Naxçıvan Dövlət Universitetində Azərbaycan Respublikası Konstitusiyasının qəbul olunmasının 20 illiyinə həsr edilmiş “Ulu öndər Heydər Əliyev və müstəqil Azərbaycan Respublikasının Konstitusiyası” mövzusunda elmi konfrans keçirilib.
Konfransı universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq bildirib ki, ümummilli lider Heydər Əliyevin müəllifi olduğu, müstəqil Azərbaycanın dövlət quruculuğunun əsasını təşkil edən Azərbaycan Respublikasının Konstitusiyası demokratik, hüquqi, dünyəvi dövlət quruluşuna təminat verən ali hüquqi sənəddir. Hər bir Azərbaycan vətəndaşı əsas dövlət rəmzlərindən biri olan Konstitusiyanın müddəa və prinsiplərinə əməl etməyə borcludur.
Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri, Ali Məclisin deputatı, universitetin Hüquq kafedrasının dosenti Elman Cəfərli “Naxçıvan Muxtar Respublikasının Konstitusiya təcrübəsi tarixi” mövzusunda məruzə edərək 1926-cı ildə qəbul edilən ilk, 1937 və 1978-ci illərdə qəbul edilən sonrakı konstitusiyaları müqayisəli şəkildə təhlil edib. Qeyd olunub ki, milli müstəqillik əldə edildikdən sonra 1998-ci il aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Azərbaycan Konstitusiyası əsasında hazırlanmış yeni Konstitusiyası muxtar respublikanın Ali Məclisində qəbul edilib və həmin il dekabrın 29-da Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq olunub.
Naxçıvanın muxtariyyət statusunun da əks olunduğu, 6 fəsildən və 50 maddədən ibarət Konstitusiya muxtar respublikanın əvvəlki konstitusiyalarından demokratikliyi və lakonikliyi ilə fərqlənir. Bu, 1997-ci ildə Venesiya Komissiyasının Naxçıvan Muxtar Respublikasının Konstitusiya layihəsinə verdiyi rəydə də öz əksini tapıb.
Universitetin Sosial idarəetmə və hüquq fakültəsinin tyutoru Beyrək Cəfərov “Konstitusiyanın beynəlxalq əhəmiyyəti” adlı məruzəsində vurğulayıb ki, Azərbaycan Respublikasının Konstitusiyası 1994-cü ildə müstəqil Azərbaycanın qurucusu və memarı, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış, 1995-ci il noyabrın 12-də ümumxalq referendumu yolu ilə qəbul edilmişdir.
Ən son nailiyyətlərə, dünyəvi təcrübəyə əsasən hazırlanan bu Konstitusiya müasir dünya konstitusiyaları içərisində quruluşca ən mükəmməl və məzmunca ən demokratiki olmaqla Azərbaycanın dövlət müstəqilliyinin, ölkədəki insan hüquq və azadlıqlarının qarantıdır.
Mehriban Sultan