23 Dekabr 2024, Bazar ertəsi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncama əsasən, hər il ölkəmizdə 9 noyabr tarixi “Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü” kimi qeyd edilir.

Ölkə başçısının bu sərəncamı dövlət rəmz­lərinə hörmət və ehtiramın ən bariz ifadəsidir. Çünki dünyanın ən qədim xalqlarından olan azərbaycanlılar milli mədəniyyətini, zəngin ənənə və dəyərlərini yaşadaraq yad təzahürlərdən hifz etməklə tarixi etnos kimi mövcudluqlarını daim qorumuşlar. Tariximizin ən dəyərli eksponatları sırasında yer tutan qədim dövlət rəmzləri və bayraqlar bizə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin tarixini öyrənməyə, araşdırmağa geniş imkanlar açır. Müasir dövrdə isə bayraq xalqın müstəqillik, suverenlik, milli azadlıq, istiqlal ideallarını simvolizə edir. Ona görə də bu gün dövlət bayrağına hörmət və ehtiram, üçrəngli bayrağımıza olan məhəbbət və vətəndaş sevgisi hər bir azərbaycanlının Vətən qayğısına, millət duyğusuna çevrilmişdir. Ölkə Prezidentinin dövlət rəmzlərinə verdiyi yüksək dəyərin nəticəsidir ki, şanlı tariximizdən gələn milli dəyərlərə hörmət və ehtiram Azərbaycan dövlətinin təməl prinsipləri sırasında xüsusi yeri və mövqeyi ilə seçilir. Türkçülüyü, müasirliyi və İslam sivilizasiyasını təcəssüm etdirən bayrağımız dövlətimizin ideoloji modelinin məna və funksiyasını tamamilə ifadə edir, müasir Azərbaycan üçrəngli bayrağımız altında müstəqillik yolu ilə inamla irəliləyir, iqtisadi və siyasi gücünü getdikcə artırır.

Üçrəngli bayrağımızın dövlət rəmzlərindən biri kimi qəbul edilərək ucaldılması Azərbaycan Xalq Cümhuriyyəti dövrünə təsadüf edir. Fətəli xan Xoyskinin rəhbərlik etdiyi Azərbaycan Müvəqqəti Hökumətinin 1918-ci il 24 iyun tarixli qərarı ilə üzərində ağ aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı rəngli bayraq Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət Bayrağı kimi qəbul olunmuşdur. 1918-ci il noyabrın 9-da isə Bakı şəhərində Fətəli xan Xoyskinin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilmiş, burada onun milli bayraq haqqında məruzəsi dinlənilmişdir. Müzakirələrdən sonra mavi, qırmızı və yaşıl rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan bayraq dövlət bayrağı kimi qəbul edilmişdir.
Azərbaycanın üçrəngli bayrağı qədim türklərin göytanrıçılığı fəlsəfəsini özündə yaşadaraq “Türkləşmək, müasirləşmək, islamlaşmaq” devizinə əsaslanmışdır. Naxçıvan xanlığının bu günlərdə Sankt-Peterburq muzeyində tapılmış dövlət bayrağında da göytanrıçılığı atributu və səkkizguşəli ulduz elementləri açıq-aşkar görünür. Bu, bir daha göstərir ki, üçrəngli, ay-ulduzlu bayrağımız bizim qan yaddaşımız, genetik kodumuzdur.
1920-ci ilin 28 aprelində Azərbaycan Xalq Cümhuriyyətinin bolşevik Rusiyası tərəfindən işğalından sonra üçrəngli bayrağımız Azərbaycan parlamentinin binası üzərindən endirilmiş, əvəzində bolşevik ideologiyasının məhsulu kimi üzərində oraq və çəkic şəkli olan bayraq dövlət bayrağı kimi qəbul olunmuşdur.
Üçrəngli bayrağımızın dövlət rəmzi kimi bərpası və yüksəldilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkədə cərəyan edən mürəkkəb və ziddiyyətli bir dövrdə Naxçıvana rəhbərlik edən ümummilli lider Heydər Əliyev əsl vətənpərvərliklə və lider təəssübkeşliyi ilə milli dövlət quruculuğu üçün mühüm qərarlar qəbul etmişdir. Bu dövrdə xalqda milli özünüdərki gücləndirən, milli dövlət rəmzlərinə hörmət təlqin edən genişmiqyaslı addımlar atılmışdır. 1990-cı il noyabrın 17-də Naxçıvan Ali Sovetinin sessiyasında ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə müstəqil Azərbaycan dövlətçiliyinin bərpası istiqamətində bir çox məsələlər müzakirə olunmuş, “Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikası Ali Dövlət hakimiyyəti orqanı haqqında”, “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” tarixi qərarlar qəbul edilmişdir. “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” Qərara əsasən, müstəqilliyimizin əsas atributlarından olan Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul olunmuşdur. Bununla əlaqədar ümummilli lider Heydər Əliyevin öz əli ilə yazdığı Ali Məclisin Qərarında deyilirdi:
Naxçıvan Muxtar Respublikası Ali Məclisi qərara alır:
1) İlk Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi təsis edilsin.
2) Naxçıvan Muxtar Respublikasının digər dövlət rəmzi – Dövlət Himni və gerbi haqqında məsələ öyrənilib Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müzakirəsinə verilsin.
3) Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağının, bütövlükdə, Azərbaycan SSR-in dövlət rəmzi kimi təsis edilməsi məsələsi qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan SSR Ali Sovetindən xahiş edilsin.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Ali Sovetinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Naxçıvanda Dövlət Bayrağı kimi təsdiq edildi... Bizim müstəqilliyə gedən yolumuz o gündən başlamışdır. Məhz Xalq Cümhuriyyətinin bayrağının Dövlət Bayrağı kimi qəbul olunması Azərbaycanı müstəqilliyə daha da yaxınlaşdırmış və ölkəmizdə gedən proseslərə güclü təkan vermişdir”.
1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxmış və üçrəngli bayrağın Azərbaycanın Dövlət Bayrağı kimi qəbul edilməsi haqqında qanun qəbul olunmuşdur.
Ümummilli liderimiz Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra dövlət bayrağı da milli suverenliyin simvolu kimi təsdiq olunmuş, Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında çoxsaylı normativ aktlar qəbul edilmişdir. Ulu öndərimizin rəhbərliyi altında hazırlanaraq 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Konstitusiyasında üçrəngli bayraq dövlət rəmzi kimi təsbit edilmişdir. “Azərbaycanın bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Gərək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun”, – deyən görkəmli dövlət xadimi Heydər Əliyevin 1998-ci il 13 mart tarixli “Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında” Sərəncamı dövlət atributlarının, o cümlədən bayrağımızın təbliği baxımından mühüm əhəmiyyət daşıyır.
Ulu öndərin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev də Azərbaycanın milli dövlət atributlarını daim uca tutur. Azərbaycan Prezidentinin milli ideallara bağlılığı özünü həm də üçrəngli bayrağımıza münasibətdə göstərir. Azərbaycan Respublikasının 2004-cü il 8 iyun tarixli Qanunu ilə Azərbaycan Respublikası Dövlət Bayrağının istifadəsi qaydaları müəyyənləşdirilmişdir. Bu qanunla Dövlət Bayrağının qaldırılmalı və yerləşdirilməli olduğu yerlər müəyyən edilmiş, onun rəsmi tədbirlər, matəm günləri və matəm mərasimləri zamanı istifadəsi, həmçinin digər bayraqlarla birgə qaldırılması (asılması) və ya yerləşdirilməsi qaydaları təsbit olunmuş, Dövlət Bayrağının istifadəsinə dair tələblər və məhdudiyyətlər, habelə Dövlət Bayrağı haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət müəyyənləşdirilmişdir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2007-ci il 17 noyabr tarixli Sərəncamına əsasən isə Bakı şəhərində Dövlət Bayrağı Meydanı yaradılmışdır. 2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılışı olmuşdur. Meydan üçün seçilmiş yer dövlət bayrağının paytaxtın müxtəlif nöqtələrindən görünməsinə imkan yaradır. Dünyanın ən uca bayraq dirəyinin hündürlüyü 162, bayrağın eni 35, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, çəkisi isə 350 kiloqramdır. Dövlət Bayrağı Meydanının əhəmiyyətini artıran digər mühüm amil bu monumental kompleksin dövlət rəmzlərini özündə birləşdirən məkana çevrilməsidir. Bayrağın bünövrəsinin əhatəsində dövlət rəmzləri – himnin sözləri, gerb və Azərbaycanın xəritəsi yerləşdirilmişdir. “Ginnes” dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycanın Dövlət Bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq etmişdir.
Bu gün ölkəmizin digər guşələrində də yaradılan bayraq meydanları dövlət atributlarımıza olan sevgi və hörmətin göstəricisidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2014-cü il 22 avqust tarixdə imzaladığı “Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında” Sərəncam bu baxımdan mühüm əhəmiyyət kəsb edir. 2014-cü il noyabrın 17-də Dövlət Bayrağı Meydanı və Muzeyinin təntənəli açılış mərasimi keçirilmişdir. Açılış mərasimində çıxış edən Ali Məclisin Sədri demişdir: “Dövlətçilik tariximizdə mühüm yer tutan dövlət rəmzləri və bayraqlar bir tərəfdən nadir dövlətçilik irsinin varisləri kimi bizdə iftixar hissi doğurursa, digər tərəfdən Naxçıvanda mövcud olmuş qədim dövlətlərin tarixini öyrənməyə də geniş imkanlar yaradır. Naxçıvan şəhərində yaradılan Dövlət Bayrağı Meydanı və Muzeyi bu baxımdan mühüm əhəmiyyətə malik olacaqdır... Dövlət Bayrağı Meydanı və Muzeyini ziyarət edən hər bir insan, hər bir gənc dövlət rəmzlərinin tariximizdəki yeri barədə məlumatlandırılmalı, dövlət atributlarının mahiyyəti və əhəmiyyəti geniş təbliğ olunmalı, ümummilli liderimiz Heydər Əliyevin səyi ilə üçrəngli bayrağımızın ilk dəfə Dövlət Bayrağı kimi qaldırıldığı gün – noyabrın 17-si hər il Naxçıvan Muxtar Respublikasında əlamətdar tarixi gün kimi qeyd edilməlidir”.
Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı haqqında” Sərəncam imzalamışdır. Sərəncama əsasən, hər il noyabr ayının 17-nin Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilməsi qərara alınmışdır.
Naxçıvan şəhərindəki Bayraq Meydanında unikal quruluşa malik Bayraq Muzeyi yaradılmışdır. Muzeydə ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının ali qanunverici orqanında qəbul olunan “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” Qərarın surəti və həmin tarixi günə aid fotoşəkillər nümayiş olunur. Tarixən Naxçıvan ərazisində mövcud olmuş dövlətlərin, eləcə də Naxçıvan xanlığının bərpa olunmuş bayraqları, gerbləri və inzibati xəritələri, Naxçıvan xanlığının süvari dəstələrinə verilən bayraqlar, döyüşçü libasları, Naxçıvan Muxtar Respublikasının müxtəlif illərdə qəbul olunmuş konstitusiyaları muzeyin ekspozisiyasında yerləşdirilmişdir.
Milli qürurumuzun rəmzi olan üçrəngli bayrağımız hər zaman ucalarda tutulacaq və heç vaxt enməyəcəkdir. Əbədi müstəqilliyimizin simvolu kimi daim uca zirvələrdə dalğalanan bayrağımız milli dəyərimiz, əyilməyən başımız, qürurumuzdur. Azərbaycan bayrağını müqəddəsləşdirən təkcə onun and yerimiz olması deyil, bayraq həm də dövlətimizin, bütövlükdə, xalqımızın gələcək yolunu müəyyənləşdirən bələdçidir.

Milliliyi, dini inancımızı və müasirliyi təcəssüm etdirən bayrağımız azərbaycanlılara öz soykökünü xatırladır, üzərində dalğalanan torpağın qədimliyini göstərir. Bu gün ən yüksək zirvələrdə dalğalanan üçrəngli bayrağımız Azərbaycan dövlətinin gücünü və xalqımızın milli birliyini nümayiş etdirir. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: “Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, kim Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir”.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR