Regionların inkişafı Azərbaycanda uğurla və əzmkarlıqla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Regionların inkişafı sahəsində qəbul edilmiş və uğurla həyata keçirilmiş dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası genişmiqyaslı quruculuq tədbirlərinin həyata keçirilməsinə, aqrar sahədə böyük nailiyyətlərin əldə edilməsinə, kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına, nəticədə, əhalinin məşğulluğunun artırılmasına və rifahının yaxşılaşdırılmasına təkan verib. Bütün bölgələr kimi, Culfa rayonu da son 20 ildə həyata keçirilən tədbirlər nəticəsində nəinki muxtar respublikanın, hətta Azərbaycanın inkişaf etmiş bölgələrindən birinə çevrilib.
Culfa rayonunun yeni siması: keçmişə və bu günə qısa ekskurs
Bu gün Culfa rayonu inkişafının yüksəliş dövrünü yaşayır. Rayon iqtisadiyyatının bütün sahələrinin dinamik inkişafı tikinti-quraşdırma, abadlıq və yenidənqurma işlərinin artmasına, yeni infrastruktur obyektlərinin yaradılmasına imkan verib. Rayonda 1996-cı ildən 1 oktyabr 2015-ci il tarixədək tikilərək, yenidən qurularaq və ya əsaslı təmir olunaraq istifadəyə verilən obyektlərin sayı görülən işlərin miqyasını və əhəmiyyətini gözlər önünə sərir. Belə ki, bəhs olunan dövrdə rayonda 7036 şagird yerlik 19 ümumtəhsil məktəbi, 2 musiqi məktəbi, 2 uşaq bağçası, 5 məktəbdənkənar müəssisə, 23 səhiyyə obyekti, 11 mədəniyyət müəssisəsi üçün yeni bina, 15 kənd mərkəzi istifadəyə verilib. Bütün bu adıçəkilən obyektlər ən müasir avadanlıqlarla təchiz edilib. Rayonda həyata keçirilən tədbirlər gələcəyimiz olan uşaqların yaxşı təhsil almasına, sağlam böyüməsinə, rayon sakinlərinin rahat yaşamasına və asudə vaxtının səmərəli keçirilməsinə, kəndlə şəhər arasındakı fərqin aradan qaldırılmasına hədəflənib. Bir faktı diqqətə çatdırmaq yerinə düşər ki, 2002-ci ildə rayonda əsas kapitala yönəldilmiş investisiyaların həcmi cəmi 391 min manat idisə, 2015-ci ilin yanvar-sentyabr aylarında bu rəqəm 24 milyon 720 min manat olub. Rəqəmlərdən də göründüyü kimi, əsas kapitala qoyulmuş investisiyaların həcmi 2002-ci ilə nisbətdə 63,3 dəfə artıb. Əgər 2002-ci ildə əsas kapitala qoyulmuş investisiyanın 351 min manatı tikinti-quraşdırma işləri üçün ayrılmışdısa, 2015-ci ilin yanvar-sentyabr aylarında bu rəqəm 22 milyon 616 min manata çatdırılıb. Bu da onu göstərir ki, müqayisə edilən dövrdə tikinti-quraşdırma işlərinə yönəldilən investisiyanın həcmi 64,5 dəfə artıb.
Rayonda sahibkarlığın inkişafına xüsusi diqqət yetirilir
Qeyd etmək yerinə düşər ki, göstərilən dövlət dəstəyi nəticəsində son illərdə rayonda işgüzar mühit formalaşıb, sahibkarlıq fəaliyyətinin miqyası daha da genişlənib. Rayonda infrastruktur layihələrinin həyata keçirilməsi nəinki Culfa şəhərində, hətta ən ucqar kəndlərdə belə, sahibkarlığa meyilləri gücləndirib. İstehsal və xidmət sahələrinin dinamik və effektiv fəaliyyəti bərpa edilib, sənaye potensialı əhəmiyyətli şəkildə gücləndirilib. 1996-cı ildən ötən müddət ərzində rayonda ən müasir texnologiyaların tətbiq olunduğu beynəlxalq tələblərə cavab verə bilən rəqabətqabiliyyətli və ixracyönümlü yeni müəssisələr yaradılıb. Əgər 2002-ci ildə rayonda cəmi 1 milyon 81 min manatlıq sənaye məhsulu istehsal olunmuşdusa, 2015-ci ilin yanvar-sentyabr ayları ərzində bu göstərici 6 milyon 17 min manata çatdırılıb. Müqayisədən də göründüyü kimi, rayonda sənaye məhsulunun istehsalında böyük irəliləyişlər var. Hazırda rayonda 23 istehsal müəssisəsi fəaliyyət göstərir.
Aqrar sahədəki göstəricilər qazanılan uğurlardan xəbər verir
Rayonun kənd təsərrüfatı məhsulları istehsalçılarının istifadə etdikləri yanacağın, motor yağlarının və mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsi, eləcə də dövlət büdcəsinin vəsaiti hesabına buğda istehsalının stimullaşdırılması məqsədilə yardım verilməsi, toxumçuluq və damazlıq işləri üzrə müəyyən işlərin görülməsi, baytarlıq xidmətinin fəaliyyətinin ən yüksək səviyyəyə çatdırılması, lizinq xidmətlərindən istifadə olunmasına şərait yaradılması, kənd təsərrüfatı məhsulları istehsalçılarına verilmiş güzəştli kreditlər kənd təsərrüfatı məhsulları istehsalı sahəsində ilbəil dinamik inkişafın əldə edilməsini təmin edən amillərdən olub. Ərzaq təhlükəsizliyinin təmin olunması üçün bitkiçilik və heyvandarlıq sahələrinin inkişaf etdirilməsi, ərzaq məhsulları ilə özünü təminetmə səviyyəsinin daha da yaxşılaşdırılması qazanılan uğurları da bərabərində gətirib. Təkcə bir fakta diqqət yetirmək yerinə düşər ki, 2000-ci ildə rayonda cəmi 3734 hektar sahədə əkin həyata keçirilmişdirsə, 2015-ci ildə əkin həyata keçirilən ərazilərin sahəsi 7718 hektara çatdırılıb. 2000-ci ildə rayonda 1996 hektarda dənli və dənli-paxlalılar, 1703 hektar taxıl, 126 hektar kartof, 370 hektar tərəvəz, 54 hektar ərazidə isə ərzaq üçün bostan bitkiləri əkilmişdi. 2015-ci ildə isə dənli və dənli-paxlalılar əkinləri 5488, taxıl əkinləri 4982, kartof əkinləri 386, tərəvəz əkinləri 487, ərzaq üçün bostan bitkiləri 129 hektarda aparılıb. Bu da onu göstərir ki, müqayisə edilən dövr ərzində rayon üzrə cəmi əkin aparılan ərazilərin miqyasında böyük artım əldə edilib. Sözsüz ki, görülən işlər bu sahədə məhsul istehsalına da öz müsbət təsirini göstərib.
Aqrar sahənin inkişafı, keyfiyyətli yem məhsullarının tədarükü kənd təsərrüfatının mühüm sahələrindən biri olan heyvandarlığın da inkişafına təkan verib. Kəndlərdə baytarlıq xidmətlərinin təşkili, baytarlıq xidmətləri üçün infrastruktur obyektlərinin yaradılması və lazımi avadanlıqlarla təchiz edilməsi, heyvanlar arasında yayılan xəstəliklərin qarşısının alınması, ümumilikdə, heyvandarlığın inkişafında, o cümlədən heyvandarlıq məhsullarının istehsalında artım əldə edilməsində mühüm rol oynayıb. 2000-ci ildə rayonda 10930 iribuynuzlu mal-qara, 68568 xırdabuynuzlu heyvan saxlanılırdı. 1 oktyabr 2015-ci il tarixə isə rayonda iribuynuzlu mal-qaranın sayı 14 min 956, xırdabuynuzlu heyvanların sayı isə 95 min 246-ya çatdırılıb. Bütün bu əldə edilən nəticələr muxtar respublikanın ərzaq təhlükəsizliyi sahəsində həyata keçirilən uzunmüddətli layihələrin bəhrəsidir.
Məskunlaşmanın artması sosial rifahın göstəricisidir
Muxtar respublika rəhbərinin doğma diyarımızın iqtisadi inkişafının yeni mərhələsində həyata keçirdiyi iqtisadi siyasətin əsas məqsədlərindən biri də əhalinin pul gəlirlərinin artmasına, sosial yaşayış imkanlarının yaxşılaşmasına nail olmaqdan ibarətdir. Bunun nəticəsidir ki, son illərdə muxtar respublikamızın bütün bölgələrində olduğu kimi, Culfa rayonunda da sakinlərin rifah halının yaxşılaşdırılması istiqamətində mühüm işlər görülür, sosial sferada bir sıra tədbirlər həyata keçirilir. Bu və ya digər tədbirlər əhalinin məskunlaşmasına da öz müsbət təsirini göstərir. Buna sübut olaraq demək olar ki, əgər 2003-cü ildə əhalinin şəxsi vəsaiti hesabına rayon ərazisində cəmi 0,5 min kvadratmetri əhatə edən şəxsi evlər tikilmişdisə, 2015-ci ilin yanvar-sentyabr aylarının göstəricilərinə görə rayonda əhalinin şəxsi vəsaiti hesabına tikilən evlərin ərazisi 26,5 min kvadratmetri əhatə edir.
Rayon sakinləri görülən işlərdən minnətdarlıqla danışırlar
Uca zirvələrin əhatəsində, dəniz səviyyəsindən 1200 metr yüksəklikdə yerləşən Gal kəndinin ağsaqqalı Qadir Həsənovla, kənd sakinlərindən Tahir Abdullayevlə yenicə istifadəyə verilən məktəb binası, kənd və xidmət mərkəzləri önündə söhbət edirik. Həmsöhbətlərim deyirlər ki, sovetlər dövründə bu kəndlər muxtar respublikanın, necə deyərlər, ən əlçatmaz, ünyetməz yerlərindən olub. Heç vaxt düşünməyiblər ki, nə zamansa bu kənddə də yeni binalar olacaq. Ötən günlərdə burada yeni məktəb binasının, kənd və xidmət mərkəzlərinin tikilməsi, yolun abadlaşdırılması hər kəsin böyük sevincinə səbəb olub. Bütün bu görülən işlərə görə kənd sakinləri adından dövlətimizə, muxtar respublikanın rəhbərinə minnətdarlıqlarını dilə gətirən həmsöhbətlərim göstərilən qayğının müqabilində hər kəsin səylə çalışacağına əminliklərini ifadə etdilər.
Bənəniyar kənd tam orta məktəbinin müəllimi Ələviyyə Nuri ilə bu ilin fevral ayında istifadəyə verilən məktəbdə həmsöhbət olduq. O dedi ki, 2015-ci il Bənəniyar kənd tam orta məktəbinin pedaqoji kollektivi və şagirdləri üçün xüsusilə əlamətdar olub, köhnə, uçuq-sökük kənd məktəbinin yerində yeni, ən müasir tələblərə cavab verən məktəb binası inşa edilib. Üçmərtəbəli, 666 şagird yerlik məktəb binasında 4-ü elektron lövhəli olmaqla, 37 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, 3 kompüter və 2 şahmat otağı, kitabxana, bufet, idman zalı və açıq idman qurğuları var. Xatırladım ki, bu tikili muxtar respublikada inşa edilən yüzlərlə məktəbdən yalnız biridir. Bütün bu görülən işlər bir daha əmin olmağa əsas verir ki, muxtar respublika təhsili özünün zəngin mütərəqqi ənənələrinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə, beynəlxalq təcrübəyə əsaslanaraq daha da inkişaf edəcək. Çünki bu inkişafın təməlində təhsilin inkişafına göstərilən diqqət, həyata keçirilən ardıcıl və məqsədyönlü işlər dayanır. Çalışacağıq ki, görülən işlərə əməli işimizlə cavab verək, gələcəyimiz olan uşaqları hərtərəfli biliyə malik, vətənpərvər nəsil kimi yetişdirək.
Əlincə kənd sakini Novruz Talıbovla söhbətimiz isə kənddə inşa edilən sosial obyektlərin sakinlərə faydası barədə olur. O deyir ki, 2014-cü ilin fevral ayında burada yenidən qurulan məktəb binasının, kənd və xidmət mərkəzlərinin istifadəyə verilməsi sakinlərin ürəyincə olub. Bu gün Əlincə Kənd Mərkəzində rabitə evi, polis sahə və baytarlıq məntəqələri, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, kitabxana, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, feldşer-mama məntəqəsi, mədəniyyət evi fəaliyyət göstərir. Bütün bu qurumlar kənd sakinlərinin yaxşı şəraitdə yaşamasına və işləməsinə, onların qarşılaşdığı problemlərin elə yerindəcə həllinə xidmət edir. Əvvəllər kənddə yeni bina inşa edilməsindən söhbət gedə bilməzdi. Ancaq indi hər şey dəyişilib, yeni binalar salınıb, yollar abadlaşdırılıb. Bütün bu görülən işlər isə kənd sakinlərinin kəndin işıqlı sabahına olan inamını, gördüyü işə, torpağa bağlılığını artırıb. İndi hər bir xırda çətinlik üçün rayon mərkəzinə getməyə ehtiyac qalmayıb. Kəndli üçün lazım olan hər şey yaxın, əlçatandır.
Culfa şəhərinin sakinlərindən Hüseyn Həbibov deyir ki, tarixi abidələr, çoxsaylı maddi-mədəniyyət qalıqları Azərbaycanın uzaq keçmişinin zənginliyini təsdiq etməklə yanaşı, eyni zamanda xalqımızın milli pasportu hesab edilə bilər. Bu abidələr Azərbaycan xalqının tarixini özündə yaşadan zəngin informasiya mənbəyi olmaqla yanaşı, xalqımızın bu torpaqların köklü sakinləri olduğunu danılmaz faktlarla sübuta yetirir. Bu mənada, rayon sakinlərinə dövlətimizin ən böyük töhfələrindən biri də Əlincəqala və Gülüstan abidələrinin bərpasıdır.
Bəli, son illərdə Culfa rayonu dövlət qayğısının ünvanına çevrilib. Bütün bu görülən işlər, əldə edilən uğurlar rayon sakinlərini ruhlandırır, onları yeni-yeni nailiyyətlər əldə etməyə sövq edir. Sakinlər üçün yaradılan potensial imkanlar, insanlarda qurub-yaratmağa böyük həvəsin olması bunu deməyə əsas verir ki, rayon daha da inkişaf edib çiçəklənəcək, onun sakinləri gələcəyə daha inamla addımlayacaqlar.
Səbuhi Hüseynov