“Naxçıvan” Universitetində “Bayrağımız milli qürurumuzdur” mövzusunda tədbir keçirilib. Universitetin İdarəetmə fakültəsinin təşkilatçılığı ilə keçirilən tədbiri ali təhsil ocağının rektoru, professor İsmayıl Əliyev açıb.
İdarəetmə fakültəsinin dekanı, tarix üzrə fəlsəfə doktoru Elbrus İsayev çıxış edərək bildirib ki, ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlət qurmaq və ona sahib çıxmaq bacarığının əsas göstəricisidir. Ona görə də özünütəsdiq simvolu olan bayraq bütün dünyada qürur və güvənc yeri sayılır. Bayraq həm də dövlətin və xalqın kimliyinin, apardığı azadlıq mücadiləsinin, təfəkkür və düşüncə tərzinin ən real ifadəsidir. Məhz bu baxımdan xalqımızın azadlığını, suverenliyini, öz istiqlalı uğrunda apardığı mübarizəni, milli kimliyini tərənnüm edən üçrəngli bayrağımız bizim milli qürurumuzdur.
Vurğulanıb ki, 1918-ci il iyun ayının 24-də Dövlət Bayrağı haqqında ilk qərar verilərək üzərində ağrəngli aypara və səkkizguşəli ulduz təsvir olunan qırmızı bayraq Dövlət Bayrağı kimi qəbul olunub. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 9 noyabr tarixli qərarı ilə həmin bayraq aypara və səkkizguşəli ulduz qalmaqla üçrəngli – mavi, qırmızı və yaşıl zolaqlardan ibarət bayraqla əvəz edilib. 1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqut etməsi və Azərbaycanda sovet hakimiyyətinin qurulması ilə bu bayraq ləğv edilib. Azərbaycan Respublikasının üçrəngli bayrağı ikinci dəfə 1990-cı il noyabrın 17-də ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan Ali Məclisinin sessiyasında qaldırılıb. Həmin sessiya Azərbaycanda müstəqil dövlət quruculuğu prosesinin həyata keçirilməsi ilə bağlı bir çox məsələlərin müzakirə olunması, ölkəmizi müstəqilliyə aparan yolda tarixi qərarların qəbul edilməsi ilə əlamətdar olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli Fərmanı ilə 9 noyabr tarixi Dövlət Bayrağı Günü elan edilib.
Tədbirin bədii hissəsində tələbələrin ifasında üçrəngli bayrağımıza həsr olunmuş şeirlər qiraət edilib, mahnılar səsləndirilib.
Nuray Əsgərova