitusiyası 1998-ci il dekabrın 29-da Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilib.
“Milli Konstitusiyamız ölkəmizin inkişafının əsas mənbəyidir” mövzusunda çıxış edən Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının baş təlimatçısı Tural Rzayev qeyd edib ki, milli Konstitusiya dövlətçilik tariximizdə yeni mərhələ açıb, hüquqi, demokratik dövlət quruculuğunda, sosial-iqtisadi və ictimai-siyasi həyatda dinamik inkişafı təmin edən islahatların dərinləşməsinə, hakimiyyət bölgüsü prinsipini, insan hüquq və azadlıqlarının üstünlüyünü təsbit edərək Azərbaycanın çox qısa zaman kəsiyində bölgənin lider dövlətinə çevrilməsinə imkan yaradıb.
Konfransa Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri Elman Cəfərli yekun vurub.
Sonda konfrans iştirakçıları Heydər Əliyev Muzeyindəki eksponatlara baxıblar.

 Rauf Əliyev

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR