23 Dekabr 2024, Bazar ertəsi

1996-cı ildən etibarən hər il noyabrın 10-17-si ölkəmizdə Beynəlxalq Tələbə-Gənclər Həftəsi kimi qeyd olunur. Bu gün Azərbaycan əhalisinin böyük əksəriyyətini gənclər təşkil edir. Buna görə də Azərbaycanda gənclərlə iş dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir.

Azərbaycanda dövlət gənclər siyasətinin əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Dahi şəxsiyyət ölkəmizə rəhbərliyinin bütün dövrlərində gənc nəslin əsl himayədarı olmuş, sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə gənclərin fəal iştirakının təmin olunmasını diq­qət mərkəzində saxlamışdır. Ulu öndərimiz gəncliyin aktiv sosial təbəqə kimi ictimai həyatdakı roluna mühüm əhəmiyyət verərək demişdir: “Hər bir xalq özünün xoşbəxt gələcəyinə olan ümidlərini, ilk növbədə, gənc nəsillə bağlayır. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının, ölkə­nin çiçəklənməsinin rəhnidir. Bu gün iftixar və qürur hissi ilə bildirmək istəyirəm ki, müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan qalan gözəl adət-ənənələrimizi gözbəbəyi kimi indi də qoruyub yaşadır”.

Azərbaycan müstəqillik qazandıqdan sonra gənclərlə iş intensiv xarakter almış, bu sahədə zəngin qanunvericilik bazası və gənclər siyasətini həyata keçirən dövlət orqanları yaradılmış, 2002-ci ildə “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Sonrakı dövrlərdə də ölkənin ictimai-siyasi həyatında gənclərin yaxından iştirakı üçün ardıcıl tədbirlər görülmüş, “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında”, “Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında”, “Bədən tərbiyəsi və idman haqqında” qanunlar qəbul edilmişdir. Bu gün ölkəmizdə gənc­lərlə iş “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu və 20-yə yaxın normativ-hüquqi aktla tənzimlənir. Ötən dövrdə bu sahənin inkişafı ilə bağlı 5 dövlət proqramı qəbul edilmişdir. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”, “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı”, “Azərbaycan Respublikasında texniki-peşə təhsilinin inkişafı üzrə Dövlət Pro­qramı” gənclərin dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsinə, onların yaradıcılıq potensialının üzə çıxarılmasına, intellektual səviyyəsinin yüksəldilməsinə və sosial problemlərinin həllinə mühüm töhfə vermişdir. “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı” isə ölkəmizdə həyata keçirilən gənclər siyasətinin uğurlu davamı kimi mühüm əhəmiyyətə malikdir.
Bu gün dövlət gənclər siyasəti ölkə başçısı cənab İlham Əliyevin diqqət və qayğısı ilə özünün keyfiyyətcə yeni inkişaf mərhələsini yaşayır. Ölkəmizin bütün bölgələrində gənc­lərin hərtərəfli inkişafı üçün ardıcıl tədbirlər görülür, elm və təhsil ocaqları, gənclər evləri, idman kompleksləri tikilib istifadəyə verilir. Bunun nəticəsidir ki, bugünkü Azərbaycan gəncliyi cəmiyyət həyatının bütün istiqamətlərində fəal iştirak edir, yüksək intellektli toplum kimi yetişir, beynəlxalq miqyaslı yarış və tədbirlərdə ölkəmizi layiqincə təmsil edir. Bu il ölkəmizdə keçirilən birinci Avropa Oyunlarında gənclərimiz həm təşkilatçı kimi mühüm vəzifələri layiqincə yerinə yetirmiş, həm də yarışların iştirakçısı kimi yüksək nailiyyətlər qazanaraq ölkəmizi layiqincə təmsil etmişlər.
Naxçıvan Muxtar Respublikasında da dövlət gənclər siyasəti uğurla davam etdirilir, gənclər siyasətinin bütün istiqamətləri üzrə dövlət proqramları icra olunur. Gənc­lərin muxtar respublikanın ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı, sosial problemlərinin həlli və hüquqlarının müdafiəsinin təmin edilməsi, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin irəli çəkilməsi və xidmətlərinin qiymətləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Son illər muxtar respublikada təhsil müəssisələri üçün yüzlərlə binalar tikilmiş, olimpiya-idman kompleksləri, üzgüçülük və şahmat mərkəzləri istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında” 2012-ci il 31 yanvar tarixli, “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun yaradılması haqqında” 2012-ci il 29 mart tarixli fərmanları muxtar respublikada gənclərə göstərilən diqqət və qayğının daha bir nümunəsidir. Qeyd olunan fərmanlarla Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı” təsis edilmiş, Naxçıvan şəhərində Gənclər Mərkəzi inşa olunmuş, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun fəaliyyəti təmin edilmişdir. Bu da gənclərin hərtərəfli inkişafı, müxtəlif layihələrin təşəbbüskarı kimi çıxış etməsi, asudə vaxtlarının səmərəli təşkili baxımından xüsusi əhəmiyyət kəsb edir.
Muxtar respublikamızda gənc­lərin asudə vaxtının səmərəli təşkili, yaradıcılıq potensialının üzə çıxarılması daim diqqət mərkəzindədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı il 30 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında xüsusi istedada malik olan gənclərin yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)”nın icrası uğurla başa çatdırılmış, bu sahədə mühüm nailiyyətlər əldə edilmişdir.
Muxtar respublikada idmanın kütləviliyinə nail olmaq, gənclərin idmana cəlb olunması, istedadlı idmançılar nəslinin yetişdirilməsi qarşıya mühüm vəzifə kimi qoyulub. Son dövrlər muxtar respublikanın şəhər və rayonlarında olimpiya-idman komplekslərinin, idman mərkəzlərinin, uşaq-gənclər idman və şahmat məktəblərinin, stadionların, mini-futbol meydançalarının, orta məktəblərdə idman zallarının və digər idman qurğularının istifadəyə verilməsi gənc nəslin fiziki sağlamlığının qorunması və idmanın kütləvi inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.
Bu sahədə yaradılan infrastruktur ölkə və dünya miqyaslı idman yarışlarının keçirilməsinə, muxtar respublika gənclərinin bu yarışlarda iştirakına və uğurlar qazanmasına əlverişli zəmin yaratmışdır. 2015-ci ilin ötən dövründə də muxtar respublikada yerli və beynəlxalq yarışlar, turnirlər təşkil edilmiş, gənc­lər və idman sahəsində iki yüzdən çox tədbir keçirilmiş və bu tədbirlərdə 10 mindən artıq gənc iştirak etmişdir. Muxtar respublika gəncləri bu il keçirilən idman yarışlarında, ümumilikdə, 60 medal qazanmışdır. Bunların 33-ü Azərbaycan çempionatlarından, 14-ü beynəlxalq turnirlərdən, 2-si Avropa çempionatından, 2-si birinci Avropa Oyunlarından, 9-u isə dünya çempionatlarından əldə olunmuşdur.
Gənclərin asudə vaxtlarının təşkili də diqqət yetirilən məsələlərdəndir. Asudə vaxtlarını müxtəlif tədbirlərdə, yarış və müsabiqələrdə, ekskursiyalarda səmərəli keçirən gənclərin dünyagörüşü daha da zənginləşir. Hər il Ağbulaq İstirahət Mərkəzində təşkil olunan yay məktəbləri, Naxçıvanın görməli yerlərinə səfərlər, muzeylərin ziyarət olunması gənclərdə muxtar respublikanın tarixi, coğrafiyası, zəngin mədəniyyəti, qədim tarixi abidələri haqqında zəngin təəssürat yaradır, onların milli-mənəvi dəyərlərimizə bağlılığını artırır.
Muxtar respublikada tələbə-gənc­lər hərəkatı həyata keçirilən inkişaf strategiyasının mühüm istiqamətini təşkil edir. Bu gün muxtar respublikanın ali və orta ixtisas təhsili müəssisələrində 10 minə yaxın gənc təhsil alır. Tələbə kontingentinin yüksək təhsil alması, beynəlxalq təcrübələrə yiyələnməsi və hərtərəfli inkişafına xüsusi diqqət yetirilir. Gənclərin inkişafı sahəsində görülən işlər sırasında onların elmi potensialının formalaşdırılması, eləcə də mütaliə vərdişlərinin və dünyagörüşünün artırılması da diqqət mərkəzində saxlanılmış, Naxçıvan Muxtar Respublika Kitabxanasında, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzində, Naxçıvan Dövlət Universitetində, “Naxçıvan” Universitetində və Gənclər Mərkəzində elektron kitabxanalar, eləcə də Naxçıvan Regional İnformasiya Mərkəzində məhdud fiziki imkanlılar üçün audio və elektron kitabxana yaradılmış, Distant Təhsil Mərkəzi istifadəyə verilmişdir.
