Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasında 1990-1993-cü illərdə həyata keçirilən demokratik dövlət quruculuğu prosesi bütün Azərbaycana nümunə olmuşdu. Xalqa, Vətənə sədaqətlə xidmətin, qırılmaz tellərlə bağlılığın nümunəsi olan dahi şəxsiyyət üç tərəfdən düşmən hücumuna məruz qalan blokada vəziyyətindəki Naxçıvanın müdafiə qabiliyyətini gücləndirməklə yanaşı, həm də müstəqil dövlətimizin gələcək inkişaf strategiyasını müəyyənləşdirən tarixi addımlar atmışdı.
Bu fikirlər Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində “Ulu öndər Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda Naxçıvan Tibb Kolleci tələbələrinin iştirakı ilə keçilən növbəti açıq dərsdə səsləndirildi.
Heydər Əliyev Muzeyinin əməkdaşı Hicran Bədəlova ümummilli liderimizin xalqımız qarşısındakı tarixi xidmətlərindən danışaraq bildirdi ki, ölkəmizin son 40 ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi, bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi məhz xalqımızın böyük oğlu Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər ölkəmizə rəhbərlik etdiyi dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bildi, ölkənin gələcək uğurlu inkişaf strategiyasını müəyyən etdi və onun həyata keçirilməsi üçün mühüm addımlar atdı.
Azərbaycanın 1969-cu ildən bəri yaşanan dövrü xalqımızın tarixinə Heydər Əliyev dövrü kimi əbədi həkk olundu. Sovet dövründə, milli dövlətçilik anlayışının yasaq olduğu illərdə ulu öndər Heydər Əliyevin həyata keçirdiyi siyasət sayəsində Azərbaycan xalqının mənlik şüurunda “milli maraqlar” anlayışı dərindən kök saldı. Ötən əsrin 70-80-ci illərində həyata keçirilən tədbirlər 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpası ilə nəticələndi.
Vurğulandı ki, ulu öndər Heydər Əliyev 1993-cü il iyunun 15-də ölkəmizdə ikinci dəfə siyasi hakimiyyətə gəlməklə respublikanı xaosdan, anarxiyadan, parçalanmaqdan, yox olmaqdan xilas etdi. Bu hadisə xalqımızın çoxəsrlik tarixinə möhtəşəm hadisə kimi, Azərbaycan dövlətinin tarixinə Milli Qurtuluş Günü kimi həkk olundu. Çünki həmin gündən sonra Azərbaycanın hüquqi-siyasi və sosial-iqtisadi inkişafı, vətəndaş cəmiyyəti quruculuğu, cəmiyyət həyatının müxtəlif sahələrinin tərəqqisi istiqamətində ardıcıl işlər görüldü, aparılan islahatlar nəticəsində yalnız ölkəmizdə deyil, regionumuzda da çox böyük müsbət dəyişikliklər, mütərəqqi yeniliklər baş verdi.
“Ulu öndərin milli dövlətçilik konsepsiyası müstəqil dövlətçiliyimizin bundan sonrakı inkişafının bütün mərhələlərini əhatə edəcək qədər uzaqgörən və bəşəridir”, – deyən Hicran Bədəlova qeyd etdi ki, elə buna görə də prezident seçkilərində, eyni zamanda parlament seçkilərində xalqımız həmişə Heydər Əliyev siyasi xəttini yekdilliklə dəstəklədi, bununla həm əbədi liderinə qədirbilənliklə vəfa borcunu göstərdi, həm də Heydər Əliyev yolu ilə gələcəyə doğru getməkdə qətiyyətli olduğunu sübut etdi. Çünki Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilib zənginləşdirilməsi, dövlət müstəqilliyimizin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, onun beynəlxalq nüfuzunun sürətlə artması məhz Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün oldu. Ulu öndər öz müdrik rəhbərliyi, siyasi uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı ilə zəmanəmizin görkəmli siyasi xadimi kimi tanındı, Azərbaycan xalqının ümummilli liderinə çevrildi.
Rauf Əliyev