Aparılan gənclər siyasətinin uğurlu nəticəsidir ki, bu gün Naxçıvan tələbə-gənclərinin səsi dünyanın tanınmış universitetlərindən gəlir. Bu gün yüzlərlə naxçıvanlı gənc ABŞ, İngiltərə, Fransa, Almaniya, Türkiyə, Cənubi Koreya, Ukrayna və Rusiya Federasiyasının aparıcı ali məktəblərində təhsil alaraq gələcəyin mütəxəssisləri kimi yetişirlər.
Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı kimi, bu il sen­tyabrın 15-də “Naxçıvan” Universitetində yeni tədris korpusları, müasir informasiya texnologiyaları ilə təchiz olunan imtahan və mühazirə zalları, idman kompleksi, zəngin fonda və elektron imkanlara malik kitabxana və hərtərəfli şəraiti olan yataqxana binası istifadəyə verilmişdir. Açılış tədbirində iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Təhsil o zaman səmərəli olur və nəticə verir ki, o, əməli fəaliyyətə çevrilsin. Universitetlərdə, orta ixtisas və peşə məktəblərində, hərbi liseydə təhsil alan gənclər gələcəkdə cəmiyyət həyatının müxtəlif sahələrində ixtisaslı kadrlar kimi çalışmalı, bilik və bacarıqlarını ölkəmizin inkişafına sərf etməlidirlər”.
Ali Məclis Sədrinin bu dəyərli tövsiyələri gənclərin gələcəyin ixtisaslı kadrı kimi yetişməsi, cəmiyyət həyatında öz yerini tutması üçün görüləcək işlərin əsl mahiyyətini tam dolğunluğu ilə ifadə edir. Buna görə də muxtar respublikada gənclərin elə təhsil illəri dövründən peşə vərdişlərinə yiyələnməsinə və yüksəkixtisaslı kadr kimi yetişməsinə xüsusi diqqət yetirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamı bu istiqamətdə həyata keçirilən tədbirlərin daha geniş təşkilinə stimul vermişdir. Sərəncama əsasən, muxtar respublikanın ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələr öz ixtisaslarına uyğun olaraq dövlət təşkilatları və müəssisələr tərəfindən himayəyə götürülmüşdür. Açıq dərslərə, peşə və istehsalat təcrübəsinə cəlb olunan bugünkü tələbə-gənclik gələcəyin peşəkar mütəxəssisi kimi yetişəcək, təhsilini başa vurduqdan sonra məşğulluq problemi ilə üzləşməyəcəkdir. Ümumiyyətlə, bu sahədə görülən işlərin nəticəsidir ki, bu gün muxtar respublikada məşğul əhalinin yarıdan çoxunu gənclər təşkil edir.
Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ali məktəblərdə təhsil alan tələbə-gənclərin milli dövlətçilik, Azərbaycançılıq, vətənpərvərlik ruhunda yetişib formalaşması üçün genişmiqyaslı tədbirlər həyata keçirilir. Bu baxımdan hər il Beynəlxalq Tələbə-Gənclər Həftəsinə həsr olunmuş tədbirlər də mühüm əhəmiyyət kəsb edir. Bu il də Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənc­lər Fondu, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənc­lər Birliyi, ali və orta ixtisas təhsili müəssisələrinin təşkilatçılığı ilə Beynəlxalq Tələbə-Gənclər Həftəsi münasibətilə 10-17 noyabr tarixləri ərzində ali və orta ixtisas təhsili müəssisələrinin tələbələrinin iştirakı ilə müxtəlif tədbirlər keçiriləcəkdir.
Bu gün ölkəmizdə və Naxçıvan Muxtar Respublikasında gənc nəslin vətənpərvərlik, milli dəyərlərə bağlı­lıq ruhunda tərbiyəsi xüsusi diqqət mərkəzində saxlanılır. Gənc­lərin ölkənin ictimai-siyasi həyatında aktiv fəaliyyəti, beynəlxalq aləmdə Azərbaycan həqiqətlərinin yayılması sahəsindəki xidmətləri də təqdirəlayiqdir.

Hərtərəfli qayğı ilə əhatə olunan və ulu öndər Heydər Əliyevin siyasi xəttinə sədaqət ruhunda böyüyən Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində fəal iştirak edir.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR